Vətən Müharibəmizin 30 əsas nəticəsi – Ədalət Verdiyevin yazısı

   Vətən Müharibəmizin 30 əsas nəticəsi –    Ədalət Verdiyevin yazısı
  09 Noyabr 2021    Oxunub:3600
Zəfərə aparan yol cəmisi 44 gün davam etsə də, çox çətin və mürəkkəb döyüş əməliyyatları ilə müşayiət olunub. Müharibədə qazandığımız bu Qələbə Azərbaycana misli görünməmiş hərbi, siyasi, diplomatik, iqtisadi və mənəvi üstünlüklər verdi.
Qələbədən sonrakı 1 il ərzində Azərbaycan münaqişənin nizamlanması prosesində əldə etdiyi hərbi nailiyyətlərdən yararlanaraq, hədəflərinə mümkün qədər qısa müddətdə və tam həcmdə çatmağa çalışır. Vətən Müharibəsinin və Zəfər Gününün əhəmiyyəti ilə bərabər, Qələbənin bizə verdiyi üstünlükləri, müharibədən sonra əldə etdiyimiz nailiyyətləri qısaca belə sıralamaq olar:

1. Noyabrın 8-i Vətən Müharibəsində əldə etdiyimiz Qələbəmizin, milli qürurumuzun və birliyimizin bərpa olunduğu tarixidir. Azərbaycanın yeni dövründə bundan möhtəşəm tarix düşünə bilmirəm. Bu tarix həm də “Qarabağ Azərbaycandır və nida” ifadəsinin əyani təsdiqidir.

2. Azərbaycan son əsrlərdə ilk dəfə müharibədə qalib gələrək, işğal altında olan 10000 kv.km ərazisini düşməndən təmizlədi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

3. Vətən Müharibəsində əldə edilən hər Qələbə Azərbaycan xalqının Ali Baş Komandan ətrafında daha sıx birləşməsini və Silahlı Qüvvələrimizin düşmənə qarşı keçirilən “Dəmir Yumruq” əməliyyatına birmənalı dəstəyini təmin etdi.

4. Azərbaycan Silahlı Qüvvələrinin bu Qələbəsi son 200 ildə Ermənistan üzərində qazanılan ən möhtəşəm və tarixi qələbə kimi, işğalçı Ermənistan üzərində mütləq üstünlüyümüzü təmin etdi. Ermənistan tarixində ilk dəfə Azərbaycan tərəfindən döyüşlərdə diz çökdürüldü və alçaldıldı.

5. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız və rəqiblərimiz Vətən Müharibəsində Silahlı Qüvvələrimizin real potensialı ilə əyani olaraq tanış oldular.

6. Azərbaycan adını dünya tarixinə “BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkə” kimi yazdırdı.

7. Azərbaycan tərəfdaşlarından əldə etdiyi silah və silah sistemlərini uğurla tətbiq etməklə onlara silah bazarında olan tələbatı bir neçə dəfə artıra bildi.

8. Müttəfiqlərimizlə birlikdə keçirdiyimiz genişmiqyaslı təlimlər və bu təlimlərə xərclənən vəsait özünü tam doğrultdu.

9. Siyasi, iqtisadi və diplomatik sahədə düşməni dalana dirəməklə Qarabağ məsələsində Ermənistanı tamamilə tək qoya bildik.

10. Bu Müharibədə siyasi müstəvidə fərqli baxışlara malik müxalif qüvvələr də milli maraqlar çərçivəsində Azərbaycan hakimiyyətinə dəstək verdilər.

11. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri Azərbaycanın haqlı və ədalətli mübarizəsində cəsarət göstərdilər, düşmənlə vuruşdular, Azərbaycanın ərazi bütövlüyünü bərpasında yaxından iştirak etdilər.

12. Məhz Şuşanın alındığı 8 Noyabrda düşmən tam məğlub oldu və səhəri gün Azərbaycana maksimum sərf edən birgə Bəyanatı imzaladı.

13. Ermənistanla sərhəddə yerləşən və ərazisinə görə Qarabağın Laçın və Kəlbəcər kimi iki ən böyük rayonu ilə bərabər, bölgənin qapısı hesab edilən Ağdamın döyüşsüz boşaldılması birgə Bəyanatın işğalçı ölkə üçün məhz məğlubiyyət aktı olduğunu sübut etdi.

14. Müharibədə Qələbəmiz “Böyük Ermənistan” ideyasını və “Qarabağın statusu” məsələsini birdəfəlik “dəfn” etdi. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsilə əlaqəsi təmin edilir. Hava əlaqəsi artıq bərpa olunub, dəmir yolunun bərpası və avtomobil yolunun inşası istiqamətində fəaliyyətlər davam edir.

15. Birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan öz sərhədləri çərçivəsində Kəlbəcər, Ağdam və Laçından başqa Qubadlı və Zəngilanın 100-ə yaxın kəndlərini düşməndən təmizlənməsinə nail oldu.

16. Şərqi Zəngəzurun müxtəlif ərazilərində çox sayda mövqelərimizi irəli çəkdik, mövcud olanları isə möhkəmləndirdik. Hazırda Ermənistan bir çox rayonlarının ərazisi birbaşa nəzarətimiz altındadır.

17. İranla 132 km.-lik sərhədimizi tam bərpa etdik. İranla sərhədi qorumaq üçün Şərqi Zəngəzurda sərhəd diviziyası yerləşdirdik. Ermənistanla sərhədlər tam təyin olunmasa da, o ərazidə quru qoşunları yerləşdirilb.

18. Bu Qələbə ilə Azərbaycan beynəlxalq səviyyədə separatizmlə mübarizənin və onun məhv edilməsinin praktiki yol xəritəsini təqdim etdi.

19. Qarabağımızın tacı olan Şuşada regional əhəmiyyətli sənədlər imzalanır, beynəlxalq festivallar keçirilir. Füzuli Beynəlxalq Hava Limanı artıq fəaliyyət göstərir. Zəngilan hava limanının inşası, Laçın hava limanının layihələndirilməsi davam edir.

20. Vətən Müharibəsi beynəlxalq ictimaiyyətə Ermənistanın ləyaqətli düşmən olmadığını da nümayiş etdirdi. Gəncənin ballistik raketlə bombalanması, Bərdənin kasetli raketlərlə vurulması və digər faktlar Ermənistan rəhbərliyinin mülki əhaliyə, o cümlədən, yuxuda olan 2 yaşlı körpəyə qarşı taktiki raketlərlə savaşdığını və müharibə cinayətləri törətdiyini sübut etdi.

21. Azərbaycan xalqı və hakimiyyəti bu müharibədə çox ciddi sınaqlardan çıxdı. Prezident İlham Əliyev dünyanın qlobal güc sayılan ölkə rəhbərlərinə praktik olaraq sübut etdi ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli var və Azərbaycan bu yolu seçməkdə sərbəstdir.

22. Azərbaycan bu müharibədə təkcə Ermənistanla deyil, ona siyasi, mənəvi və hərbi-texniki dəstək verən, həmçinin “münaqişənin hərbi həlli yoxdur” deyən bir çox ölkələrlə paralel savaşdı.

23. Azərbaycan onu dayandırmaq istəyən və böyük təzyiqlərə məruz qoyan 7 ölkə ilə 7 cəbhədə mübarizə apardı və qalib gəldi.

24. Son əsrlər ərzində ilk dəfə möhtəşəm bir Qələbəyə imza atdıq. Biz yalnız işğalçı Ermənistana deyil, həm də onun havadarlarına qalib gəldik. Qardaş Türkiyənin və Pakistanın mənəvi dəstəyi ilə qalib gəldik, çünki biz bu müharibədə haqlı idik, müharibəmiz də ədalətli idi. Separatizmin əsaslarını sarsıtdıq. Ukrayna, Gürcüstan və Moldova kimi qonşu ölkələrə nümunə göstərdik.

25. Vətən Müharibəsində əldə etdiyimiz Qələbə ilə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu və Ordusunun real döyüş imkanlarını nümayiş etdirdik.

26. Qarabağ məsələsində ən yaxın müttəfiqləri, o cümlədən, KTMT hərbi bloku ilə Ermənistan arasında sədd çəkə bildik.

27. Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyişlər əldə etdik. Hava məkanın açılmasına nail olduq. Qatar yolunun açılması da zaman məsələsidir. Avtomobil yolu barədə müzakirələr müsbət məcrada davam edir.

28. Cəmi 44 gündə Ordumuzun qəhrəmanlığı sayəsində 32 il çiyinlərimizdə çətinliklə daşıdığımız məğlubiyyət yükünü Ermənistan xalqının çiyinlərinə yüklədik.

29. Azərbaycan hakimiyyəti təhdid və müharibə dövründə bütün resurslarını konkret hədəfə səfərbər etməklə uğurlu əməliyyatlar aparmaq təcrübəsi əldə etdi.

30. Azərbaycan Vətən Müharibəsi vasitəsilə düşmənin silahlı qüvvələrini darmadağın etməklə Ermənistan iqtisadiyyatını ciddi aşınmaya məruz qoya bildi.

Bütün sadalanan nailiyyətlərə görə hamımız Qələbəni bizə bəxş edən Şəhidlərimizə borcluyuq. Buna görə də onların müqəddəs ruhu qarşısında baş əyirik.
Zəfər Günümüz mübarək! Qələbəmiz Mübarək!

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Zəfər  





Xəbər lenti