Müharibənin 43-cü günü: Əziz Şuşa, sən azadsan!

   Müharibənin 43-cü günü:  Əziz Şuşa, sən azadsan!
  08 Noyabr 2021    Oxunub:5993
2020-ci il noyabrın 8-də Azərbayca Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, onların məzarları və “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular. Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edən dövlət başçımız hamımızın 28 ildən artıq bir müddətdə hamımızın həsrətində olduğumuz ifadələri səsləndirdi.
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.


Bəli, bəşər tarixində insanlar üçün Vətənin böyüklüyü, onun bölünməzliyi, xalqın əyilməzliyi kimi əsrarəngiz və qürur doğuran anlayışlar hələ tapılmayıb. Biz müharibənin 43-cü günü məhz bu sözlərin sirrini və sehrini yaşadıq, özü də elə yaşadıq ki, onun təsiri beynlərimizdə və ürəklərimizdə min illiklər boyu əks-səda verəcək. Özümüzün, övladlarımızın, nəvələrimizin, nəticələrimizin, yeddi arxa dönənlərimizin, bütün xalqımızın tarixinə qızıl və nə qədər kədərli olsa da qanlı hərflərlə yazıldı 2020-ci ilin 8 noyabr günü! Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı qarış-qarış, addım-addım, kəndbəkənd, şəhərbəşəhər düşmən tapdağından təmizləyən Azərbaycan Ordusu, cəsur döyüşçülərimiz və igid oğullarımız bizə bu günü bəxş etdilər.

- Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!, - Ali Baş Komandan xalqa müraciətində bildirdi.

Həmin mənəvi ruhun və gücün təməlində Azərbaycan xalqının öz siyasi lideri ətrafında açılmaz bir yumruq kimi birləşməsi amili dayanır. Prezident İlham Əliyev dəmir yumruq deyəndə məhz bu reallığı hamının, o cümlədən də xalqımızın haqq işinə qərəzli münasibət bələsyənələrin diqqətinə çatdırırdı.

“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!” – dövlət başçısı vurğuladı.

Məhz belə sarsılmaz birlik sayəsində biz xalq, millət olaraq öz qürurumuzu qoruduq, onu əlçatmaz zirvəyə ucaltdıq və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübuta yetirdik.
Şuşanın azad edilməsi həm də Azərbaycan Prezidenti İlham Əıiyevin həm siyasi davamçı, həm də bir övlad kimi ulu öndər Heydər Əliyev qarşısında müqəddəs borcu yerinə yetirməsi idi.
- Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! , - dövlət başçımız qeyd etdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşanın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edərək “Biz Şuşamızı qaytardıq! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”, - bildirdi.

28 ildən də artıq bir müddətdən sonra Şuşa şəhəri üzərində Azərbaycan bayrağının dalğalanması münasibətilə xalqımıza daim mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi. O, işğal altındakı torpaqlarını və Qarabağı addım-addım azad edən azərbaycanlı qardaşların sevincinin bütün türk xalqının sevinci olduğunu vurğuladı.



Şuşa Qələbəsi cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində düşmənə ciddi zərbələr vurulması ilə müşayiət olundu. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi. Düşmənin yüksək vəzifəli şəxsləri də daxil olmaqal xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edildi və sıradan çıxarıldı. Məhv edilənlər sırasında “Bakıda xaş yeyəcəyəm” deyən erməni tankçı da yer aldı.
Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən ağlını itirən erməni politoloq, “Demokratiya Uğrunda Tərəfdaşlıq” mərkəzinin sədri Stepan Danielyan öz “Facebook” səhifəsində ermənilərə “Sərsəng su anbarını partlatmaq, Azərbaycana axan çayları zəhərləmək, bütün meşələri yandırmaq lazımdır. Ən son halda Qarabağda atom elektrostansiyasının tullantılarını yaymaq lazımdır. Əgər orada ermənilər yaşamayacaqsa, heç kim yaşamamalıdır”, - irticaçı çağırışını etdi.




Onun bu çağırışı əslində bütövlükdə Ermənistanın terrorçu və faşist mahiyyətini sübuta yetirən növbəti fakt idi. Amma erməni revanşizminə səsləyənlərin bütün ciddi-cəhdləri əbəs idi. Azərbaycanın erməni faşizminin belini qırdığı artıq hər kəsə bəlli idi. Bu baxımdan, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən rusiyalı ictimai-siyasi xadim, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markovun “Facebook” səhifəsində yazdığı “Hamıya aydındır ki, Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağın bütün ərazisində öz suverenliyini tam bərpa edəcək. Prezident İlham Əliyev Dağlıq Qarabağın xilaskarı kimi Azərbaycan üçün milli qəhrəmana çevrilir. Azərbaycan tam qələbənin bir addımlığındadır” ifadələri haqq-ədalət tərəfdarlarının hamısının Ermənistanın kapitulyasiyasını səbirsizliklə gözlədiyini nümayiş etdirdi.
Bu gün isə Azərbaycan Prezidentinin vurğuladığı kimi biz sürətlə hamımızın fəxarət yeri olan Şuşamızı dirçəldirik.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vətənmüharibəsi   Şuşa  



Xəbər lenti