“Zəngəzur dəhlizi Rusiyasız mümkün deyil” – Qırğız politoloq (Müsahibə)

   “Zəngəzur dəhlizi Rusiyasız mümkün deyil” –    Qırğız politoloq (Müsahibə)
  22 Noyabr 2021    Oxunub:4224
“Ötən ilin payızında Nikol Paşinyanın hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatı imzalaması Ermənistanda hələ çox narazılıqlar yaradacaq. Təbii ki, istənilən müharibə nə vaxtsa başa çatır və sülh əldə olunur, amma məsələ bunun nəyin bahasına əldə edilməsindədir. Əlbəttə, müharibənin daha tez və həmişəlik bitməsini istəyirik. Ancaq hələ ki bütün bunların nə ilə bitəcəyini demək çətindir”.
Bu fikirləri AzVision.az müsahibəsində Qırğızıstanın Dövlət Siyasətinin Təhlili Mərkəzinin direktoru Almaz Tacibay deyib. O, bildirib ki, Moskva vəziyyətdən öz xeyrinə maksimum istifadə etməyə çalışacaq və yalnız bundan sonra hərəkətə keçəcək.

-Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həlli üçün hansı imkanlar var? Yəni dalana dirənmişik?

- Hadisələrin inkişafının bir neçə variantı var. Ya hər iki tərəf müəyyən şərtlər daxilində gərginliyin azaldılması yolunda addımlar atmalı, ya da gələcəkdə bütün Qafqaz regionunu alovlandıracaq, öz maraqları üçün müxtəlif məqsədlər güdən yeni geosiyasi oyunçuları bölgəyə cəlb edəcək yeni hərbi əməliyyatlar başlamalıdır. Türkiyə, Rusiya və İranın bu bölgədə daimi maraqları və mələsələləri öz xeyrlərinə həll etməklə bağlı planları var. Əgər Türkiyə mövqeyini möhkəmləndiribsə, yerini çətin ki İrana, hətta Rusiyaya güzəştə getsin, çünki Ankaranın öz siyasətinin uğurla inkişaf etdirmək üçün dividendlərə ehtiyacı var. ABŞ və Avropa ölkələrinin də öz maraqları var. Yeri gəlmişkən, hərbi əməliyyatların dayandırılmasına böyük maraq göstərən və ilk reaksiyanı verən onlar oldu.

- Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasında nə dərəcədə maraqlıdır? Ermənistana təsir edib, onu bu sənədi imzalamağa razı sala bilərmi?

- Ermənistanın taleyinin müəyyən olunmasında Rusiyanın böyük rolu var. Mübahisəli sərhədlər və sülhün bərqərar olması məsələsi Moskvanın sayəsində həll oluna bilər. Axı keçənilki razılaşmada çox şey əldə edilib və bunun sayəsində regionda çoxlu yeniliklər var. Götürək elə Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur dəhlizini. Onu Rusiyasız həll etmək mümkün deyil, çünki Ermənistandakı dəmir yolları Rusiyaya məxsusdur.

- Necə düşünürsünüz, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələ bilərmi?

- Hər şey ola bilər, amma bu mövcud maraqlı oyunçuların heç birinə və ilk növbədə İrəvana sərfəli deyil. Buna baxmayaraq, revanşist siyasətçilər gəlsə, bu, yeni qana susayan, yeni müharibə ocağı ehtirası ilə alışıb-yanan ölkə üçün böyük imic itkisi olacaq.
Cənubi Qafqazda sülhün bərqərar olması hamı üçün faydalıdır, həm də təkcə bu regionda deyil, Qərb və Şərq tərəfdaşları olan ölkələr üçün də. Çünki Çindən Mərkəzi Asiyaya, oradan da Avropaya gedən qısa yollar Qafqazdan keçir.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti