Saakaşvili Qoridəki hərbi hospitala yerləşdirildi
Binanın Saakaşvilinin yerləşdirildiyi qanadında dəmir barmaqlıqlar quraşdırılıb. Bundan əlavə, jurnalistlərin oraya yaxınlaşmasına imkan verməmək üçün həmin sahə avtobuslarla mühasirəyə alınıb, hospitalın girişinə polis nəzarəti gücləndirib.
Saakaşvilinin palatya keçirilməsindən dərhal sonra onun təmsilçiləri Səhiyyə nazirliyinin öz vədini pozduğunu bəyan ediblər. Onların iddiasına görə, sabiq prezidentin şəxsi həkimi Nikoloz Kipşidze, vəkilləri Nika Qvaramiya və Dmitri Sadzaqlişvili, anası Giuli Alasaniya Saakaşvilini hospitalda qarşılamalı idilər. Lakin Saakaşvilinin palataya köçürülməsi zamanı onlar hospitalın yanında olublar və yalnız keçmiş prezidenti gətirən avtokolonun təyinat yerinə çatmasından 15 dəqiqə sonra həmin şəxsləri binaya buraxıblar.
Son iki gündə Gürcüstanın keçmiş preizndti ağır vəziyyətdə həbsxana klinikasının reanimasiya şöbəsində olub.
Hakimiyyətin onun hospitala köçürülməsi barədə qərarından sonra Saakaşvili 50 gün davam edən aclıq aksiyasını dayandırdığını bildirib. Sabiq prezident Qoridə aclıqdan sonrakı bərpa dövrünü də keçməlidir. Müxalifət isə hospitalın həndəvərində protest aksiyaları keçirməyəcəyi vədini verib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Saakaşvili hospital