Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib

Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib
  13 Noyabr 2021    Oxunub:500
Azərbaycanın Diasporla İş üzrə Komitəsinin dəstəyi və Fransadakı diasporumuzun təşkilatçılığı ilə Zəfər, Bayraq və Konstitusiya günlərinə həsr edilmiş “Sülhün səsi” konserti təşkil edilib.
AzVision.az xəbər verir ki, konsertin dinləyiciləri Fransadakı diplomatlarımız, diaspor üzvlərimiz, eləcə də yerli ictimaiyyətin nümayəndələri olub.

Ölkəmizi onun hüdudlarından kənarda virtuoz ifası ilə layiqincə təmsil edən, tarın sarı simi ilə qəlbləri riqqətə gətirən Əməkdar artist, gənc tarzən Şəhriyar İmanov və beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu və bəstəkar Etibar Əsədli “Sarı gəlin”, “Qara qaşın vəsməsi” kimi xalq mahnılarımızı, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov kimi məşhur bəstəkarların əsərlərini etno-caz üslubunda ifa ediblər. Gənc bəstəkarlar özlərinin bəstələrini də səsləndiriblər.
Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Şəhriyar İmanov 12 yaşında ilk konsertini verib. Konsertdə onu Rauf Abdullayevin dirijorluğu ilə Dövlət Simfonik Orkestri müşayiət edib. Ş.İmanov Avropa, Amerika və Yaxın Şərq ölkələrində çoxsaylı festivallarda iştirak edərək qalib olub. O, karyerasını tarzən, eləcə də Milli Konservatoriyanın tar müəllimi kimi davam etdirir.



Beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu və bəstəkar Etibar Əsədli isə bir çox ölkələrdə caz festivallarında iştirak edib. Karyerasını musiqiçi-bəstəkar kimi davam etdirir və 4-cü albomunu hazırlayır.

Azərbaycanlı musiqiçiləri Samüel Fihma (bas) və Marten Vengerme (zərb alətləri) müşayiət ediblər. Konsert musiqisevərlər tərəfindən sevgi ilə qarşılanıb.
Konsertdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış, işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi vəhşilikləri əks etdirən və Vətən müharibəsi şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qarabağ” broşürü konsertə gələn yerli ictimaiyyətin nümayəndələrinə hədiyyə edilib.





AzVision.az


Teqlər: Paris  





Xəbər lenti