AQTA ixracla bağlı sahibkarlara müraciət edib

AQTA ixracla bağlı sahibkarlara müraciət edib
  22 Noyabr 2021    Oxunub:685
"Qida Təhlükəsizliyi Agentliyinin Rusiyanın müvafiq qurumu ilə apardığı işlər nəticəsində ötən dövrdə 205 pomidor müssəsisinin məhsullarının ixracı ilə bağlı razılaşma əldə edilib. Həmin müəssisələrin 360 min ton məhsul ixracı potensialı mövcuddur"
AzVision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bitki sağlamlığı ilə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, payız mövsümündə əkin aparan pomidor müəssisələrində dəfələrlə monitorinq keçirilərək virusoloji müayinələr aparılıb.

"Həmin təsərrüfatlarda bu vaxtadək bitki mənşəli virus aşkarlanmayıb. Lakin ixrac partiyasını ekspertiza edərkən həmin məhsullarda virusların aşkarlanmasını qeydə alırıq. Bu ona dəlalət edir ki, iş adamları fitosanitar nəzarət sistemlərinə diqqət etmir. Və ya başqa təsərrüfat malları onların malları ilə qarışır. İş adamları başqa ölkələrə məhsullarını ixrac etmək istəyirsə, bizə müraciət etsinlər. Lazımi rəylər veriləndən sonra onlar məhsullarını ixrac edə bilərlər. Bizim ilin sonuna qədər 360 min ton pomidor ixrac etmək potensialımız var. Lakin 120 min ton məhsul ixrac edilib”.

Q.Təhməzli bildirib ki, keçən illə müqayisədə bu dövrdə pomidor 27 faiz az ixrac olunub.

"Fitosanitar nəzarət tədbirləri nəticəsində nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycandan Rusiyaya ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə xurma ixracında 46%, kartof ixracında 23%, xiyar və kornişon ixracında 35%, şaftalı və nektarin ixracında 182%, qarpız ixracında 144%, təzə üzüm ixracında 178%, gavalı və göyəm ixracında 33%, nar ixracında 17%, çiyələk ixracında 117%, armud ixracında isə 192% artım müşahidə edilib. Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində bu ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub".

Aytən Zəhra
AzVision.az



Teqlər: AQTA  



Xəbər lenti