"Təxribatlar İranın qorxaqlığı və zəifliyini göstərir" - Barux Leviev (Müsahibə)

 "Təxribatlar İranın qorxaqlığı və zəifliyini göstərir" -  Barux Leviev (Müsahibə)
  07 Oktyabr 2021    Oxunub:9002
Bir il öncə Vətən Müharibəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə başa çatdı. Bundan sonra regionda sabitlik yaransa da, təəssüf ki, son zamanlar bölgəmizi təhdid edən davranışlar müşahidə olunmaqdadır. İran Azərbaycanın cənub sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirərək, ölkəmizin əleyhinə bir sıra arzuolunmaz ittiham və fikirlər səsləndirir. Rəsmi Tehranın regionu yeni münaqişə ocağına çevirmək cəhdlərində, bununla bağlı absurd iddialarında İsrailin də adı hallanır.
İsrailin tanınmış ictimai xadimi, “Yerusəlimin əli” təşkilatının rəhbəri Barux Leviev Azvision.az -a müsahibəsində deyib ki, son hadisələr iki ölkə arasında olan dostluq bağlarını daha da möhkəmləndirib.

- Öncə onu deyim ki, ötən il Qarabağ Müharibəsi baş verən zaman İsraildə Azərbaycana dəstək göstərən, azərbaycanlıların haqq işini təbliğ edən, bu istiqamətdə fəallıq göstərənlərdən biri də mən olmuşam. Maksimum çalışırdım ki, müxtəlif media resurslarında, eləcə də sosial şəbəkələrdəki informasiya savaşında dost ölkəyə dəstək olum. Unutmaq olmaz ki, bizdə - İsraildə xeyli sayda ermənilər yaşayır, erməni diasporu fəaliyyət göstərir. Onların arasında tanışlar, qonşu və s. ünsiyyətdə olduğumuz şəxslər də var idi ki, məlum məsələlərə görə hətta müəyyən şifahi konfliktlər də yaşayırdıq. Yəni əslində bu cür təbliğat işləri o qədər də asan başa gəlmirdi. Şəxsən mən Qafqaz doğumluyam. Nənəm Qubada yaşayıb. Özüm isə Dağıstanda dünyaya göz açmışam. Ona görə də bizi bu gözəl ölkə ilə çox şey bağlayır. İctimai fəaliyyətimi aktiv şəkildə qurur, tez-tez bizim Qafqaz cəmiyyətinin İsraildə diaspor işləri ilə məşğul oluram.

- İsraildə ölkəmizin haqq işinə informasiya dəstəyi nə qədər effektli idi?
- İsrail mediasında bu yöndə yazıların getməsinin əhəmiyyəti böyük idi. Çünki rus dilində çoxlu sayda informasiyalara rast gəlmək olar. Amma ivrit dilində mövzu ilə bağlı məlumat xeyli az idi. Əvvəlki müharibə zamanı bizdə ivrit dilində reallıqları yazıb, danışıb effektli iş aparanlar az olurdu. Yəni İsrail-Azərbaycan dostluğunun təbliği, güclənməsi istiqamətində iş görənlər elə də çox deyildi.

- Bəzən deyirlər ki, guya iki ölkəni bir-birinə dost edən iqtisadi maraqlardır. Bu cür yanaşma nə dərəcədə doğrudur?
- Münaqişə bitdikdən sonra əlaqələrimiz daha da möhkəmlənib. Bu ona görə baş vermir ki, bizim hərbi-iqtisadi maraqlarımız var. Xeyr! Əlaqələrimiz məhz dostluq əsasları ilə güclənir. Bəziləri deyirlər ki, sizin dostluğunuzda öz maraqlarınız var, onlar neft, siz isə silah satırsınız və s. Xeyr, əsla belə deyil. Hər iki xalq fərqli səbəblərdən dostluq tellərini daha da möhkəmlədir. Bizdə, İsraildə insanlar ötən il həqiqətən də narahat olur və Azərbaycanın tərəfini saxlayırdılar. Çünki hamımız gözəl anlayırıq ki, müsəlman ölkəsi olan Azərbaycanda yəhudilər çox yaxşı yaşayırlar. Hətta bu bir çox ölkələrə nümunədir. Belə hallar əksər ölkələrdə, Rusiya, hətta Şimali Qafqazda da yoxdur. Mən gözəl bilirəm ki, sizin ölkədə nəinki yəhudilərə, ruslara, digər xalqlara da həddindən artıq xoş münasibət sərgilənir. İsrail kimi demokratik dövlət üçün bu amillər çox vacibdir. Bizim üçün vacibdir ki, Azərbaycan inkişaf edir, bütün sahələrdə liderlik etməyə çalışır, tolerant, demokratik ölkə olaraq qalır və düşünürəm, onu gələcəkdə xeyli uğurlar gözləyir. Bax, bu cür faktlar israillilər üçün çox önəmlidir. Rusdilli yəhudilər zatən bu nüansları bilirdilər, yalnız ivrit dilində danışanlar isə yaxından tanış olub, məlumatlandılar. Ona görə də düşünürəm ki, biz məhz bu dostluq səbəblərindən bağlarımızı daha da gücləndirdik. Azərbaycan bizim üçün nədir, azərbaycanlılar kimlərdir, bura necə bir ölkədir və s. məsələlər gündəm oldu. İnsanlarda keçmiş konfliktlə bağlı xeyli suallar yaranmışdı. Və beləcə, bizə də geniş publikaya Azərbaycan haqqında çox vacib informasiyaları çatdırmaq mümkün oldu. Göstərdik ki, bu dostluq, qarşılıqlı əlaqələr, iki xalqın bir-birinə sıx bağlılığı nə qədər vacibdir.

