Rəsmi: İtən Boinqin düşdüyü yer hələ də dəqiqləşməyib

Rəsmi: İtən Boinqin düşdüyü yer hələ də dəqiqləşməyib
  26 Mart 2014    Oxunub:989
Malayziyaya məxsus “Boeing 777-200” təyyarəsinin Hind okeanına düşdüyü yer hələ də dəqiqləşdirilməyib.

Süni peyklərdən alınan yeni məlumatlara baxmayaraq, Malayziya Hava Yollarına məxsus “Boeing 777-200” təyyarəsinin Hind okeanına düşdüyü yer hələ də dəqiqləşdirilməyib. AzVision.az xəbər verir ki, malayziyanın nəqliyyat naziri vəzifəsini icra edən Hişamuddin Hüseyn bu barədə martın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

H.Hüseyn deyib ki, “Biz şimal dəhlizində və cənub dəhlizinin şimal hissəsində axtarışları dayandırmışıq. Bütün diqqət cənub dəhlizinə yönəldilmişdir. Hazırda əsas vəzifə axtarış zonasını daha da daraltmaqdan ibarətdir”.

Süni peyklərdən alınan məlumat əsasında əvvəlcə iki axtarış zonası müəyyən edilmişdi. Şimal dəhlizi Qazaxıstanın və Türkmənistanın sərhədlərindən Tailandın şimalınadək, cənub dəhlizi isə İndoneziyadan Hind okeanının cənubunadək əraziləri əhatə edirdi. Martın 24-də elan edilmiş məlumatlara əsasən, təyyarənin Hind okeanının cənubuna, Avstraliyanın Pert şəhərindən şərqdə okeana düşdüyü bildirilib.

H.Hüseyn bildirib ki, hazırda axtarış zonasına Çinin altı gəmisi daxil olmuşdur. Bu gəmilərin MH370 reysinin düşdüyü ehtimal edilən əraziyə sabah səhər yaxınlaşacaqları gözlənilir. Axtarışlara “Syuelun” buzqıran gəmisi də cəlb edilib.

Martın 25-də ölkə parlamentində çıxış edən H.Hüseyn bəyan edib ki, okeana düşən təyyarənin “qara qutu”sunun axtarışları davam etdiriləcək.

Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxıb. Lakin sonradan süni peyklərdən alınan məlumatların təhlili göstərmişdir ki, təyyarə kəskin dönüş edərək Hind okeanına istiqamət götürmüş və burada qəzaya uğrayaraq batıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

AzərTAc


Teqlər:





Xəbər lenti