Azərbaycan şərabları “Winart” jurnalında

Azərbaycan şərabları “Winart” jurnalında
  26 Mart 2014    Oxunub:1586
Azzvision.az Azərtac-a istinadən xəbər verir ki, Yaponiyanın qida və içki məhsulları istehsalçıları arasında populyarlığı ilə seçilən “Winart” jurnalında Azərbaycan şərabları haqqında məqalə dərc edilib.

Məqalədə Yaponiyanın “Orient Star” şirkəti tərəfindən Azərbaycanın Şəmkir rayonunda “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) istehsal etdiyi şərabların Yaponiyaya idxalının başlandığı bildirilir.

Müəllif Megumi Nişida yazır: “Bizim eradan əvvəl şərabçılıq işinə başlamış elə ölkələr olmuşdur ki, tarixin nəhəng dalğaları onları udaraq bu səhnənin mərkəzindən çıxarmışdır. Yaxşı ki, hazırda həmin ənənələr öz bərpa dövrünü yaşayır”.

Yazıda vurğulanır ki, Qafqaz təsadüfi olaraq üzümçülüyün vətəni sayılmır. Bu yerlərin qədim dövləti olan Azərbaycan Qafqaz dağlarının ətəklərində yerləşir və burada şərabçılığın tarixi səkkiz min ilə bərabərdir. Qonşu Gürcüstan ilə birlikdə Azərbaycanda da şərabçılıq sənayesi XX əsrin ikinci yarısınadək inkişafını davam etdirmişdir. Lakin 1985-ci ildə alkoqollu içkilərin istehsalına ciddi nəzarətə başlayan keçmiş SSRİ rəhbərliyinin atdığı addımlar bu yerlərdə şərabçılıq müəssisələrinin bağlanmasına gətirib çıxarmışdır. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda şərabçılıq da inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan rəhbərliyinin kənd təsərrüfatının, xüsusən şərabçılığın inkişafına göstərdiyi qayğı və diqqət sayəsində ölkədə istehsal edilən şərablar öz keçmiş şöhrətini bərpa etməyə başlayıb.

Məqalədə qeyd edilir ki, 2002-ci ildə Şəmkir rayonunda fəaliyyətə başlayan “Şərq ulduzu” MMC 110 hektar ərazidə üzüm plantasiyasına malikdir və burada yerli sortlarla yanaşı, digər ölkələrin məşhur üzüm növləri də yetişdirilir. Plantasiyada yerli “Bayan şirə” sortu ilə bərabər, Qafqazın məşhur “Rkaçiteli”, Fransanın “Merlo”, “Kaberne Sovinyon”, “Şardane” kimi tanınmış üzüm növlərindən eyniadlı şərablar alınır.

Müəllif vurğulayır ki, şəraba xüsusi diqqətlə yanaşılan Yaponiya bazarında yeni olmasına baxmayaraq, bu şərablar yerli şərabsevərlərin zövqünü oxşayacaq. Çünki bu şərablar Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yetişdirilən üzüm növlərindən təbii yolla istehsal edilir.


Teqlər:  





Xəbər lenti