Miqrasiya Xidmətində insan alveri ilə bağlı təlim keçirilib

Miqrasiya Xidmətində insan alveri ilə bağlı təlim keçirilib
  05 Noyabr 2021    Oxunub:705
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirib.
Nümayəndəlikdən AzVision.az -a bildiriblər ki, dövlət qurumlarının əməkdaşlarının iştirak etdikləri təlim Miqrasiya üzrə Regional Təlim Mərkəzində təşkil olunub. Açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nin rəisi Vüsal Hüseynov iştirakçılara uğurlar arzulayıb, təlimin əhəmiyyətindən söhbət açıblar.

V.Qyorqiyev insan alverinə qarşı mübarizə üzrə yerli mütəxəssislər üçün təlimin vacibliyini vurğulayıb. Qeyd edib ki, dünyada qurbanlarının sayı 25 milyonu ötən insan alveri qlobal problemdir, lakin yerli və keçid xarakterli də ola bilər. O, insan alverinin yaratdığı ciddi problemlərin həlli üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəliyə göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bu məsələnin həllində səmərəli əməkdaşlığa görə DMX-yə, Azərbaycanın Daxili və Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə təşəkkürünü bildirib.

DİN, DMX, ABŞ səfirliyi və BMqT-nin Azərbaycan nümayəndəliyinin ekspertlərinin keçirdikləri təlim kursu “İnsan alveri mövzusu və qanunvericilik çərçivəsi”, “İnsan alverinə qarşı mübarizədə Dövlət Miqrasiya Xidmətinin rolu”, “İnsan alverinə dair mübarizə və beynəlxalq çərçivə”, “İnsan alveri üzrə effektiv nəzarət” və “2021 İnsan alverinə dair hesabat: Azərbaycan” mövzularını əhatə edib.

Təlimin sonunda V.Qyorqiyev, Vüsal Hüseynov və ABŞ səfirliyinin missiya rəhbərinin müavini Maykl Dikerson təlim iştirakçılarına sertifikatlar təqdim ediblər.

Təlimin keçirildiyi Miqrasiya üzrə Regional Təlim Mərkəzi BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX-nin birgə həyata keçirdiyi “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində yaradılıb. Layihə regionda miqrasiya sahəsində hökumətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləyir.

AzVision.az



Teqlər: DMX  





Xəbər lenti