Nazirliyin təltif olunan əməkdaşlarına medallar verilib

Nazirliyin təltif olunan əməkdaşlarına medallar verilib
  01 Noyabr 2021    Oxunub:954
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib.
AzVision.az xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.

Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpa etməsi iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan, perspektivlər və vəzifələr açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı prioritet sahələrdən biri elan edilib. Artıq azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə “Ağıllı kənd” layihələri icra olunur.

Tədbirdə çıxış edənlər bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıblar. Sonra Prezident İlham Əliyevin oktyabrın 30-da kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncam oxunub, təltif olunan şəxslər təbrik edilib. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib. Dövlət başçısının imzaladığı sərəncamla təltif olunan nazirlik əməkdaşları və fermerlər verdiyi dəyərə görə dövlət başçısına minnətdarlığını bildiriblər.

AzVision.az



Teqlər: KTN  





Xəbər lenti