"Marukyan Ombudsman postuna hazırlanır"- Ermənistan mətbuatı

      "Marukyan Ombudsman postuna hazırlanır"-   Ermənistan mətbuatı
  23 Oktyabr 2021    Oxunub :322
Ermənistan rəhbərliyi “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmond Marukyanın Ombudsman postuna namizədliyini nəzərdən keçirir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Joğovurd" nəşri yazır ki, hazırkı Ombudsman Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci ilin fevralın 23-də başa çatacaq.

Ermənistan Ombudsmanı Konstitusiya məhkəməsinə üz tutdu
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə son müsahibələrinin birində deyib ki, Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra hakimiyyət hüquq müdafiəçisi ofisinin rəhbəri vəzifəsinə öz namizədini təqdim edəcək. Qəzetin yazdığına görə, müəyyən dairələr hökumətdə Marukyanın maraqları üçün lobbiçilik də edir. Joğovurd məsələ ilə bağlı “İşıqlı Ermənistan”ın liderindən şərh almağa çalışsa da, məsələnin doğruluğunu öyrənmək mümkün olmayıb.

Nəşr onu da xatırladıb ki, əslində ombudsman vəzifəsini üzərinə götürən şəxs partiya fəaliyyəti ilə məşğul olmamalıdır. Marukyan hüquq müdafiəçisi vəzifəsinə seçiləcəyi təqdirdə, partiya sədri vəzifəsindən istefa verməli və bu istiqamətdə olan fəaliyyətini dayandırmalı olacaq.

Qeyd edək ki, Ombudsman Ermənistan parlamenti tərəfindən ümumi səslərin ən azı 3/5 səsi ilə seçilir.

Xatırladaq ki, son vaxtlar bəzi dövlət strukturları, o cümlədən Müdafiə Nazirliyi Ermənistan ombudsmanı Arman Tatoyanın fəaliyyətini tənqid edir, onu sərhəddəki vəziyyətlə bağlı qeyri-dəqiq məlumatlar yaymaqda ittiham edir. Tatoyan nəinki müharibə dövründə, müharibədən sonra da əsası olmayan məlumatlar yaymaqla tanınır.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ombudsman   Ermənistan  







Xəbər lenti