NATO-nun baş sındırdığı məsələni Azərbaycan necə həll etdi – Ədalət Verdiyevin yazısı

   NATO-nun baş sındırdığı məsələni Azərbaycan necə həll etdi –    Ədalət Verdiyevin yazısı
  11 Oktyabr 2021    Oxunub:3629
Hazırda Vətən Müharibəsinin təcrübəsi bir çox inkişaf etmiş ölkələrin orduları tərəfindən öyrənilir. HATO və KTMT də istisna deyil. NATO daha geniş imkanlara və döyüş təcrübəsinə malik olsa da, son 20 il ərzində rəqibi KTMT-nin HHM sisteminin yarılması onun üçün həll olunmayan məsələlər sırasında prioritet vəzifə olaraq qalmaqdadır.
KTMT-ni öz təhlükəsizliyini təmin edə bilməyən, müasir ordu yaratmağa nail olmayan və buna görə də Rusiyanın orbitində toplaşmağa məcbur qalan dövlətlərin klubu da adlandıra bilərik. Bu çarəsiz ölkələrin siyahısına uzun illərdir ki, Ermənistan başçılıq edir. KTMT Rusiyanın NATO-nun Şərqə doğru genişlənmısini mümkün qədər əngəlləmək məqsədilə yaradılan hərbi təşkilatdır. Odur ki, KTMT-də söz sahibi olan Rusiya hansısa üzv ölkənin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini prioritet hesab etmir. Üzv dövlətlər isə daha çox Rusiyanın özündən qorunmaq və Kremlin imkanlarından yararlanmaqla təhlükəsizliklərini təmin etmək məqsədilə bu bloka daxil olublar.

Blokun genişlənməsi Rusiya büdcəsinə müəyyən qədər ziyan vursa da, Kremlin hərbi-siyasi maraqlarına cavab verir. Rusiya hazırda Özbəkistanın yenidən KTMT-yə daxil edilməsi üçün çox çalışır, amma bunun nəticə verəcəyi real görünmür. Çünki rəsmi Daşkənd son illərdə hərbi sahədə Türkiyə və Pakistanla əməkdaşlığa üstünlük verir. Özbəkistan hazırda Ermənistan ordusunun Azərbaycan tərəfindən darmadağın edilməsi fonunda KTMT-nin hərbi blok kimi əhəmiyyətsiz olduğunu da yaxşı anlayır. Başqa sözlə desək, Rusiyanın KTMT-ni genişləndirmək səyləri nəticə vermir. Vətən Müharibəsinin nəticələri isə həm KTMT sıralarında seyrəlməyə, həm də NATO-nun Azərbaycana marağının daha da artmasına gətirib çıxara bilər. İddianın birinci hissəsini izah etmək üçün 6 il əvvələ qayıtmalıyıq.


Ermənistan 2015-ci ilin dekabrında Rusiya ilə “Hava Hücumundan Vahid Müdafiə Sistemi”nin yaradılması haqqında saziş imzalamaqla özünün işğal siyasətini zəmanət altına aldığını düşünürdü. İrəvan bu razılaşma çərçivəsində Rusiya ilə hava hücumundan müdafiə və hava məkanına nəzarət sistemlərinin vahid idarəetmə altında fəaliyyətini və real vaxt rejimində məlumat mübadiləsi aparılmasını nəzərdə tuturdu. KTMT-nin Qafqaz bölgəsində vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişin bir hissəsi olaraq, Rusiya Ermənistanı müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərilə təchiz etməyi də öhdəsinə götürmüşdü. Ermənistanın hava hücumundan müdafiə sistemini gücləndirməli olan əlavə zenit-raket qurğularının İrəvana pulsuz ötürülməsi də təmin edilirdi. Amma sadalananların heç biri Ermənistanı başına endiriləcək “Dəmir Yumruq”dan xilas etmədi.
Baş verən hadisələrin fonunda KTMT üzvü olan bəzi ölkələrin, əsasən Orta Asiya ölkələrinin və Ermənistanın bu təşkilatda üzvlüklərini davam etdirmələri üçün heç bir tutarlı əsasları qalmır. Özbəkistanın atdığı addımlar və KTMT-yə təkrar qoşulmaq təklifinə rədd cavabı verməsi də iddiamızı qismən tamamlayır.


İddianın “NATO-nun Azərbaycana marağı daha da arta bilər” hissəsini izah etmək üçün isə cəmi 1 il əvvələ qayıtmalıyıq. 44 günlük döyüş əməliyyatlarının ilk günlərindən Ermənistan ordusunun Qarabağ ərazisində yerləşdirilən və Qarabağa yaxınlaşmağa cəhd edən bütün HHM sistemləri, o cümlədən, “S-300” hava hücumundan müdafiə komplekslərinin Xankəndidən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun intensiv atəş zərbələri altına düşdü. Azərbaycan Silahlı Qüvvələrinin kamikadze və zərbə PUA-ları əməliyyatların ilk həftəsi ərazində Ermənistanın HHM sistemini darmadağın etdilər. “S-300” kompleksinin atıcı qurğusuna və digər müasir sistemlərə endirilən “Harop” zərbələri mütəxəssislər tərəfindən Ermənistanın HHM sistemi üçün “Sonun başlanğıcı” kimi dəyərləndirildi. Hər gün düşmənə məxsus həm HHM, həm də REM vasitələrinin kütləvi şəkildə zərərsizləşdirilməsi Azərbaycanın Həqbi Hava Qüvvələrinə və Dövlət Sərhəd Xidmətinə məxsus pilotlu/pilotsuz vasitələrinin havada mütləq üstünlük əldə etməsi ilə nəticələndi.

NATO-nun formal olaraq KTMT, faktik olaraq Rusiya tərəfindən yaradılan “Vahid Hava Hücumundan Müdafiə Sistemi”ni yarmaq üçün 20 il baş sındırdığı bir problemin həllini Azərbaycan Ordusu 44 günlük Müharibədəki praktiki fəaliyyətləri ilə nümayiş etdirdi. Buna aid çoxlu vizual görüntülər də mövcuddur.


KTMT blokunun HHM sisteminin zəif nöqtələrini tapmaq üçün NATO-nun hər il külli miqdarda vəsait xərclədiyi kimsəyə sirr deyil. KTMT-nin HHM sistemini yarmaq isə NATO-nun daimi prioritet vəzifəsidir. Azərbaycanın pilotlu və pilotsuz aviasiyanı qarşılıqlı əlaqədə tətbiq etməklə KTMT-nin “Vahid Hava Hücumundan Müdafiə Sistemi”ni Vətən Müharibəsinin ilk həftəsi ərzində darmadağın etməsi Qərb mütəxəssisləri üçün hələ də müəmma olaraq qalır. Odur ki, hazırda NATO Azərbaycan təcrübəsini öyrənmək imkanı əldə etməyə çalışır. Blok Azərbaycan tərəfinin digər sahələrdəki döyüş təcrübəsi ilə də yaxından maraqlanır. Alyansın ali hərbi nümayəndələrinin oktyabrın 4-dən 8-nə qədər Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” komanda-qərargah təlimlərini onlayn formatda izləmələri də NATO-nun regiona, xüsusilə də KTMT-yə “ustad dərsi” verən Azərbaycana marağının artması ilə izah olunur.


Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün

Müəllifin digər yazıları:

“İslam dövləti”!? Güldürməyin... – Ədalət Verdiyevin yazısı
3 dostun silahla verdiyi mesaj: “Eternity” təlimləri nə üçün önəmlidir – Ədalət Verdiyevin yazısı
Əzrayılın Cəbrayıldan qovulması: 4 illik hazırlığın 44 gün sürən yekunu – Ədalət Verdiyevin yazısı
Atmadığımız raket, yaxud erməni ekspertin SOM nağılı – Ədalət Verdiyevin yazısı



Teqlər: KTMT  





Xəbər lenti