Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçiriləcək
Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilir.
Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir.
Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.
Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
Hökumət nümayəndələrinin, dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirakı ilə keçiriləcək Forumda foyedə uşaq hüquqlarına dair filmlər nümayiş olunacaqdır. Forumda müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunacaqdır. İki hissədən ibarət olacaq Forumda birinci rəsmi hissənin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək, davamında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubu oxunacaqdır. Türkiyə Cümhuriyyəti ilə tele-körpü yaratmaqla uşaqlar ürək sözlərini, təbriklərini bildirəcəklər.
Daha sonra 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil olunacaqdır. İkinci hissədə qrup işləri üzrə təqdimatlar nümayiş olunacaq, qəbul edilmiş sənədlər, Forum iştirakçılarının cənab Prezidentə müraciəti, beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Əlaqələndirmə Şurasının tərkibi səsləndiriləcəkdir. Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə, IV Forumu 2017-ci ildə keçirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


