Yeni yumruğun vaxtı çatıb! - Ədalət Verdiyevin Şuşa terrorundan çıxardığı nəticələr

      Yeni yumruğun vaxtı çatıb!    - Ədalət Verdiyevin    Şuşa terrorundan çıxardığı nəticələr
  15 Noyabr 2021    Oxunub:4863
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Vətən Müharibəsində qələbə qazanan tərəf kimi Azərbaycan öz ərazisində öz Əsgərinə qarşı törədilən terror aktını qəbul etməyəcək. Bəzi erməni mənbələri Norayr Mirzoyanı Ordumuzun Şuşa yaxınlığında məhv etdiyi Martik Eremenyanın qardaşı kimi qələmə verməyə çalışırlar. Bir qardaşın Mirzoyan, digərinin Eremenyan soyadı daşıması barədə nağıllara da yalnız ermənilərdə rast gəlinə bilər. Bu, böyük ehtimalla terrorçuya gələcəkdə baş tuta biləcək məhkəmə prosesində haqq qazandırmaq məqsədilə səslənən növbəti erməni yalanıdır. Mirzoyan Azərbaycan qarşı döyüşlərdə iştirak edib və bunu təsdiqləyən çoxlu fotofaktlar mövcuddur.


Bu kimi terror və ya digər təxribat hadisələrinin qarşısını almaq üçün təcili tədbirlər görülməli, həmin ərazidə cəmləşdirilən vasitələrdən təyinatı üzrə istifadə edilməlidir, çünki artıq nə rus sülhməramlısı bizi sayır, nə erməni siyasətçiləri, nə də separatçılar. Bu terror hadisəsində tək günahkar erməni tərəfi deyil. Rusiya sülhməramlılarının dəhlizdən keçən maşınları görüntü xətrinə yoxladıqlarını dəfələrlə yazmışam. Dəhlizdən keçən mülki erməni maşınlarındakı silah və sursatın ruslar tərəfindən yoxlanılmamasına dair Qarabağa səfər edən rusiyalı jurnalislər də məqalə yazıb, buna dair şəkillərə də rast gəlmişik. Amma faydası yoxdur, çünki rus sülhməramlıları ilə atəşkəs proseslərinə nəzrət edən və bu prosesi nizamlayan məmurlarımız nə yazdıqlarımızı oxuyur, nə də baş verən proseslərə adekvat reaksiya göstərirlər. Sonunda isə bizim Əsgərimizə qarşı bizim ərazimizdə terror törədən canini sülhməramlılar elə onu təlimatlandıran separatçılara verirlər. Cinayət Azərbaycan ərazisində, yolunu azmış Azərbaycan vətəndaşı tərəfindən törədilibsə, bunu separatçı rejim niyə araşdırmalıdır?
Bütün bunlar həm qalib ölkə, həm də ev sahibi kimi Azərbaycana qarşı hörmətsizlikdir. Hörmətsizlik edənlərə qarşı bizim qəti addımlar atmağımız artıq zərurətdir. Ali Baş Komandan İlham Əliyevin Ermənistana və separatçılara xəbərdarlığı qüvvədədir. Xalqımız da daim Liderinin və Silahlı Qüvvələrimizin arxasındadır.
Şuşadakı terror kortəbii deyil: Gizli detallar üzə çıxır... – ARAŞDIRMA

“Ermənistan milli qvardiyası” təşkilatının “Mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur” şüarı altında Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım etməsi isə rusların sülhməramlı fəaliyyətlərinin səmərəsiz olduğundan xəbər verir. Müharibədən əvvəl olduğu kimi, yenə də Qarabağda terrorçuların qəhrəmanlaşdırılması prosesi gedir və sülhməramlılar da bu prosesə göz yumurlar. Görən ilə götürən isə şərikdir.

Burada məqsədli şəkildə mövzudan azca kənara çıxacağam. Bir məqamı unutmaq olmaz: Şuşa Azərbaycanın döyünən qəlbidir və bu qarnizonda yerləşən hərbi hissələr, onların rəhbər heyəti bizim üçün mühüm əhəmiyyət daşıyırlar. Bu hərbi hissələrin rəhbər heyətində müharibədə fərqlənən, cəsur və savadlı komandirlərimiz yer almalıdırlar. Hansısa nazir müavinlərinin döyüşdə olmayan qohum-əqrabasının Şuşada və digər ərazilərdə yüksək vəzifələrə təyin edilməsi yolverilməzdir. Bu, orduda döyüşən zabit və gizirlərimizə mənfi təsir edə bilər. Ümumiyyətlə, döyüşlərdə fərqlənməyən zabit heyətinin yuxarı pillərlərdə komandir vəzifəsinə təyinatını doğru hesab etmirəm.

