Bakı metrosunun fəaliyyətə başlamasından 54 il ötür

Bakı metrosunun fəaliyyətə başlamasından 54 il ötür
  06 Noyabr 2021    Oxunub :198
Bu gün Bakıda metronun işə düşməsindən 54 il ötür.
AzVision.az -ın məlumatına görə, "Bakı Metropoliteni" QSC bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Azərbaycan tarixinə şərəfli salnamənin yazıldığı dövrdə yaşayırıq. Bu dövr 30 ilə yaxındır düşmən tapdağı altında olan doğma torpaqların azad edilməsi kimi şərəfli və qürurverici hissləri bizlərə yaşadan şanlı Zəfər tarixi ilə bağlıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi xalqımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunacaq.

Bu tarixi uğurlar planeti təhdid edən “COVID-19”la mübarizə fonunda qazanılıb. Dünya hələ də bu gözəgörünməz düşmənlə mübarizədə mütləq qalibiyyət əldə edə bilməyib. Ölkəmizdə də virusla mübarizə davam edir. Xüsusi risk qrupunda olan Bakı metropoliteni virusun yayılmasını minimuma endirmək üçün hələ 2020-ci il yanvarın sonundan işçilər və sərnişinlər arasında geniş maarifləndirmə şəbəkəsini qurub, 2020-ci il fevral ayının 21-dən isə tibbi-profilaktik, sanitar-gigiyenik tədbirlərə, genişmiqyaslı müntəzəm dezinfeksiya işlərinə başlayıb. Görülən bütün tədbirlərə baxmayaraq, 2020-ci ildə metropoliten 202 gün, 2021-ci ildə isə may ayının 31-nə kimi - 150 gün sərnişinlərinə daşıma xidməti göstərməyib. Sərnişindaşımada məhdudiyyətlərə rəğmən metropoliten yeniliklərə doğru irəliləməkdədir.

Bu qeyri-adi tarixi dövrün çətinlikləri şəraitində belə, Bakı metropolitençiləri sərnişindaşımadakı 54-cü ildönümünü alnıaçıq, əmək uğurları ilə qeyd edirlər. Təsadüfi deyil ki, Bakıda metronun açılışına həsr olunan və demək olar ki, eyni vaxtda yaranan mahnıda (Polad Bülbüloğlunun “Bakı metrosu” mahnısı) Bakı metrosuna 8-ci möcüzə deyilir. Bunu bədii bənzətmə, mübaliğə kimi qəbul etsək də, əslində, Bakı metrosu həmin dövr üçün, həqiqətən, bir möcüzə idi. Dünyanın olmasa da, metro tikintisi tarixinin əsl möcüzəsi...

Ötən əsrin 40-cı illərinin sonlarında Bakıda metro tikintisi üzrə geoloji axtarış işlərinin nəticələrini yekunlaşdıran Moskva mütəxəssisləri buranın yeraltı nəqliyyat üçün yararsız olması qənaətinə gəldilər. Amma Bakının qazma işlərində böyük təcrübəsi var idi. 1930-cu illərdə aparılan yeraltı neft anbarlarının tikintisi yerli qazmaçı mütəxəssislərin təcrübəsini daha da genişləndirmişdi. Bunlar və respublika hökumətinin təkidləri Bakıda metronun tikintisinə başlamaq barədə yekdil qərarın verilməsilə nəticələndi və bu gün biz dünyanın ən müasir şəhər nəqliyyatı sistemlərilə yanaşı durmağa layiq metropolitenə malikik.

Bu gün Bakı metrosu 3 xətt, 26 stansiyadan ibarət 40 kilometrə yaxın yeraltı dəmir yolu şəbəkəsidir. 54 il bundan əvvəl 1967-ci ilin 6 noyabrında “Bakı Soveti” (indi - “İçərişəhər”) stansiyasından təntənəli şəkildə yola salınan ilk qatar sonuncu “Nəriman Nərimanov” stansiyasına çatmaq üçün yerin altı ilə 6.5 km yol qət etməklə “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel”( “28 May”), “Gənclik” stansiyalarından keçmişdi.

