Timoşenkonun gizli səs yazısı yayıldı - VİDEO

Timoşenkonun gizli səs yazısı yayıldı - VİDEO
  25 Mart 2014    Oxunub:1224
Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun şəxsi telefon danışığı YouTube-a qoyulub.

AzVision.az xəbər verir ki, yazıda Timoşenko Ukraynadakı ruslar barədə sərt danışır və onların atom bombası ilə öldürülməli olduğunu deyir.

Səs yazısını Youtube-a qoyan "Sergiy Veçirko" iddia edir ki, telefon söhbəti martın 18-də - Krımda Rusiyaya birləşmə haqda referendumun keçirilməsindən 2 gün sonra olub.
Həmin şəxs Timoşenkonun telefonla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Nestor Şafriçlə danışdığını deyir.

Şafriç Krımdakı vəziyyətdən şikayətləndiyi vaxt Timoşenko onun sözünü kəsərək “Cəhənnəm olsunlar, biz silahlanıb o lənətə gəlmiş katsapları (ruslar haqda aşağılayıcı ifadə) və onların rəhbərini öldürməliyik” deyir.

Timoşenko daha sonra əlavə edir: “Heyf ki, indi orda deyiləm, yoxsa onlar Krımı məndən ala bilməzdilər”.

Şafriç Timoşenkodan soruşur ki, onların ümumi tanışı olan “Viktor” Kiyevin Ukrayna ərazisində yaşayan 8 milyon rusla bağlı nə etməli olduğu ilə maraqlanır.
“Biz onları atom silahı ilə vurmalıyıq” – Timoşenko cavab verir.

Timoşenko twitterdə yazıb ki, belə bir telefon danışığı həqiqətən olub, amma xeyli montaj edilib ki, həddən ziyadə antirus məzmunlu bir söhbət təsiri bağışlasın.

8 milyon rusa gəldikdə isə Timoşenko iddia edir ki, o, əslində belə deyib: “Ukraynadakı ruslar elə ukraynalıların özləridir”.

Daha sonra əlavə edib: “FSB-yə salamlarJ” (FSB - Rusiyanın Təhlükəsizlik Xidməti).

Bu səs yazısı bir neçə ay əvvəl gizli şəkildə yazılan başqa bir telefon söhbətini yada saldı.
ABŞ Dövlət Katibinin köməkçisi Viktoria Nuland Qərb ölkələrinin Ukrayna siyasəti ilə bağlı danışanda “Avropa Birliyi ..." ("rədd olsun” mənasında) demişdi.

Bu da yaxın müttəfiq olan ABŞ və Avropa Birliyi arasında münasibətlərə xoş olmayan çalar əlavə etmişdi.

Qeyd edək ki, Timoşenko həbsdən keçən ay buraxılıb. Onu siyasi rəqibi – prezident Viktor Yanukoviçin devrilməsindən sonra azadlığa buraxıblar. O, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üç ilə yaxın həbs cəzası çəkib.

Tərəfdarları deyir ki, həbs qərarı siyasi motivli olub.



"Azadlıq" radiosu


Teqlər:





Xəbər lenti