Müharibənin 42-ci günü: Azərbaycan tezliklə tam qələbə qazanacaq

  Müharibənin 42-ci günü:  Azərbaycan tezliklə tam qələbə qazanacaq
  07 Noyabr 2021    Oxunub:2489
Ermənistanda və Gürcüstanda fəaliyyət göstərən kanadalı jurnalist Neil Hauerin Səudiyyə Ərəbistanının ingilisdilli “Arabnews” qəzetində dərc edilmiş “Dağlıq Qarabağ münaqişəsində tezliklə həlledici məqam ola bilər” sərlövhəli məqaləsində Azərbaycan Ordusunun cəbhədə böyük qələbələr qazandığı bildirildi.
Prezident İlham Əliyevin “Şuşa bizim tarixi şəhərimizdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” sözlərini sitat gətirən kanadalı jurnalist qeyd edirdi ki, sıldırım qayaların əhatəsində yerləşən bu şəhərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanın bütün Dağlıq Qarabağı itirməsi demək olacaq.



Azərbaycanın Böyük Qələbəsinə cəmi iki gün qalmış deyilən bu sözlərin tezliklə öz təsdiqini tapacağına heç kim şübhə etmirdi.
Müharibənin 42-ci günü Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” hesabında xalqımıza növbəti müjdə ünvanladı.

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”





Həmin gün cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə düşmən 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasında itkilər verərək mövqelərini tərk etdi. Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğradı. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilər xəsarət aldı.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarıldı, şəxsi heyət arasında ölən və yaralananlar oldu.
Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində şəxsi heyət arasında itkilər verdi. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarıldı. Düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkiləri oldu, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları sıradan çıxarıldı.

Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edildi. Ermənistandan gətirilmiş 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirdi.
Ermənistanın keçmiş müdafiə naziri, Xocalı faciəsinin təşkilatçılarından biri, Şuşanın “hərbi komendantı” təyin edilmiş general-polkovnik Seyran Ohanyan və onun oğlu Artur Ohanyan Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralandılar. Seyran Ohanyanın yaxın dostu, habelə Ermənistan polis qüvvələrinin komandiri, polkovnik Artyom Mirzoyan məhv edildilər.

2020-ci il noyabrın 7-də öz cinzyətkar ənənəsinə sadiq qalan Ermənistanın mülki əhalimizə qarşı cinayətkar əməlləri daha bir gəncimizi qətlə yetirdi. Saat 16 radələrində Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış̧ evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak oldu, yaşayış̧ evinə isə ciddi ziyan dəydi.

Ermənistanın baş nazirinin qana susamış həyat yoldaşı Anna Akopyan isə təlim poliqonundan beş-altı qadınla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşaraq, hətta qadınları da müharibəyə sövq etmək mesajı verdi. Amma bu sərsəm ideya erməni cəmiyyətində böyük narazılıqla qarşılandı. Onun ünvanına ağır təhqirlər və tənqid dolu ifadələr yağdırıldı.



Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin direktoru Georgi Vanyan Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı müraciətdə “Cinayətlərdən əl çəkin!” çağırışını etdi.



Həmin müraciətin əsas qayəsi Ermənistan hakimiyyətinin illüziyalardan ayılması tələbi idi

- Bu mövcud davamlı qırğınlar şəraitində axmaqcasına müttəfiq axtarışından, beynəlxalq ictimaiyyətdən “soyqırıma” məruz qalmağınızı tanımaları kimi rüsvayçı ümid dilənməkdən əl çəkin. Fəaliyyətsizliyi, millətçi tabuların cinayət ətalətini dəf edin. Son 30 ildə, xüsusən də bu gün bir müttəfiqimiz ola bilərdi və o, elə qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın, - Georgi Vanyan bildirirdi.

Hələ də acı reallığı görmək istəməyən Ermənistan hakimiyyəti isə düşdüyü tələdən çıxmaq üçün siçan deşiyi axtarışında idi. Amma cəmi iki gün sonra qapanan tələ təcavüzkarı təslimçilik aktını imzalamağa vadar etdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   Zəfər  



Xəbər lenti