Qarabağda heyvan xəstəliklərindən azad zona yaradılacaq

Qarabağda heyvan xəstəliklərindən azad zona yaradılacaq
  12 Noyabr 2021    Oxunub:684
"Azad edilən ərazilərdə dabaq xəstəliyindən azad zonanın yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb".
AzVision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı hazırlıq işləri görülüb: "Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bir hissəsinin dabaq xəstəliyindən azad zonanın yaradılması nəzərdə tutulur. Biz ilkin mərhələdə vaksinasiya etməklə, daha sonra isə peyvənd olunmadan dabaq xəstəliyindən azad zonanın yaradılması ilə bağlı təşəbbüslə çıxış etmək istəyirik. Təbii ki, bu da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən qəbul olunmalıdır".

"Bu region kənd təsərrüfatı, xüsusilə də heyvan istehsalı üçün böyük potensiala malikdir. Ümidvarıq ki, dabaq xəstəliyindən də azad zona statusu aldıqdan sonra ölkəmiz üçün həm ixrac, həm də tranzit daşınmada böyük imkanlar yaradacaq. Çünki Azərbaycan çox böyük tranzit imkanına malikdir. Bəzi hallarda heyvan xəstəliklərindən azad zona statusunun olmaması tranzit imkanlarını məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən xəstəlikdən azad zona statusunun alınması ölkəmiz üçün böyük potensial yaradacaq", - Q.Əbdüləliyev bildirib.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti