Film kimi cinayət: "Bolduin faciəsi"nin müəmmaları çözüləcəkmi?

      Film kimi cinayət:   "Bolduin faciəsi"nin müəmmaları çözüləcəkmi?
  23 Oktyabr 2021    Oxunub:2122
İki gündür dünya mediası ABŞ-da kino çəkilişi zamanı baş vermiş faciəvi hadisənin təfərrüatlarını araşdırır. Bu gün aidiyyəti qurumlar Hollivud aktyoru Alek Bolduinin operatoru öldürdüyü ərazidə axtarışlar aparmaq qərarı veriblər.
Söhbət hazırda istehsalı dayandırılan "Rust" filminin çəkilişlərinin aparıldığı malikanədən gedir.

Santa-Fe şəhəri şerifinin sözçüsü Xuan Rios CNN -ə verdiyi açıqlamada deyib ki, sözügedən ərazi həftə sonu hərtərəfli araşdırılacaq. O, həmçinin əlavə edib ki, məlum insidentin həssas məsələlərə bağlı olması səbəbindən həftəsonu heç bir mətbuat konfransı və ya açıqlama gözlənilmir.

Amma hazırda nəinki amerikalı jurnalistləri, elə dünya mediasını da düşündürən bir sual var- həqiqi güllələr tapançaya necə doldurulub?! Maraqlıdır ki, "Indiewire" nəşri aktyorun çəkiliş meydançasında istifadə etdiyi tapançanın cəmi bir döyüş gülləsi ilə doldurulduğunu yazıb.

Nəşr "IATSE Local44" üzvlərinə ünvanlanmış məktubdan sitat gətirib:

“Çəkiliş meydançasında məşhur aktyor tapançadan bir güllə ilə təsadüfən operator Qalina Hutçinsi və rejissor Coel Souzanı vurub”.



Hollivud ulduzu çəkiliş meydanında operatoru öldürdü
Detektivin qeydə aldığı və "New York Times" qəzetinin sitat gətirdiyi ifadəyə görə, "Rust"un rejissor köməkçisi Alek Balduinə deyibmiş ki, tapançada real güllə yoxdur... Xarici media onu da iddia edir ki, ola bilsin heç rejissor köməkçisinin əsl güllənin tapançaya qoyulmasından xəbəri olmayıb.

Lakin ortaya başqa maraqlı iddialar da çıxır. "Los Angeles Times" qəzeti öz mənbələrinə istinadən diqqət çəkən bir məlumat yayıb. Sən demə faciə baş verən gün çəkiliş qrupu ərazidəki iş şəraitindən narazılığını bildiribmiş.

Nəşr yazır ki, narazılığa fasiləsiz daimi iş, maddi-texniki problemlər, habelə, maaşların ödənilməsində yaranmış gecikmə səbəb olub. Bundan əlavə, son bir neçə gündə çəkilişdə istifadə olunan tapançadan ən azı iki dəfə atəş açıldıqdan sonra çəkiliş qrupunun bir neçə üzvü təhlükəsizlik tələblərinin pozulmasından şikayətlənib.

- Operatorlar və onların köməkçiləri çəkilişdən bir neçə saat əvvəl filmin prodüserləri ilə fikir ayrılığına görə meydançanı tərk ediblər. İş şəraitinin yaxşılaşdırılmasını tələb edənlər arasında mərhum operator Qalina Hatçins də olub, - qəzet yazıb.



Bolduini nə gözləyir?

Nyu-Yorkdan olan məşhur vəkil Arkadi Bux hələlik müəmmalı qalan bu qalmaqallı hadisəyə reaksiya verib. O deyib ki, aktyorun yaratdığı insident böyük ehtimalla kino ulduzu üçün mənfi hüquqi nəticələr verməyəcək.

- Hesab edirəm ki, cinayətin qəsdən baş verməsi sübuta yetirilməsə, bu işlə bağlı kimsə məsuliyyətə cəlb edilməyəcək.

Hazırda bütün dünyanın maraqlandığı insident siyasi dairələrdə də müzakirə mövzusu olub. Hadisədən dərhal sonra ABŞ Administrasiyası məsələyə reaksiya verib. Ağ Evin sözçüsü Cen Psaki brifinqdə insidenti şərh edərkən məlum insidenti faciə adlandırılıb və həlak olanların yaxınlarına başsağlığı verib.



