Müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı tədbir keçirilib

Müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı tədbir keçirilib
  08 Noyabr 2021    Oxunub:592
Azərbaycan Respublikasının Hindistandakı Səfirliyin təşkilatçılığı və Hindistanın Gənc Liderlər Konfederasiyası (Confederation of Young Leaders - CYL) təşkilatının dəstəyi ilə paytaxt Nyu Dehli şəhərində yerləşən Hindistan Beynəlxalq Mərkəzində “Azərbaycan: müstəqilliyin bərpasının 30 illiyi, ərazi bütövlüyünün bərpası və gənclər arasında əməkdaşlıq perspektivləri” adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Naqif Həmzəyev, CYL sədri Himadriş Suvan, Gənclər Nazirliyinin Gənclər Məsələləri Departamentinin rəis müavini Sunder Sinq, “STIC Travel Group”-un sədri Subhaş Goyal, səfirliyin əməkdaşları, CYL üzvləri, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq və özü də daxil olmaqla münaqişə zamanı bir çox insanın ailə ocaqlarını, evlərini və mülklərini itirdiklərini bildirib.

N.Həmzəyev işğaldan azad olunandan sonra Qarabağın inkişaf yolu ilə gedəcəyini və ölkəmizin regionda yeni reallıqlar yaratdığını vurğulayıb. Bu səpkidə, Azərbaycan-Hindistan əlaqələrinin vacibliyi qeyd edilərək müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, elm və texnologiya, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın artırılması vacibliyinə eyham edilib.



Tədbir zamanı Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Sıxəliyev çıxış edərək 30 il bundan öncə Azərbaycanın müstəqilliyini bərpa etdiyini bildirdi və müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi çətinliklərdən, o cümlədən xarici işğaldan danışdı. Səfir Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpağını 30 ilə yaxın işğalda saxlamasına baxmayaraq ölkəmizin müasir, stabil, güclü və inkişaf edən diyara çevrildiyini qeyd edib.

Səfir bildirib ki, keçən il baş verən 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə nail olub. Lakin, 30 illik işğal dövrü təsirsiz ötüşməmiş Qarabağın şəhər və kəndləri talan edilərək dağıdılıb. Bu səpkidə, Ağdam, Fizuli, Cəbrayılın tamamilə dağıdılaraq “urbisidə” məruz qalmasını əks etdirən video çarx nümayiş etdirilib.



Qeyd edilib ki, hazırda Qarabağın çiçəklənən və inkişaf edən diyara çevirmək məqsədilə işğaldan azad edilən torpaqlada yenidənqurma işləri davam etdirilir, ağıllı şəhər və kəndlər inşa edilir. Burada bir çox imkanlar açılır, o cümlədən yeni texnologiyaların tətbiq edilməsi ilə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir və bununla bağlı xarici şirkətlər Azərbaycana dəvət olunurlar.

Sonra Azərbaycan və Hindistan gənclər təşkilatları arasında əməkdaşlığın artırılması, qarşılıqlı səfərlərin təşkil edilməsi vacibliyindən danışılıb.



Tədbirə dəvət edilmiş qonaqlar, həmçinin sülh, davamlı inkişaf, yaşıl və təhlükəsiz gələcək, iqtisadi perspektivlər və turizm sahələrində əməkdaşlığın, o cümlədən gənc nəsillər arasında əlaqələrin artırılmasının vacibliyindən danışdılar.

Həmçinin qonaqlara Azərbaycanla bağlı film nümayiş etdirilmiş və onların çoxsaylı sualları cavablandırılıb.Tədbirdən sonra təşkil edilmiş ziyafət zamanı qonaqlar ləziz Azərbaycan və Hindistan mətbəxinin təamlarını dadıblar.







AzVision.az



Teqlər:





Xəbər lenti