"Balıqqulağı" əməliyyatı: İran İsraildən gizli yolla necə silah alırdı - FOTOLAR

  "Balıqqulağı" əməliyyatı:  İran İsraildən gizli yolla necə silah alırdı -  FOTOLAR
  13 Oktyabr 2021    Oxunub:8346
İranın siyasi isteblişmentini təmsil edən rəsmi şəxslərinin Azərbaycan liderinin sərt və əsaslı fikirlərinə toxunub çiliklənən əsassız və yersiz çıxışları davam edir. Onların əsas kütləsi hiss olunmadan fəzada əriyib yox olsa da, müəyyən mesajlar qalır və ölkəmizin bundan sonrakı xarici siyasətinin formalaşması üçün farvater rolunu oynayacaq.
Azərbaycanı “Twitter”də aşkar nifrətlə suçlayan, İsraili regiona gətirməkdə ittiham edən İranın ali lideri ayətulla Seyid Əli Hüseyni Xameneyi İran təbliğatının fundamental əsaslarını ikicə saniyədə sarsıdacaq və İran-İsrail hərbi-iqtisadi əlaqələrinə işıq salacaq faktlar barədə susur.



1979-cu ilin oktyabrında ayətulla Ruhulla Musəvi Xomeyni bütün islam ölkələrini İsrailə müqəddəs müharibə elan etməyə və onunla bütün əlaqələri kəsməyə çağırmışdı. O zaman İran İslam Respublikası konstitusiyasının onuncu bəndində bu ölkənin xarici siyasətinin qısa düsturu peyda oldu. Orada “dünya müsəlmanlarına münasibətdə qardaş öhdəlikləri”, “islam dünyasında əziyyət çəkənlərin sözsüz müdafiəsi” və dünyada yəhudi dövlətinə yer olmaması haqda yazılmışdı.

Lakin İranın öz varlığını sürdürməsi üçün multistandart fars diplomatiyası ilə istənilən dolayı əlaqələri və kollaborasiyanı dəqiq hesablayan yəhudi lobbisinin qarşılıqlı münasibətlərinə ehtiyacı vardı. 1980-ci ildə başlayan İran-İraq münaqişəsi ilə İranın öz keçmiş müttəfiqi və indiki “rəsmi düşməni” ilə münasibətləri başqa müstəviyə keçdi. Bunda Tehrana silah embarqosu tətbiq edən ABŞ-ın mühüm rolu oldu.


Baş naziri Menahem Beginin vaxtında İsrail ixrac etdiyi silahın, döyüş sursatının, hətta hərbi texnika və aviasiya vasitələrinin yarıya yaxınını İrana göndərməyə başladı. O zaman İranın Silahlı Qüvvələrinin arsenalı əsasən xaricdən təmin olunurdu.
Silah və hərbi texnika üçün detalların idxalı İsrailin vasitəçiliyi ilə üçünçü ölkələrin ərazisindən, müvəqqəti maliyyə qurumlarının və saxta şirkətlərin köməyilə ciddi gizlilik rejimində reallaşdırılırdı. Nəqliyyat kimi isə mülki aviasiyadan və icarə olunmuş, yad bayraqlar altında üzən gəmilərdən istifadə olunurdu.

“Silah baronu” Əhməd Heydərinin sözlərinə görə, Afinada yerləşən mənzil-qərargahdakı, Kipr Respublikasının Larnaki hava limanındakı logistik mərkəzdəki silahın 80%-ni Tehran müharibə başlayandan dərhal sonra birbaşa İsraildən alırdı.


“Seashell” (Balıqqulağı) gizli əməliyyatı çərçivəsində İrana tədarük olunan silah birbaşa “Israel Military Industries”, “Israel Aircraft Industries” və İsrailin Müdafiə Ordusu anbarlarından gəlirdi. İran məhz onların sayəsində İraq ilə müharibəyə başlayanda bərbad durumda olan aviasiyasının təmirini və təchizatını qısa müddət ərzində yoluna qoya bildi.

