Doğmalıqdan strateji müttəfiqliyə

//Türk dünyasının qarşısında yeni üfüqlər açılır

         Doğmalıqdan strateji müttəfiqliyə
  14 Noyabr 2021    Oxunub:1751
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sonrakı inkişaf mərhələsinə adlayaraq, Türk Dövlətləri Təşkilatına çevrilməsi qurumun həm özünün, həm də üzvlərinin qarşısında yeni imkanlar açır. 2009-cu ildə Naxçıvanda keçirilən ilk sammitdə cəmi 4 ölkə iştirak etmişdi. Aradan tarix üçün göz qırpımı olan 12 il keçib, amma bu qısa müddətdə üzvlərin sayı 7-yə çatıb, daha 2 dövlət – Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb. Onlardan biri Türk dünyasının qərb cinahını Avropaya çıxarır, digəri isə zəngin enerji resursları və tranzit imkanları ilə birliyin potensialını artırır. Bu, birliyin böyümə və güclənmə prosesində olduğunu təsdiqləyir.
“Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Müasir türk dünyası qərbdə Monteneqrodan şərqdə Monqolustana qədər 160 milyon insanın yaşadığı nəhəng coğrafiyanı əhatə edir. “Türk zolağı”nın qonşuluğunda yerləşən Avropa Birliyi, Rusiya, Belarus, Ukrayna, Ermənistan kimi ölkələrdə əhali azalmağa davam etdiyi halda, türklər sürətlə çoxalırlar. Hazırda bütün türk dövlətlərində gənc, dinamik nəslin yetişməsi müşahidə olunur, başqa sözlə, yüksək keyfiyyətli insan kapitalı yığılır. Həmin nəslin fəal iştirakı ilə bu ölkələrdə yeni iqtisadiyyat formalaşmaqdadır.

Türkiyə sənayesinin ehtiyac hiss etdiyi xammal digər türk dövlətlərinin ərazisində var; öz növbəsində, Türkiyə sənayesinin inkişafı digər türk dövlətlərində də anoloji prosesə təkan verir. Türk zolağı həmçinin enerji resursları ilə zəngindir. İnsan var, enerji var, faydalı qazıntı var, müasir sənaye potensialı var... Bu isə o deməkdir ki, türk dövlətləri potensiallarından düzgün istifadə etsələr, XXI əsrin yeni dünya düzənində vacib yer tuta bilərlər.

Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma bu baxımdan xüsusilə maraq doğurur. Bu, türk dünyasının beynəlxalq maliyyə qurumlarından asılılığının azalmasına dəstək verməklə yanaşı, iqtisadi inkişafın daha sürətlə getməsini təmin edəcək.

Böyük hədəflərə çatmaq üçün müasir təfəkkürlü, funksional liderlər tələb olunur ki, xoşbəxtlikdən o da var: Türk dünyasında eyni dövrdə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi iki güclü liderin olması və onların şəxsi münasibətlərində tam harmoniyanın mövcudluğu böyük tarixi şansdır. Məhz onların sayəsində hazırda Azərbaycan-Türkiyə qardaşlıq dueti bütövlükdə Türk dünyasına liderlik etməklə, onun aparıcı qüvvəsinə çevrilib. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərliyi son dərəcə uğurlu olmuşdu, indi isə Türkiyənin TDT-nin rəhbəri kimi həmin uğurları davam etdirəcəyinə heç bir şübhə yoxdur.


İkinci vacib tarixi amil Qarabağ Zəfəridir. Bilirik ki, türk – cəng və zəfər xalqıdır. XX əsrin əvvəllərində Türkiyənin Qurtuluş Savaşındakı zəfəri bütövlükdə Türk dünyasına böyük impuls vermişdi. XXI əsrin əvvəlində isə Qarabağ Zəfəri eyni rolu oynadı. Azərbaycanın şanlı qələbəsi bütün türk dünyasının ruhunu oyadıb. Bu, yəqin, gələcəkdə daha aydın hiss olunacaq, amma elə indi də dövlət başçımız cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi həm də bununla bağlıdır.

Azərbaycanın qələbəsi nəticəsində açılacaq Zəngəzur dəhlizi vasitəsilə türk coğrafiyasını bütünləşməsi digər bir tarixi şansdır. Bunun sayəsində Avropa ilə Asiya arasındakı 3 trilyon dollarlıq nəhəng ticarət dövriyyəsinin daha çox hissəsi türk dövlətlərinin ərazisindən keçəcək.
Üçüncü, psixoloji məqam da var: Vətən Müharibəmiz zamanı bütün türk dövlətlərinin Azərbaycana birmənalı dəstək vermələri göstərdi ki, əgər türk dünyasında birlik olarsa, onda reallığı dəyişməyə qadir bir güc meydana çıxar. Bu, gələcək birlik üçün vacib nəticədir. İndi isə Qarabağda quruculuq işlərini birlikdə həyata keçirməklə biz həmin tərəfdaşlığı yeni müstəvidə davam etdirəcəyik.

Qarşılıqlı inkişafa dəstək verən layihələr kifayət qədərdir. Türk dövlətləri gələcəyə, inkişafa can atırlar və bu zaman bir-birinin təcrübəsindən faydalanacaqlar. “Yaşıl texnologiya”lar və “ağıllı şəhər”lər üzrə əməkdaşlıqda Azərbaycanın təcrübəsi hamının karına gələcək. Asiya və Avropa arasında Fiberoptik yüksəksürətli internet xəttinin tikintisini nəzərdə tutan Digital Hub layihəsinin həyata keçirilməsində Azərbaycana dəstək verilməsi türk dünyasına birlikdə imza atdığı növbəti uğuru qazandıra bilər. Türkiyə və Azərbaycan “kosmik klub”un üzvləridirlər və onlar digər ölkələrdə bu sahənin inkişafına dəstək ola bilərlər.

Türk dövlətlərinin bir-birinə dəstəyi əlbəttə ki, təkcə TDT ilə məhdudlaşmamalıdır. Bu dövlətlərin digər beynəlxalq təşkilatlarda, regional və qlobal fəaliyyətlərində də bir-birinə sıx dəstək verəcəkləri heç bir şübhə doğurmur. Azərbaycanla Türkiyənin münasibətləri həm də ona görə əhəmiyyətlidir ki, bütün türk dünyası üçün model ola bilər. Qarşıya bu məqsəd qoyulmalıdır: bütün türk dünyasında Azərbaycan-Türkiyə qardaşlığına bənzəyən əlaqələr qurulmalıdır. Bizim aramızda olan doğmalığı təbii müttəfiqliyə, ardınca isə strateji tərəfdaşlığa çevirməyin vaxtı çatıb. Bu halda qarşıda açılan böyük üfüqlərə çata biləcəyik.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor


Teqlər: Türk-Birliyi  





Xəbər lenti