Azərbaycan niyə Rusiyanı yox, Ukraynanı seçdi?

Azərbaycan niyə Rusiyanı yox, Ukraynanı seçdi?
  28 Mart 2014    Oxunub:1540
BMT-nin 100 üzv ölkəsi Krımın Rusiyaya ilhaqını tanımamağa çağıran qətnamənin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.

Xəbər verdiyimiz kimi, BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırıb.

Məlum olduğu kimi MBD ölkələri arasında sözügedən qətnamənin lehinə səs verən üç ölkədən biri də Azərbaycandır.

Politoloq Qabil Hüseynli AzVision.az-a sözügedən qətnamənin əhəmiyyəti, eləcə də Azərbaycanın qərarı ilə bağlı danışıb. Məsələyə münasibət bildirən politoloq, BMT Ukraynanı müdafiə edən bir qətnamə çıxarmaqla Rusiyaya tərs sillə vurmuş olduğunu qeyd etdi.

“Bu məsələ Baş Məclisdə müzakirə olundu. Demək olar ki, böyük əksəriyyət O cümlədən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və qətnamənin çıxarılmasına yardımçı oldu. Rusiyanı bu məsələdə çox az dövlət müdafiə etdi. Rusiyanı dəstəkləyən 5-6 ölkə arasında Rusiyanın erməni quberniyası da var idi. BMT-də müstəqil dövlət kimi adı keçməsinə baxmayaraq, bu dövlət Rusiyanın uzaq quberniyalarından biridir. Ermənistanın Rusiyanın tərəfini tutması isə məlum məsələdir”.

Politoloq Azərbaycan Ukraynanı dəstəkləməsini öz milli, geostrateji maraqlarına uyğun hərəkət kimi qiymətləndirdi.

`Ukrayna separatizmdən əziyyət çəkir. Biz də erməni separatizmindən əziyyət çəkirik. Bu baxımdan bizimlə Ukrayna arasında artıq elə bir fərq yoxdur. Biz öz vəziyyətimizdə olan respublikaları müdafiə etməkdə haqlıyıq. Beynəlxalq hüquqi prinsiplərin həyata keçirilməsinə yardımçı olmalıyıq. BMT-nin bu məsələni müzakirə etməsi bir presedent yaratdı. Azərbaycan bu presedentdən özünün ərazi bütövlüyünü BMT çərçivəsində müdafiə etmək imkanı qazandı. Biz bu məsələni yeni aspektdə BMT-nin gündəminə də çıxarda bilərik və güman edirəm ki, artıq buna bir dəfə nail olan Azərbaycan növbəti dəfə də uğur qazana bilər.`



Qeyd edək ki, BMT ölkələri arasında qətnamənin lehinə yalnız üç ölkə, Azərbaycan , Moldova və Ukraynanın özü səs verib. Rusiya, Belarus və Ermənistan qətnamənin əleyhinə çıxış edib, Qazaxıstan və Özbəkistan bitərəf qalıb, Qırğızıstan, Tacikistan və Türkmənistan isə ümumiyyətlə səsvermədə iştirak etməyib.

BRİKS ölkələri, Çin, Hindistan , Cənubi Afrika və Braziliya isə Rusiyanı müzakirə etməkdən dostyana imtina ediblər.

Dünya regionlarına gəlincə Moskva üçün ən yaxşı nəticəni Cənubi Amerika göstərib. Yalnız üç dövlət (Peru, Çili və Kolumbiya) qətnaməni dəstəkləyib, iki ölkə ( Venesuela və Boliviya) əleyhinə səs verib, yeddisi isə ( artıq qeyd etdiyimiz kimi Braziliya, Argentina, Ekvador, Uruqvay, Paraqvay, Surinam və Guyana) bitərəf qalıb

Afrikanın 47 ölkəsindən 31-i qətnaməni dəstəkləmək istəməyib. Əksər Asiya ölkələri: Hindistan, Pakistan, Əfqanıstan, Vyetnam, Banqladeş, Kamboca, Nepal, Monqolustan, Myanma, Şri-lanka və Bruney bitərəf mövqe nümayiş etdiriblər, Laos səsvermədə iştirak etməyib, KXDR isə Rusiyaya qarşı çıxıb.

İsrailin mövqeyi də bir çoxları üçün gözlənilməz olub. Belə ki, rəsmi Təl-əviv səsvermədə iştirakdan imtina edib. İsrailin qatı rəqibi İran da analoji addım atıb. O ki qaldı ərəb ölkələrinə, demək olar onların yarısı Moskvanı müzakirə etməkdən çəkinib. Misir, İraq və Əlcəzair bitərəf qalıblar, Suriya və Sudan qətnamənin əleyhinə, Mərakeş, Oman, Livan, BƏƏ və Yəmən isə səs verməyiblər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti