Mərakeş qəzeti Azərbaycan iqtisadiyyatından yazdı

Mərakeş qəzeti Azərbaycan iqtisadiyyatından yazdı
  29 Mart 2014    Oxunub:1246
“Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycan- Mərakeş əlaqələri ilə bağlı məqalə dərc edilib.
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 28 mart tarixli nömrəsində “Mərakeş-Azərbaycan: daimi əlaqələr və eyni müqəddərat” adlı məqalə dərc edilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, müəllif məqalədə Azərbaycan ilə Mərakeş arasında diplomatik əlaqələrin 1992-ci ilin avqustunda qurulduğunu xatırladır. Yazıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mərakeşin mərhum Kralı II Həsən ilə görüşündən bəhs edilir. Bildirilir ki, bu tarixi görüşdən sonra bir çox sahələrdə ikitərəfli əlaqələr dinamik inkişaf etməyə başlamışdır. Müəllif Prezident İlham Əliyevin və Kral VI Məhəmmədin siyasi iradəsi ilə hazırda əlaqələrimizin daha uğurla inkişaf etdiyini vurğulayır. Həmçinin 2006-cı ildə Azərbaycanın Rabatda, 2009-cu ildə isə Mərakeşin Bakıda səfirliklərinin açıldığı diqqətə çatdırılır.
İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa dair sazişlərin imzalandığını bildirən müəllif iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayır, bunun üçün mövcud potensialın olduğunu yazır.

Məqalədə müəllif hər iki ölkənin ərazi bütövlüyü problemi ilə üzləşdiyini, Mərakeşin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini, Azərbaycanın isə Qərbi Səhra məsələsində Mərakeşin mövqeyini dəstəklədiyini qeyd edir.
O, hər iki ölkənin nüfuzlu beynəlxalq təşkilatlarda bir-birilərinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğulayır.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, ölkəmizin problemin həlli ilə bağlı mövqeyi barədə oxuculara ətraflı məlumat verilir. Diqqətə çatdırılır ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb.

Yazıda, həmçinin Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verilir. Qeyd edilir ki regionun qabaqcıl ölkəsi olan Azərbaycan bir sıra iri layihələr həyata keçirir. Ölkədə enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilir.


Teqlər:





Xəbər lenti