Türkiyədə seçkilərdə qarşıdurma: 9 yaralı

Türkiyədə seçkilərdə qarşıdurma: 9 yaralı
  30 Mart 2014    Oxunub:1047
Türkiyənin Şanlıurfa vilayətində Karaköprü rayonunda muxtarlığa namizədlər arasında dava düşüb.

AzVision.az xəbər verir ki, Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, qarşıdurma nəticəsində biri polis olmaqla 3 nəfər yaralanıb.

Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb.

Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.

Şanlıurfa vilayətinin Birecik rayonunda isə iki ailə arasında silahlı və dəyənəkli qarşıdurma zamanı 6 nəfər yaralanıb.

Hadisə səhər saatlarında rayonun Çiftlik kəndində baş verib. Muxtarlığa namizəd iki nəfər mübahisə ediblər. Namizədlərin ailə üzvləri mübahisəyə qoşulan vaxt tapançadan açılan atəşdən 4 nəfər yaralanıb. İki nəfər isə dəyənək zərbələrindən xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.


Teqlər:  





Xəbər lenti