Əgər Rusiya sülhməramlıları birgə Bəyanatın tələblərini yerinə yetirmirsə, Ermənistan və separatçılar onun tələblərini fasiləsiz pozurlarsa, Rusiya erməni terroruna səssiz qalırsa, o zaman Azərbaycanın da bu Bəyanata əməl etmək öhdəliyi aradan qalxır. Artıq “rus sülhməramlılarını vəzifələrini birgə Bəyanata uyğun yerinə yetirməyə çağırırıq” kimi sözlər mənasız görünür. Əsgərimizə qarşı terror aktı törədən erməninin Arayik Arutunyan və ya Vitali Balasanyanın əmrilə göndərildiyi şübhə doğurmur. Rusiya sülhməramlısının bir il əvvəl Qarabağdan çıxarmalı olduğu erməni silahlısı Azərbyacana qarşı terror törədir, fakt görüntülərlə təsdiqlənir, erməni terrorçu həbs edilir və onu bu terror aktına göndərənlərə təhvil verilir. Bu, tam nonsensdir və Rusiya sülhməramlılarının erməni terroruna şərik olduğunu bir daha nümayiş etdirir.


Əslində Azərbaycan tərəfi Arayik Arutunyanın “Erməni mülki əhalini silahlandırmalıyıq” bəyanatından və ya Arşak Karapetyanın Qarabağa səfərindən sonra təcili addımlar atmalı idi. Amma atmadıq, gözlədik. Arşakın Qarabağ səfərindən isə erməni məbuatından xəbər tutduq. Nəticədə düşmən bir az cəsarətləndi, Laçında və Kəlbəcərdə təxribatlar törətdi, Zəfər Günündə “su xəttini təmir etmək üçün” diversiya qrupu göndərdi, sonda isə Daşaltı postunda xidmət aparan hərbçilərimizə əl qumbarası atdı. Deməli, düşmənin nəinki terror aktı və ya təxribatı, hətta ən kiçik təxribata cəhdi belə bağışlanmalı deyil.

Hazırda düşmən ordusu döyüş əməliyyatları aparmaq imkanına malik deyil. Terrorçunu tələb etməliyik. Rusiya da bu mövzuda haqlı Azərbaycana qarşı addım atmayacaq. Odur ki, terror dövlətinə növbəti qulaqburması verməkdən çəkinməli deyilik. Əsgərimizə qumbara atan terrrorçunu tapmaq və onun Qarabağ havasını udmaqdan məhrum etmək boynumuzun borcudur.

Siyasətçilər və diplomatlar hansısa mövzu ətrafında iki və ya üç tərəfli formatda danışıqlar apara bilərlər, bu onların vəzifəsidir, qoy danışsınlar. Güc strukturları isə sərhədlərimizin və vətəndaşlarımızın, o cümlədən, şəxsi heyətin təhlükəsizliyini təmin etməyə borcludur. Son günlərdə baş verənlər yenidən erməni terroru ilə qarşı-qarşıya qaldığımızı və Rusiya tərəfin də səssiz durması ilə hadisələrə dəstək verdiyini nümayiş etdirir. Odur ki, Ermənistana və Qarabağdakı separatçılara daha ciddi təsir edəcək tədbirlər görməliyik. Düşməni dizi üstə çökdürən şəhidlərimizin bizə təmin etdiyi hərbi üstünlüyü qorumağa və bundan istifadə edərək, düşmənin nə güclənməsinə, nə də mənəvi-psixoloji sarsıntıdan çıxmasına imkan verməliyik.

Rusiya Müdafiə Nazirliyinin sulh yaratmaq üçün təyin edildiyi ərazilərdə baş verən erməni terroruna münasibət bildirməməsi isə tərəf tutmaqdan başqa bir şey deyil. Baş verən son hadisələr rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə öz funksiyalarını yerinə yetirməməsi mənasını daşıyır. İrəvanda baş tutan “əlvida, çirkli Rusiya” mitinqindən sonra rus sülhməramlısının terrorçunu ermənilərə qaytarmasından belə çıxır ki, kim Kremli çox tənqid edirsə, o da daha çox dividend qazanır. İstənilən halda, bundan sonra hansısa ölkənin Rusiyanın imzasına, verdiyə sözə etibar edəcəyinə şübhə ilə yanaşıram. Fakt üzdədir: Azərbaycana qarşı terror aktı törədilib və bunun cavabı ən qısa müddətdə verilməlidir. Necəsini güc strukturlarımız bilir. Bədnam qonşularımızın başının yumruq dəymədən normal fəaliyyət göstərə bilməməsinin günahı bizdə deyil.

AzVision.az


Teqlər: Şuşa-terroru  





Xəbər lenti