Regionda böyük gizli anlaşmanın izləri – TƏHLİL

   Regionda böyük gizli anlaşmanın izləri –    TƏHLİL
  29 Oktyabr 2021    Oxunub:3158
İsrailin yeni baş naziri Naftali Bennet oktyabrın 22-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşərək, 5 saata yaxın söhbət etmişdi. Liderlər görüşdə müzakirə olunan məsələlər barədə açıqlama verməyiblər. Putin görüşün əvvəlində yalnız onu demişdi ki, İsrail baş naziri ilə müzakirə olunacaq bir çox məsələlər var və onların arasında terrorla mübarizə xüsusi yer tutur.
Bennet isə Rusiyadan qayıdandan sonra hökumətin iclasında bildirib ki, Rusiya prezidenti ilə Suriyadakı vəziyyət və İranın nüvə proqramını müzakirə ediblər. “Putin İsrailin təhlükəsizlik sahəsində ehtiyaclarına diqqətlə yanaşır”,- o vurğulayıb.

Əslində Vladimir Putin vaxtilə Suriyaya hərbi müdaxilənin həyata keçirilməsi ilə bağlı həmin dövr üçün çox riskli və sanksiyalar şəraitində iqtisadi cəhətdən ziyanlı addımının bəhrəsini görməkdədir. Yaxın Şərqdə maraqları olan bütün dövlətlər – ABŞ-dan tutmuş, Türkiyə, İran da daxil olmaqla İsrailə qədər Rusiya ilə bu məsələdə hesablaşmağa məcburdurlar. Moskva isə vəziyyətdən özünün maraqları üçün istifadə edir.

Məsələn, İsraillə danışıqlarda yəhudi dövlətinin “Sputnik-V” vaksinini tanıması, ikitərəfli ticarət dövriyyəsinin artırılması kimi məsələlər gündəm təşkil edirdi. Görünən odur ki, Suriyada sabitliyin təmin olunması məsələsində ABŞ da Rusiya ilə əməkdaşlığa getmək fikrəndirir. Yayılan məlumata görə, yaxın vaxtlarda Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə ABŞ, Rusiya və İsrailin milli təhlükəsizlik şuralarının katiblərinin görüşü təşkil olunacaq. Hətta bu görüşün İsraildə keçirilmə ehtimalı var.

Sirr deyil ki, İsrail regionda sabitliyin qorunub saxlanılmasına ən böyük əngəl kimi İranı görür. İsrail rəsmiləri dəfələrlə bu məzmunda bəyanatlarla çıxış ediblər. Naftali Bennetdən əvvəl Rusiyaya səfər etmiş İsrailin xarici işlər naziri Yair Lapid bildirmişdi ki, “Nə qədər İran bizim şimal sərhədimizdə terror bazaları tikir və terror təşkilatlarına müasir silahlar göndərir, İsrail sakit dayanmayacaq. Dünya İranın nüvə potensialı əldə etməsinə imkan verməməlidir. Əgər dünya etməsə, İsrail bunun qarşısını almaq hüququnu özündə saxlayır. İsrail İranın nüvə dövlətinə çevrilməsinə imkan verməyəcək”.

Qeyd edək ki, İsraili hazırda koalisiya hökuməti idarə edir və əldə olunmuş razılığa əsasən 2023-cü ildə Yair Lapid baş nazir postunda Naftali Benneti əvəz edəcək, ikinci isə xarici işlər naziri olacaq. Bu deməyə imkan verir ki, İsrail dövlətinin İrana qarşı sərt mövqeyini hazırkı baş nazir də paylaşır. Xarici işlər nazirindən təxminən bir ay sonra baş nazirin Rusiyaya səfər etməsi və prezident Putinlə səmimi görüşü, eyni zamanda, Moskvanın xarici işlər naziri Lavrovun dili ilə Tehranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə qarşı çıxması onu deməyə əsas verir ki, Vaşinqtonla Rusiya arasında Yaxın Şərqlə bağlı hansısasa razılıq əldə olunub və İsrail bu məsələdə maraqlı tərəfdaş kimi çıxış edir.

Qarabağ məsələsinin Azərbaycanın xeyrinə çözülməsi də göstərir ki, Amerika ilə Rusiya arasında bir çox regional məsələlərdə razılıq var. İranla Ermənistan Azərbaycandan fərqli olaraq, geosiyasi havanın dəyişikliyindən gec xəbər tutublar və əvvəlki kimi iki qütb arasında var-gəl etməklə öz maraqlarını müdafiə etməyə çalışırdılar. Halbuki, qütblərin dəyişdiyindən xəbərləri yoxdur.

Güman etmək olar ki, Amerikada hakimiyyətdə olan demokratlar partiyası ənənəvi siyasi strategiyalarına sadiq qalaraq, Rusiya ilə İranın tərəfdaşlığını pozmaq üçün Moskva ilə birtərəfli qaydada əməkdaşlığa getmək qərarına gəliblər. Moskva ilə ilkin razılaşma belə ola bilər ki, İranın Suriya ərazisindəki hərbi obyektlərinin İsrail tərəfindən vurulmasına mane olmasın. Əgər bu əməkdaşlıq genişlənərsə, hətta, İranın ümumiyyətlə Suriyadan çıxarılması baş verə bilər. Rusiyadan əsas tələb isə İrana Suriya ərazisində hər hansı hərbi-siyasi dəstək verilməməsidir. Bu əslində Rusiyanın da maraqlarına cavab verir, çünki, İran hazırda Rusiyanın tərəfdaşı kimi görünsə də, gələcəkdə əsas rəqibinə çevrilə bilər.

Tehran anlayır ki, Rusiyanın tərəfdaşlıqdan üz çevirməsi təklənməsi anlamına gəlir. İran üçün ən təhlükəli ssenari İsrailin ona zərbə endirmə ehtimalıdır. Tehran zərbənin endiriləcəyi mümkün məkanları hesablayır və görünür, onların arasında Azərbaycan ərazisinin ola biləcəyini də mümükün sayıbmış. Ölkəmizə qarşı aqressiv davranışları da buna görə imiş. Lakin Rusiyanın bu məsələdə İsraillə həmrəylik nümayiş etdirməsi İranın hazırki hərbi-siyasi rəhbərlərinin stretji hesablamalarda yanlışlığa yol verdiyini göstərdi. Nəticədə, Tehranın geri çəkilməkdən başqa yolu qalmadı.

Tofiq Vahid
AzVision.az

Müəllifin digər yazıları:
Rusiyanın dini ekspansiyası bölgəmizə hansı təsiri göstərə bilər – TƏHLİL
“Xəngəl məhbusu”: Saakaşvili oyunu “3+3” formatı ilə bağlı ola bilərmi – TƏHLİL
İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi – TƏHLİL



Teqlər: İran   İsrail   Rusiya   ABŞ   Təhlil  





Xəbər lenti