Müharibənin 38-ci günü: Düşmən üçün gözlənilməz və böyük zərbə

    Müharibənin 38-ci günü:  Düşmən üçün gözlənilməz və böyük zərbə
  03 Noyabr 2021    Oxunub:1563
Vətən müharibəsində təcavüzkar Ermənistan yalnız döyüş meydanında deyil, sosial-iqtisadi sahədə də məğlub edilirdi. Təsadüfi deyil ki, Ermənistanı ağır günlərin gözlədiyini proqnozlaşdıran “İrates” qəzeti:“Budur, növbəti böyük və gözlənilməz zərbə gəldi - müharibə. Ermənistan iqtisadiyyatının bundan sonra bərpasına neçə ilin lazım olacağını söyləmək çox çətindir. Amma ən azı ayağa qaldırmaq üçün güclü “inyeksiyaya” ehtiyac olduğu aydındır. Bu gün ümid xarici borclaradır”, -yazdı.
Döyüş meydanına gəldikdə müharibənin 38-ci günü cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur oldu. Xocavənd istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının xeyli sayda şəxsi heyəti məhv edildi və döyüş texnikası sıradan çıxarıldı. Alay komandiri fərarilik etdi, D-20 artilleriya divizionunun hərbi qulluqçularının isə itkin düşdüyü məlum oldu. Bu istiqamətdə düşmənin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqlarında da xeyli sayda şəxsi heyət və alayın komandiri polkovnik Qor İşxanyan da öldürüldü. Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alındı və onun diversiya qrupu darmadağın edildi.

2020-ci il noyabrın 3-də cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarıldı, 77-ci əlahiddə zirehli tank taborunun komandiri polkovnik-leytenant Nelson Akopcanyan öldürüldü. Sutka ərzində düşmənin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edildi və sıradan çıxarıldı. Xankəndi yaxınlığında düşmənin iki sursat anbarı da məhv edildi.

Bu itkilər qarşılığında Qarabağdakı separatçı rejimin məmurları döyüşdən qorxaraq, canlarını qorumaq üçün Ermənistana qaçdılar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair hazırladığı aralıq hesabatı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərdi.

Fransanın “Liberation” qəzetində isə “Dağlıq Qarabağ: Ermənistan qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur” adlı məqalə dərc edildi.

Almaniyanın “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq “Twitter”də bu sözləri yazdı:



“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.

“Republic Underground” nəşrinin səhifələrində isə isə Dağlıq Qarabağ müharibəsində “ASALA” terror qruplaşmasının iştirakını sübuta yetirən faktları əks etdirən yazı işıq üzü gördü.

Bu faktlar Azərbaycanın haqq işini dəstəkləyənlərin sıralarının durmadan genişləndiyini, erməni təcavüzünün və terrorunun isə ifşa olunduğuna şahidlik edirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   Zəfər  





Xəbər lenti