- İsrail xalqı Qarabağın işğalına son qoyulmasını necə qarşıladı? Belə işlərdə təcrübəli ölkə kimi Azərbaycana bundan sonra üçün hansı məsləhətləriniz olardı?

- Biz çox şadıq ki, haqq-ədalət yerini tapdı. Hər şey öz yolunda gedir, işləriniz normal qaydada davam edir. Amma unutmaq olmaz ki, necə deyərlər, düşmən oyaqdır və dünyada həddindən artıq fərqli qlobal proseslər, dəyişikliklər gedir! Bilinmir ki, nə, hara, necə hərəkət edir... Ona görə də heç vaxt öz haqqını, həqiqətlərini unutmaq olmaz. Onu hər zaman kütləyə daşımaq lazımdır. Öz xalqını isə daha çox vətənpərvərlik ruhunda tərbiyə etmək gərəkdir. Bundan başqa qonşularla dostluq əlaqələri qurulmalıdır. Nəinki qonşular, bütün Avropa ölkələri, ABŞ, İsrail və müsəlman dövlətləri ilə dostluğu sabit saxlamalı, isti münasibətlər qurulmalıdır. Azərbaycanda bu, yaxşı alınır.

- Son zamanlar cənub sərhədlərimizdə cərəyan edən prosesləri necə qiymətləndirərdiniz?
- Mən yəhudi olduğum üçün sizinlə İranın arasında yaranmış fikir ayrılıqlarına qarışmaq istəməzdim. Çünki iki müsəlman ölkəsi kimi siz dostlaşmalısınız. Onlar sizin qardaşlarınız sayılırlar. Çox istərdim ki, aranızda hər zaman sülh, əmin-amanlıq olsun. Bütün bu kimi konfliktlər isə bizə sərf etmir! Yenə bir çoxları başlayacaqlar ki, guya bu, İsrailə sərf edən bir fikir ayrılığı və ya konfliktdir, silah məsələləri olacaq və s. Bunlar mənasız fikirlərdir. Çünki bu regionda da Yaxın Şərqdəki kimi, istənilən konflikt xeyli fərqli faktorlardan xəbər verir və müsbət heç nə vəd etmir. O, qlobal konfliktə çevrilə bilər. Ona görə də biz İran və Azərbaycandan uzaqda olmayan qonşu ölkə kimi bu cür konfliktlərdə qətiyyən maraqlı deyilik. Xeyli şad olardıq ki, bölgədə sülh hökm sürsün, bir-birimizə rahat şəkildə qonaq gedib-gələ bilək. Hətta İranla da bu cür münasibətlərin yaranmasını çox arzu edərdik. Baxmayaraq ki, onlar bizi daimi olaraq təhdid edirlər. Şəxsən mən özüm də bunun şahidiyəm və az qala hər gün ünvanımıza fərqli hədələr yağdırılır. Ancaq fərqi yoxdur. Əsas odur, bölgədə əmin-amanlıq, sülh yaradılsın, heç bir yeni müharibə baş verməsin. Amma buna baxmayaraq, son günlər gördüklərimiz bir faktdır… Əlbəttə ki, bu da təəssüf doğurur.

- Regionda yenicə sabitliyin yarandığı vaxtda niyə məhz İran gərginliyə səbəb oldu?
- Şəxsən mənim fikrim belədir ki, burada müəyyən ərazilərə təsir etmək uğrunda mübarizə gedir. Bölgədə böyük ölkələr var- Türkiyə, Rusiya. Elə İranın özü də bu siyahıdadır. Tarixin dərinliklərinə nəzər salsaq, görərik ki, zamanında onlar da regiona böyük təsir gücünə malik olublar. Ona görə də, imperiya ambisiyaları yoxa çıxmayıb, hazırda davam edir. Onlar regiona təsir imkanlarını itirmək istəmirlər. Beləcə, hazırda bölgəyə təsir uğrunda mübarizə gedir.
Soruşa bilərsiniz ki, nə üçün İranın təsiri təkcə bizə deyil, çoxlarına dəhşətli görünür? Çünki indi biz region ölkələrinə - Türkiyəyə, Rusiyaya baxsaq görərik ki, onlarda hər şey öz qaydasında gedir. Ankarada işlər normaldır, ora demokratik ölkədir, müxtəlif qitələrdə bir çox dövlətlərlə sıx əməkdaşlıq edirlər. Biz bu mövzuda heç nədən ehtiyat etmir və qorxmuruq. Əgər İranın daxilindəki proseslərə nəzər salsaq görərik ki, onlar öz doğma xalqlarına qarşı belə təqib, təzyiq və repressiyalardan istifadə edirlər. Çoxsaylı azərbaycanlıların İranda hansı şəraitdə yaşadıqlarını unutmaq olmaz. Necə deyərlər, onlar üçün də bu vəziyyət “şirin görünmür”... Bütün bunları biz gözəl bilirik. Ona görə də, burada ehtiyat etməli yeganə məsələ İranın təsir istəkləridir. Çünki İran öz daxilində belə heç bir demokratik meyllər sərgiləmir, tam diktatura qurub, hökumət nə istəyirsə, onu da edir. Burada daimi olaraq ictimai cəzalar yaşanır. Hər kəs bunu müşahidə edir və onu da yaxşı görür ki, Tehran hazırda bütün bölgəyə məhz belə bir mənasız şəkildə təsir etməyə çalışır. Bu səbəbdən də biz istəməzdik ki, İranın regiona təsirini görək. Qısası, hazırkı sadaladığım mübarizə həqiqətən də heç kimə lazım deyil. Amma nə etmək olar? Əgər İran tərəfindən belə bir aqressiya yaşanırsa, o zaman özünü müdafiə etmək lazımdır.

- Bəs İsrailin son hadisələrlə bağlı mövqeyi necədir? Xalq bu məsələdə də Azərbaycanın yanındadırmı?
- Bir daha təkrar edirəm, regionda heç bir ciddi konfliktin yaşanmasını arzu etməzdik. Allah eləsin, hər şey sülhlə yoluna qoyulsun. Amma İsrailin və xalqın mövqeyi birmənalı olaraq bəllidir. Biz əlbəttə ki, Azərbaycan tərəfində dayanacağıq! 100 faiz əminəm ki, İsraildə olan diaspor təşkilatları hər iki əlilə Azərbaycanın tərəfini saxlayacaq. Bu, bütün mövzularda belə olacaq! Həm ticarət, həm hərbi dəstək, həm də iqtisadi planda dediyim kimi olacaq. Təbliğat məsələlərinə gəldikdə isə, biz İkinci Qarabağ müharibəsi zamanı necə Azərbaycanla yanaşı dayanmışdıqsa, baş verəcək yeni problem zamanı da oxşar addımlar atacağıq. Amma həqiqətən də ümidliyik ki, heç bir ciddi konflikt yaşanmayacaq, bütün anlaşılmazlıqlar sülh yolu ilə həll ediləcək.

- Sizcə, yeni gərginlik fonunda İran rəsmilərinin İsrailin adını hallandırması anormal səslənmirmi?
- Bəli, biz axır vaxtlar eşidirik ki, İran tərəfi oxu İsrailə atmağa çalışır: guya yeni münaqişədə günahkar bizik və s. Əlbəttə ki, bu, cəfəngiyatdır. Hamımız anlayırıq ki, İranda Türkiyəyə qarşı çıxdığını kəkələyəcək qədər cəsarət yoxdur. Hər kəs onu yaxşı bilir ki, bu yeni gərginlikdə İsraillik bir iş yoxdur. Dönə-dönə təkrar edirəm - bizə belə bir konflikt lazım deyil və sərf də eləmir. Sadəcə, onlar bütün bu işlərdə kimisə ittiham etməli idilər və belə bir hədəf də tapıblar. Çalışırlar ki, nəinki sizi, elə bizi də təxribata çəksinlər. Diqqəti əsas problemdən yayındırmağa cəhdlər edirlər və dediyim kimi, problem də elə Tehranın özüdür. Günahı İsrail xalqı və dövlətinin üzərinə atmaq cəhdləri boş səylərdir. Bütün bu təxribatlar onların səriştəsizliyini, qorxaqlığını, zəifliyini göstərir. Ona görə də, əminəm ki, onların dediyinə ciddi yanaşan yoxdur. Hamı bilir ki, köklər haradan su çəkir.

Tural Tağıyev
Azvision.az


Teqlər: İran   İsrail   Qarabağ   Yəhudi   Konflikt   Sərhəd   Diaspor  





Xəbər lenti