Güclü ölkənin zəif pulu: Lirəni nə gözləyir – TƏHLİL

      Güclü ölkənin zəif pulu:    Lirəni nə gözləyir –    TƏHLİL
  22 Noyabr 2021    Oxunub:5249
Ötən həftə Türkiyə lirəsi daha 4 faiz zəifləyərək, tarixi minimuma – 1 dollar/11 lirə məzənnəsinə endi. Beləliklə, lirə dolların qarşısında təkcə bu il ərzində 32%, son 4 ildə isə 65% ucuzlaşıb. Hazırda o, inkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən zəif və yüksək riskə malik valyuta hesab olunur.
Halbuki, Türkiyə iqtisadiyyatı hazırda yüksək artım dinamikası nümayiş etdirir. 2021-ci ilin 2-ci kvartalında Türkiyədə ÜDM-in artımı 21,7 faiz olub ki, bu, 1999-cu ildən bəri ən yüksək göstəricidir. Mərkəzi Bankın valyuta ehtiyatları 110 milyard dolları keçib. Yəni fundamental makroiqtisadi göstəricilər təlaşa düşmək üçün heç bir əsas vermir. Bəs elə isə, lirənin üzüaşağı yuvarlanmasına səbəb nədir?


Bu həftəki enişin əsas səbəbi Mərkəzi Bankın faiz dərəcələrini 1 baza punktu səviyyəsində azaldaraq, 16 faizdən 15 faizə salması oldu. Halbuki, indiki vəziyyətdə 16 faizlik stavkanın özü də Türkiyə üçün kifayət qədər yumşaq göstərici sayıla bilərdi. Əgər faiz dərəcələri azaldılırsa, ölkədə kreditlər ucuzlaşır, işgüzar fəallıq artır, fəqət bu zaman milli valyuta da ucuzlaşır. Faiz dərəcələrini salmaq yolu ilə işgüzar fəallığı artırmaq Ərdoğanın iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. O, yüksək faiz dərəcələrini “xalqın bəlası” və “bahalığın əsas səbəbi” hesab etdiyini gizlətmir. Artıq ardıcıl 4 aydır ki, Mərkəzi Bank Ərdoğanın tələbi və təzyiqilə faiz dərəcələrini azalda-azalda gedir. Halbuki, yüksək inflyasiya şəraitində bunu etmək risklidir. Hazırda dünyada heç bir mərkəzi bank aqressiv yumşaltma siyasəti yürütmür, əksinə, hamı stavkaları artırır. Ona görə, Türkiyənin davranışı xüsusilə seçilir və lirəni aşağıya itələyir.


Mərkəzi Bankın rəhbərliyi bunu sözsüz, başa düşür, amma Ərdoğana müqavimət göstərə bilmirlər. Müqavimət göstərəndə Ərdoğan sadəcə, rəhbərliyi dəyişir. Son iki ildə Mərkəzi Bankın rəhbərliyi 3 dəfə istefaya göndərilib.

Ərdoğan üçün yüksək faiz dərəcələrini azaldaraq, Türkiyə iqtisadiyyatını kredit buxovlarından azad etmək və gələcək inkişafına zəmin yaratmaq əsas ideyaya çevrilib və heç kim onu bu yoldan döndərə bilmir. Geniş mənada Ərdoğan haqlıdır: Dünyada ən yüksək faiz dərəcələrindən biri Türkiyədədir və onlar azaldılarsa, gələcəkdə ölkənin iqtisadiyyatı indikidən qat-qat yaxşı dinamika göstərəcək. Amma əvvəlcə həmin gələcəyə çatmaq lazımdır axı... Buna qədər Türkiyənin ağrılı bir sosial-iqtisadi mərhələdən keçməsi qaçılmaz olacaq.


Hazırda dünyadakı bahalaşma dalğasının da təsirilə Türkiyədə inflyasiya əhali üçün çox ağır səviyyəyə çatıb. Əgər iyulda inflyasiya 14 faiz idisə, ilin sonuna qədər azı 24 faizə çatacağı gözlənilir. Qeyri-rəsmi hesabatlarda bu rəqəmin daha yüksək – 40%-dən artıq olduğu göstərilir. Yoxsulluq və işsizlik artır, sosial vəziyyət ağırlaşır, əhalinin hökumətdən narazılığı rekord həddə çatıb. Altı müxalifət partiyası birləşərək, Ərdoğanın yürütdüyü siyasəti kəskin tənqid atəşinə tutur və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Sorğular göstərir ki, əhalinin təxminən 64 faizi bu tələbi dəstəkləyir.

Əgər hazırda növbədənkənar seçki keçirilsə, şübhəsiz ki, iqtidar partiyasının uduzmaq riski böyükdür. Normal halda seçki 2023-cü ildə olmalıdır. Bəs o vaxta qədər vəziyyət dəyişə bilərmi?


Ərdoğan yürütdüyü kursun doğruluğuna inanır. O, çıxışlarında deyir ki, “Biz ekonominin kitabını evelallah yazdık, yazmaya devam ediyoruz”. Bir də təkrarlayım, o, geniş mənada haqlıdır. Hazırda AKP iqtidarının yürütdüyü kurs bir neçə ildən sonra Türkiyə iqtisadiyyatını indikindən xeyli güclü və dinamik edəcək. Necə ki, onun hakimiyyətdə olduğu 19 il ərzində Türkiyə iqtisadiyyatı 3,5 dəfə artaraq, 730 milyard dollardan 2,5 trilyona qalxıb. Yol düzgündür, sadəcə olaraq, bu gün Ərdoğan nəyə görəsə lazım olduğundan daha çox tələsir. İndiki şəraitdə Mərkəzi Banka təzyiq edərək, faiz dərəcələrini aşağı salmaq doğrudanmı, bu qədər vacibdir? Hər şey bir qırağa, əgər hökumətlə MB rəhbəliyinin arasında münaqişə varsa, təkcə bu faktın özü istənilən ölkədə milli valyutaya inamın azalması üçün kifayətdir. Türkiyədə həmin münaqişə isə hətta uzaqdan baxanda da görünür.

İndiki vəziyyətdə əsas sual budur: 2023-cü ilə qədər Ərdoğanın planı nəticə verəcəkmi? Çünki əks halda, AKP-nin hökuməti yenidən təşkil etməsi çətin ola bilər. Amma nəzərə almaq lazımdır ki, Türkiyədəki problemin kökləri fundamental yox, daha çox siyasi-psixoloji xarakterlidir. Əgər günü bu gün Mərkəzi Bankın müstəqilliyi təmin edilsə və faiz dərəcələrinin yumşaldılması siyasətindən vaz keçildiyinə dair açıq mesajlar verilsə, lirənin nəinki ucuzlaşması dayana, hətta itirdiyi mövqelərini qaytara da bilər. Ona görə də, vəziyyət heç də Ərdoğanın nəzarətindən çıxmayıb. O, sadəcə olaraq, ölkəsini şok terapiyasından keçirməyə çalışır. Amma ağrı həddi artıq limiti aşmaq üzrədir və o, bunu mütləq nəzərə almalıdır.

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
AzVision.az üçün


Teqlər: Türkiyə   Lirə  





Xəbər lenti