Uzunömürlü ənənəvi enerji daşıyıcıları

    Uzunömürlü ənənəvi enerji daşıyıcıları
  06 Noyabr 2021    Oxunub:2112
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda hibrid formatda keçirilən 8-ci Qlobal Bakı Forumunda əsas müzakirə mövzularından biri də ənənəvi enerjidaşıyıcılarının dünya iqtisadiyyatında rolu və yeni növ enerji mənbələrinin inkişaf etdirilməsi məsələsi oldu. Diskussiyalarda müxtəlif yanaşmalar və təkliflər səsləndirilsə də, ənənəvi enerjidaşıyıcılarının, xüsusilə də mavi yanacağın hələ uzun müddət bu müstəvidə həlledici rol oynayacağı vurğulandı.
Panel müzakirələrində çıxış edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta iqlim dəyişiklikləri fonunda digər enerji ehtiyatlarından istifadə zərurətinin gündəmə gəldiyini və bu işdə səmərəli yanaşmanın vacibliyini qeyd etd. Dayanıqlı inkişaf çərçivəsində yenilənən enerji mənbələrinin günbəgün artdığını diqqətə çatdıran natiq, bəşəriyyətin gələcəkdə daha sərfəli olan hidrogen enerjisindən daha çox faydalanacağına ümid etdiyini bildirdi.
Enerji proqramları Bürosunun idarəçilik və şəffaflıq ofisinin rəhbəri Meri Varlik koronavirus pandemiyasının insanların enerjiyə olan əlçatanlığını azaltığını, iqlim dəyişmələrinin isə bu məsələni daha da ağırlaşdırdığını söylədi. Bu baxımdan, o, enerji istehsalı zamanı istixana qazlarının sıfırlanmalı olduğunu vurğuladı.

Qlobal istiləşmə problemi fonunda gələcəyin enerji infrastrukturunda elektrik avtomobillərinin roluna diqqət çəkən Moldovanın keçmiş baş naziri Kiril Qaburiç, istehlak səviyyəsinin kəskin artmasının bəşəriyyətə ziyan vurduğunu bildirdi. Belə ki, ənənəvi enerjidaşıyıcılarının istehlakı artdıqca, atmosferə atılan zərərli qazların da həcmi artır.
Bu mövzuda edilən çıxışların əsas məzmunu ənənəvi enerjidaşıyıcılarının istehalakı nəticəsində atmosferə vurulan ziyanın iqlimə göstərdiyi ciddi neqativ təsirləri nəzərə alaraq, bərpa olunan alternativ enerji mənbələrindən, xüsusilə də “yaşıl enerji”dən istifadə prosesini sürətləndirməyə çağırış idi.

Sözsüz ki, ənənəvi enerjidaşıyıcıları olan neftin, qazın və kömürün istehlakı nəticəsində atmosferə atılan zəhərli tullantıların qlobal iqlimə göstərdiyi neqativ təsiri danmaq qeyri-mümkündür. Məhz bu baxımdan, son illər ərzində kömürün istehlakı ən minimuma endirilib. Amma bir sıra ekspertlər qlobal iqlim problemləri ətrafında siyasi spekulyasiyaların aparıdlığını və dünyanın güc mərkəzlərinin bu çərçivədə cərəyan edən proseslərdə rəqiblərinin mövqeyinə zərbə vurmağa çalışıdıqlarını bildirirlər.

Məsələn, ən ucuz enerji istehsalı mənbəyi olan atom elektrik stansiayalarından (AES) potensial böyük təhlükə mənbəyi kimi imtina edən Berlin, indi Rusiya qazının Almaniyaya tədarükünü nəzərdə tutan “Şimal axını-2” layihəsinə qarşı qərbin kollektiv mübarizəsi ilə üzləşib. Son iki ayda Avropa birjalarında təbii qazın məzənnəsinin fantastik həddə çatması fonunda bəzi alman mütəxəssisləri AES-lərlə bağlı qərarın səhv olduğunu vurğulayırlar. Yeri gəlmişkən, Avropada təbii qaza qiymətlərin belə artımının əsas səbəblərindən biri də bir neçə il əvvəl bəzi Avropa ölkələrinin Vaşinqtonun təzyiqi qarşısında Rusiyadan təbii qazın alınması üçün uzunmüddətli müqavilələrdən imtina eməsidir. Onda ABŞ bunun əvəzinə Avropaya özünün maye qazını daha baha qiymətə satmağa başladı. Bu il isə Asiyada qiymətlərin Avropadakı məzənnəni üstələdiyini görən ABŞ şirkətləri tədarük etdikləri maye qazın əksər həcminin istiqamətini dəyişərək, qədim qitə ölkələrini sərt reallıq qarşısında qoydular. Son nəticədə Avropa ölkələri, o cümlədən də Moldova yenidən Moskvaya minnətçi düşməklə yanaşı, belə çətin vəziyyətdə kömək əli uzatması üçün Azərbaycana müraciət ünvanladılar.

