Prezident akademiklə vidalaşdı
Monitorda mərhum akademikin elmi nailiyyətlərini, AMEA-nın prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konfranslardakı çıxışlarını əks etdirən videomateriallar nümayiş etdirilib.
AMEA-nın binasının qarşısında da dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər, o cümlədən respublikanın elmi ictimaiyyəti adından əklillər düzülüb.
İlham Əliyev Azərbaycan elminin görkəmli nümayəndəsi Mahmud Kərimovun son mənzilə yola salma mərasimində iştirak edib. Zalda Azərbaycan Prezidenti İlham Əliyevin adından əklillər qoyulub.
Dövlətimizin başçısı görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verib.
Sonra matəm mitinqi oldu.
Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, görkəmli alimin həyat və yaradıcılığından danışdı, onun vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu bildirib.
Sonra akademiklər Vaqif Fərzəliyev, Akif Əlizadə, İsmayıl Hacıyev, Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev çıxış edərək böyük alim Mahmud Kərimovun əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir diləyib.
Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşıblar.
Sonra görkəmli alim, akademik Mahmud Kərimovun cənazəsi AMEA-nın binasından qaldırılaraq Fəxri xiyabana gətirilib.
Burada mərhumun ruhuna dua oxunub. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim, əsl vətəndaş və gözəl insan Mahmud Kərim oğlu Kərimovun cənazəsi doğma torpağa tapşırılıb. Məzarın üzərinə əklillər, gül dəstələri düzülüb.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!