Azərbaycanda Gənclər Parlamenti yaradılacaq

   Azərbaycanda Gənclər Parlamenti yaradılacaq
  01 Noyabr 2021    Oxunub:667
Milli Məclislə Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

O qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyənləşdirildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən azad edib. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlib. Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin sosial-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin onların Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirakının təmin edilməsi baxımından çox mütərəqqi təsisat olacaq.

Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxışında bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə gənclərin birinci forumu keçirilib. Növbəti il isə Şərqi Avropada ilk dəfə məhz Azərbaycanda Gənclər Günü təsis edilib. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərin məhkəmə, icraedici orqanlarda irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması ölkəmizin gənc nəslinin potensialından xəbər verir. Gənclər Fondunun İcraçı direktoru bildirib ki, biz bu potensialı torpaqlarımızın işğaldan azad edilməsi zamanı da gördük. Azərbaycanda Gənclər Parlamentinin yaradılması uzun illərdir müzakirə olunan layihələrdən biri idi. Hazırda bu layihənin uğurlu olmasının səbəbi Milli Məclis tərəfindən tanınmasıdır. Layihənin əsas məqsədi gənclərin Milli Məclisin fəaliyyətinə cəlb olunmasıdır. Azərbaycan Gənclər Parlamentində 30 gəncin, o cümlədən 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfərin, Bakı iqtisadi rayonundan isə 4 nəfərin təmsil olunması nəzərdə tutulur.

Tədbirdə iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Şahin İsmayılov, Nigar Arpadarai, Kamal Cəfərov, Ramin Məmmədov, Emin Hacıyev çıxışlarında Azərbaycan Gənclər Parlamentinə uğurlar arzulayıblar. Bu layihənin gənclərin siyasətə cəlb olunması üçün yaxşı imkan yaradacağına ümid etdiklərini diqqətə çatdırıblar.

AzVision.az


Teqlər: Parlament  





Xəbər lenti