Əksər saytların "Bolduin faciəsi" kimi təqdim etdiyi bu insident sosial şəbəkələrdə də geniş rezonans doğurdu. Minlərlə insan Hatçinsin "Instagram" hesabındakı son paylaşımının altına şərhlər yazır. Onların arasında tanınmış aktyor, prodüser və rejissor Cosef Reytman və rəssam Reyçel Meyson da var. Mərhumun həmkarları baş verənlərə inana bilmir və ailəsinə başsağlığı verirlər. Bir çox kino ulduzu isə faciəyə "Twitter"də reaksiya verib.

Amerikalı kinorejissor Ceyms Qann ən böyük qorxusunun çəkilişlərin birində kiminsə ölümcül yaralanması olduğunu yazıb. Ona görə də o bunun heç vaxt baş verməməsi üçün dua edir.



-Ürəyim "Rust" filminin çəkiliş meydançasındakı faciə zamanı əziyyət çəkən hər kəslə, xüsusən də Hatçins ailəsiylədir,-Qann yazıb.

Aktyor və rejissor Eliyah Vud da faciə ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, Qalinanın ölüm xəbərini “tamamilə dəhşətli və sarsıdıcı” adlandırıb. Sənətçi mərhumun yaxınlarına da təskinlik verib.



Aktyor Co Manqaniello isə Hatçinsin qəfl ölümü xəbərindən şoka düşdüyünü deyib. Aktyor qeyd edib ki, onun da bu ukraynalı xanımla eyni kino meydançasında işləmək şansı olbu. Qalina "Archenemy" filminin çəkilişləri zamanı operator olubmuş.



Aktrisa Debra Messinq isə məşhur amerikalı köşə yazarı Benni Consonun tvitinə reaksiya verib. Benni yazıb: "Alek Bolduin tapança ilə adam öldürüb, cinayət işi üzrə araşdırma aparılır. Bu, dəqiq başlıqdır". Eyni zamanda, Messinq hər şeyin Consonun yazdığı kimi olmadığını izah edib və Bolduinə dəstəyini bildirib. Axı aktyora səhnədə istifadə etmək üçün saxta tapança verilib. "Sonra isə bir fəlakət baş verdi ki, nəticədə də Hatçins ölüb, Souza isə yaralanıb. Onların ailələrinə dua edirəm", - aktrisa yazıb.



Anqlo-amerikan aktyor Aleks Vinter də faciəyə reaksiya verib.

-Qalina Hutchinsin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Komanda heç bir şəraitdə çəkiliş meydançasında təhlükə altında olmamalıdı -Vinter yazıb.



Digər tanınmış amerikalı aktyor Pol Şir isə özünü sanki viran olunmuş hiss etdiyini deyib.

- Deyirlər ki, baş verənlər faciədən başqa bir şeydir. Axı, belə halların qarşısını almaq üçün çəkiliş meydançasında o qədər çox qaydalar var. Bunun necə baş verdiyini anlaya bilmirəm. Bu qədər insan səhlənkarlığını etiraf etməli oldu. Bu, cinayətdir. Qalina çox istedadlı idi, - Pol Şir yazıb.



Ssenaristvə rejissor Ceyms Kallen Bressak isə əminliyini ifadə edib ki, bundan sonra filmlərində yalnız pnevmatik silahlardan və rezin güllələrdən istifadə edəcək.
-Bu, heç vaxt baş verməməli idi. Qalina, sən əsl inci idin.



Xatırladaq ki, ABŞ-da "Rust" filminin çəkilişləri zamanı tapançadan süni şəkildə atəş açmağa çalışan məşhur aktyor Alek Bolduin operatoru öldürüb. O, həmçinin filmin rejissorunu da ölümcül yaralayıb. Güllə rejissor Coel Souzanın körpücük sümüyünü zədələyib. Ukrayna əsilli operator Qalina Hatçins isə təyyarə ilə "Albukerke" xəstəxanasına çatdırılsa da, vəfat edib. Santa-Fe şerifinin sözçüsü, ölümün aktyorun açdığı atəş nəticəsində baş verdiyini lakin ona qarşı hələlik ittiham irəli sürülmədiyini söyləyib. Çəkilişlər isə dayandırılıb. Hazırda əksər saytlar bir sıra suallar yaradan bu insidenti "Bolduin faciəsi" kimi təqdim edirlər.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Film   Hollivud   Cinayət   Güllə  





Xəbər lenti