Bu baxımdan, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun 8-ci Qlobal Bakı Forumundakı çıxışından bir məqam xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonaları elan etməsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının tətbiqi üzrə konsepsiyanın demək olar ki, işlənib-hazırlandığını deyən Pərviz Şahbazov ənənəvi enerjidaşıyıcıları ilə bağlı çox incə mətləbə toxundu.



- Çox güman ki, beynəlxalq enerji keçidində qazın xüsusi rolu var və gələcəkdə də olacaq. Qaz və neft çox vacib enerji resursudur və hələ çox istifadə olunacaq. Hal-hazırda aparılan analizlər göstərir ki, ənənəvi enerji resurslarından imtina etməklə bərpa olunan enerjiyə keçidi təmin etmək imkanına malik deyilik. Hər bir ölkə müxtəlif inkişaf mərhələləri keçib və müxtəlif durumdadır. Bu keçidi bir ssenari ilə bütün ölkələrə təklif edə bilmərik , - Pərviz Şahbazov vurğuladı.

Bəs bu bəyanatı hansı amillər şərtləndirir?

Əvvəla, istənilən hər bir dövlət və ya təsərrüfat subyekti enerjidaşıyıcılarının daha ucuz qiymətə alınmasında maraqlıdır. Çünki onlara yüksək qiymətlər sosial-iqtisadi müstəvidə xərclərin artmasına səbəb olur. Bu baxımdan, bəşəriyyət ənənəvi enerjidaşıyıcılarından ucuz yanacaq və enerji mənbəyi hələ ki, icad etməyib. Bu müstəvidə isə məhz “neft+qaz” formulu çərçivəsində uzunmüddətli qaz kontraktlarının daha sərfəli olduğu dəfələrlə sübuta yetib. Bundan başqa, mütəxəssislər məhz əlçatmayan yerlərdə maye qazın təbii qazın alternativi kimi istifadəsini səmərəli sayırlar. Qiymətdə və istehsal həcmində isə hələlik təbii qaz rəqabəti udur.

İkincisi, sirr deyil ki, bərpa olunan enerji mənbələrinin istehsalında əsas söz sahibi məhz yüksək texnologiyalara malik inkişaf etmiş dövlətlər olacaqlar. Onların isə bu texnologiyaları digər ölkələrlə bölüşəcəyi heç inandırıcı görünmür. Digər tərəfdən, həmin yanacaq növlərinə qiymətlər təbii qazın məzənnəsini ən azı bir neçə dəfə üstələyəcək. Əksər ekspertlər yaxın 25-30 ildə alternativ enerjidaşıyıcılarının ən yaxşı halda enerji resurslarına təlababtın ən çoxu 10%-ni ödəyə biləcəyini iddia edirlər.

Üçüncüsü və ən əsası, dünyanın güc mərkəzlərinin ənənəvi enerjidaşıyıcıları ilə zəngin olan regionlar uğrunda sözün əsl mənasında ölüm-dirim savaşına girişmələri həmin sərvətlərin dünya iqtisadiyyatında və insnaların gündəlik həyatında hələ çox uzun müddət ərzində həlledici rol oynayacağından xəbər verir.

Bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın nəql etdiyi qazın yarısının avropalı istehlakçılar tərəfindən istifadə olunmasını və belə çətin anlarda Bakının onların dadına çatmasını Brüssel yüksək səviyyədə qiymətləndirilməlidir. Bu baxımdan, Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına, hərtərəfli əməkdaşlığın güclənməsinə öz töhfəsini verməlidir. Bunun üçün isə təcavüzkar siyasətinin layiqli cavabını almış Ermənistanı əzizləmək yox, onun bir daha belə cinayətlərə əl atmasının qaşısına sarsılmaz sədd çəkmək lazımdır.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: QlobalForum   enejidaşıyıcıları  





Xəbər lenti