Bu illər çox şeyi dəyişib, həyatımıza, dünyamıza, ölkəmizə, Bakımıza neçə-neçə yeniliklər gətirib. Bakı metrosu da bu yeniləşmənin sürətilə ayaqlaşıb, inkişaf edib, genişlənib. İndi Bakı metrosu müstəqil ölkənin günü-gündən gözəlləşən paytaxtının ən sürətli, təhlükəsiz müasir sərnişin nəqliyyatı vasitəsidir.

Müstəqilliyin ilk illərində bütün ölkə kimi metropoliten də çox böyük iqtisadi çətinliklər məngənəsində sıxıldı, dərin böhranlı günlər yaşadı. Bakının ən böyük nəqliyyat arteriyası bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı günləri də yaddaşında saxlayır.

Ötən əsrin sonlarında dövlət başçısı Heydər Əliyevin ölkədə siyasi sabitliyin bərpası ilə bağlı həyata keçirdiyi rasional, uzaq gələcəyə hesablanan iqtisadi siyasəti nəticəsində ölkə böhrandan çıxdı və yaxın illər üçün inkişafın başlıca istiqamətləri müəyyənləşdirildi. Bu da tez bir zamanda metronun fəaliyyətində öz əksini tapdı, ən ağır günlərdə belə, şəhərin yeraltı nəqliyyatında hərəkət cədvəlini bütün çətinliklərə rəğmən təmin edən kollektivin daha rahat işləməsinə zəmin və gələcəyə inam yaratdı. Tez bir zamanda metronun sabit fəaliyyətinin etibarlığını yetərincə təmin edən ən zəruri tədbirlər həyata keçirildi.

2000-ci illərin əvvəllərindən, xüsusən Ulu öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin iqtisadi-siyasi inkişafı barədə sələfinin tutduğu platformanı, başlıca istiqaməti davam etdirməklə iqtisadi, siyasi, mədəni sahələrdə inkişafın günbəgün artan sürətinə nail oldu.

İqtisadi yüksəlişin başlıca göstəricilərindən biri də nəqliyyat sektorunun, eləcə də şəhər sərnişindaşıma sisteminin fəaliyyətidir. Burada əsas vəzifə şəhərin istismarda olan yeraltı yollarının səmərəli işini təmin etməklə yanaşı, yeni yolların salınması, metro xətlərinin inkişaf etdirilməsi idi.

İlk növbədə, metro tikintisinin Şimal sahəsində 10 ildən artıq idi yarımçıq qalan işlər tamamlandı. 2006-cı ildə Şimal sahəsinin “Memar Əcəmi-Nəsimi” mənzilində işlər bərpa olundu. 2008-2011-ci illər ərzində Yaşıl xəttin 3 yeni – “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları istismara verildi.

O vaxta qədər isə metronun sonrakı inkişafının istiqamətləri müəyyənləşmişdi. Artıq ortada Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi” var idi. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində milli metro tikintisi sənayesi texnoloji yeniliklər, müasir texniki qurğu və avadanlıqlarla silahlanıb, yeni güc kəsb etdi. 2011-ci ildə Bənövşəyi xəttin qazma işlərində Almaniya istehsalı olan “Herrenknext” və ABŞ-ın “Robbins” tunelqazma komplekslərinin tətbiqi Bakıda tunel tikintisi sahəsində yeni nailiyyət oldu.

2016-cı il aprel ayının 16-sı müstəqil Azərbaycanın ilk metro xəttinin – Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları istismara verildi. Ən müasir texnologiyaların tətbiq edilməyə başladığı yeni xəttin stansiyaları 7-vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub. Hər iki stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travolator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün lift quraşdırılıb.

Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər günü şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyasının bu ilin may ayında istismara verilməsindən sonra, inşaat işləri xəttin, şərti olaraq, “B-04” adlandırılan stansiyasında başlayıb. Xəttin deposunun birinci mərhələ üzrə inşası, buradakı şərti adı “Xocəsən” olan stansiyanın tikintisi isə önümüzdəki ildə yekunlaşacaq. Yaxın gələcəkdə Yaşıl xəttin “Xətai”, eləcə də “Dərnəgül” stansiyalarından davam etdirilməsi üzrə işlər başlanacaq. Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə layihə Bakının yeni baş planında da xüsusi olaraq nəzərə alınıb. Bir neçə mərhələdən ibarət olmaqla, planda nəzərdə tutulan yeni tunellərin və stansiyaların inşası paytaxtın əsas sosial-iqtisadi infrastrukturuna, onun inteqrasiya olunmuş ictimai sərnişindaşıma sektorunun inkişafına xüsusi təkan verəcək. Bakı metrosu isə son illərin sərnişindaşıma problemlərini geridə qoymaqla, sərnişinlərinə nümunəvi xidmətini daha da geniş formatda davam etdirmək imkanı qazanacaq.

2021-ci il “COVID-19” pandemiyası çətinliklərinə rəğmən inşası yekunlaşan 26-cı stansiya təkcə innovasiyaların, yeni düşüncə tərzinin məhsulu, texnoloji yeniliklər stansiyası deyil. Bəli, burada ilk dəfə bir mənzil tunellərinin tamamilə dəmir-beton bloklardan qurulmasını xüsusi qeyd edilməlidir. Yeni tipli təmas relsi, yoldəyişdirici qurğular, yolun üstquruluş elementlərindən danışmaq olar. Avtomatlaşdırılmış hərəkət cədvəlinin, ilk dəfə yeni tipli elektrik yarımstansiyasının, metropoliten daxilində dizel-generator stansiyasının ilk dəfə burada tətbiq edilməsi də xüsusi mövzudur.

Planda mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır. 2009-cu il dekabrın 30-da “28 May”, 2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyalarının ikinci giriş-çıxışları istismara verilib. Dövlət proqramına uyğun olaraq, 2008-ci il dekabrın 29-da “İçərişəhər”, 2011-ci il dekabrın 30-da “Koroğlu”, 2015-ci il mayın 5-də “28 May", 2018-ci il iyunun 7-də "Sahil", 2019-cu il martın 26-da "Bakmil" və sentyabrın 12-də "Xətai" stansiyaları əsaslı təmir olunaraq, simasını dəyişib, yeniləşib.

Metroda stansiyaların, piyada keçidləri və vestibüllərin yenidən qurulması əhatəli və böyük mövzudur. Biz burada “Bakı Metropoliteni” QSC-nin son 8 ildə stansiyalarda apardığı və bu gün də davam edən tikinti, geniş yenidənqurma işlərinin ünvanlarını sadəcə olaraq sadalaya bilərik: “Elmlər Akademiyası” stansiyasının II girişinin istismara verilməsi, eskalatorlar yenilənməklə əsas vestibülün təmiri, bu il orada hər iki stansiya yolunun yeni texnologiyalar üzrə qurulması, “Nizami” stansiyasında nadir sənət incisi olan mozaik pannoların tam orijinal görkəmdə bərpası ilə platforma və stansiya yolunun təmiri, “İnşaatçılar”, “Gənclik”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Xalqlar dostluğu”, “Neftçilər” stansiyalarında piyada keçidləri və vestibüllərin əsaslı təmiri, habelə 3 əvəzinə 4 yeni eskalator quraşdırılmış “28 May”, “Sahil” və “Xətai” ilə yanaşı, “20 Yanvar” və İnşaatçılar” stansiyalarında eskalatorların yenilənməsi.

Hazırda yenidənqurma işləri mərhələlərlə və sərnişindaşımaya tam bağlanmadan “Cəfər Cabbarlı” stansiyasında davam etdirilir. 2021-ci il həm də bu stansiyada bir yolunun və ona bitişik platformasında təmir-bərpa, yenidənqurma işlərinin, əsasən, başa çatdırılması ilə əlamətdar olub. Metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyasının inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub. Bir sözlə, qarşıda inşaat-təmir sahəsində görüləcək işlər çoxdur. Metropolitençilər hər il bu yeniliklərin işığında gələcəyə addımlamaq əzmindədirlər".

AzVision.az

Teqlər: Metro  







Xəbər lenti