İlk vaxtlar aviadaşıyıcı rolunda Argentinanın “Transporte Aéreo Rioplatense” təyyarəsi çıxış edirdi, lakin 1981-ci ildə Ermənistan SSR ərazisində uçan “Canadair CL-44”ün bortunda baş verən insident və qəzadan sonra İrana silah tədarükü ancaq dəniz yoluyla reallaşdırılmağa başladı...

İsrail ilə bütün əməkdaşlıq dövründə İran ondan 150 ədəd M40 geri təpməyən top və külli miqdarda 106 mm-lik mərmi, ehtiyat hissələri və zirehli texnika, aviasiya detalları, 130/175/203 мм-lik haubitsa və top mərmiləri, yaxın mənzilli “MGM-52 Lance” ballistik raketləri, özügedən və yedəkdə aparılan lüləli artilleriya sistemləri üçün M712 Copperhead yarım-aktiv lazer tuşlamalı 155 mm-lik yüksək dəqiqliyə malik, kumulyativ-fuqas idarə olunan mərmilər, 18 ədəd MIM-23 zenit-raket kompleksi üçün 300 ədəd orta mənzilli “yer-hava” HAWK raketləri, 45000 ədəd Uzi tapança-pulemyot və s. alıb.


Ancaq ən önəmli silahlar TOW TƏİR-ləri (tank əleyhinə idarə olunan raket - red.) qurğusu və onlara aid 2500 ədəd idarə olunan raket idi. Onlar ordu döyüş maşınlarına və “AN-1 Cobra”lara montaj etdikdən sonra İraq zirehli texnikasının və vertolyotlarının qorxulu yuxusuna çevrildilər.

İsrailin “Jaffe Institute for Strategic Studies” qurumunun verdiyi məlumata görə, 1981-1983-cü illərdə gizli silah sövdələşməsinin məbləği illik 500 milyon dollara çatırdı. Bu mövzunu son dərəcə dəqiq araşdıran Amerika mediasının yaydığı informasiyalarda deyilir ki, İsrail ilə qeyri-rəsmi əməkdaşlıq sayəsində İran il ərzində bir milyard dollarlıq silah, sursat, döyüş texnikası və mərmi alıb ki, indiki qiymətlərlə bu, ən azı dörd dəfə böyük məbləğ edir.

Bu barədə ABŞ hökümətinin rəsmi hesabatı da var ki, İran ilə İsrail arasındakı gizli əməkdaşlığın illik həcmi 2 milyard dollar həcmində dəyərləndirir və bu yuxarıda göstərilən məbləğin müasir ekvivalentinin avtomatik olaraq iki qatı deməkdir.

Üstəlik İran ödənişlərin bir qismini neft qiymətlərinə uyğun olaraq güzəştli formada edib və bu da İsrailin Latın Amerikasından olan tədarükçülər qarşısında müstəqil olmasına şərait yaradıb.


Sadə şəkildə ifadə etsək, İran rəsmi olaraq düşmən elan etdiyi dövlət ilə sadəcə əməkdaşlıq etməyib, o, ərəb dünyasından olan və İsraili iqtisadi yollarla Fələstinə münasibətinə yenidən baxmağa məcbur etmək istəyən “müsəlman qardaşlarını” satıb.

Döyüşlərin ən qızğın çağında ayətulla Xomeyni qəflətən sirli bir şəkildə İsrailə qarşı “müqəddəs müharibə” haqqında tezisləri unutdu. 1985-ci ilin oktyabrında isə yəhudi dövlətinin əsas beynəlxalq təşkilatdan çıxarılması ilə bağlı BMT-yə verdiyi təklifini ümumiyyətlə geri götürdü. Bu zaman xalq kütlələri ayətullanın ikibaşlı oyununu anlamasınlar deyə, İran KİV-ləri var gücləri ilə bağıraraq, başlıca silah tədarükçüsü olan İsraili “kiçik şeytan” adlandırmağa başladılar.

Hans Kloss,
Nadir Qocabəyli

Azvision.az


Teqlər: İran   İsrail   Silah-alveri  





Xəbər lenti