O, 1998-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olub. 2006-cı ildə doğulduğu kənddə məktəbə gedib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Vətən müharibəsi başlayan zaman hələ də təhsil almasına baxmayaraq, müharibədə iştirak etmək üçün könüllü müraciət edib. Sentyabrın 29–dan dekabrın 10-a qədər döyüşlərdə iştirak edib. Füzulinin, Cəbrayılın və Şuşanın azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşub. Sonuncu dəfə ayağından qəlpə yarası alıb. Vətən müharibəsində iştirakına görə “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin qardaşı Sərxan Niftəliyev AzVision.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Ümid leytenant rütbəsini müharibəyə qatılmazdan öncə almışdı. Müharibə bitdikdən sonra geri qayıdıb təhsilini tamamlayıb və Laçında ilk hərbi xidmətinə başlayıb.
Sərxan Ümidlə son dəfə iki-üç gün bundan öncə danışıb. Ümid fəxrlə yüksəkliklərin nəzarətimiz altında olduğunu deyibmiş: "Qardaşımla tez-tez danışırdıq. Ötən gün maşınlarının vurulduğu və qardaşımın şəhid olduğu xəbərini aldıq”,- deyən Sərxan üçün sonuncu dəfə vidalaşacağı qardaşı barədə danışmaq çətin idi.
Ümid Niftəliyev sabah torpağa tapşırılacaq.
Şahanə Rəhimli
AzVision.az