Qüdsdəki erməni kilsəsində qalmaqal

// Patriarxlığın ərazisində otel tikiləcək

      Qüdsdəki erməni kilsəsində qalmaqal
  23 Noyabr 2021    Oxunub:3653
İsraildəki Erməni Patriarxatına aid torpaqların bir qismi otel tikintisi üçün icarəyə verilir. Ənənəvi çığır-bağır taktikasına üstünlük verən uzunburun hay-küy ustaları isə torpağın sərmayəçilərə satıldığını iddia edərək, "Kilsə sökənləri dayandırın!" plakatları ilə etiraz aksiyasına çıxıblar. Görünür, işin içində doğrudan da nəsə var, çünki hadisə Qərb və Rusiyada da erməni diasporunun marağına səbəb olub.
Erməni Apostol Kilsəsinin Qüdsdəki patriarxı Nurxan (!) Manukyan, vaxtilə bütün ermənilərin katalikosu II Qareqinə qalmaqallı məktub yazaraq, onu dünyəvi dəyərlərə bağlılıqda ittiham etməklə kilsədə ciddi hərc-mərcliyə səbəb olmuşdu. İndi isə 1948-ci ildə Suriyanın Hələb şəhərində dünyaya gəlmiş və əsl adı... Poqos olan patriarxın özü Qüdsün mərkəzindəki erməni məhəlləsinin ərazisini Avstraliyada yaşayan yəhudi əsilli milyarderə satmaqda ittiham olunur.


“Keghart” (keghart.org) portalının yaydığı məlumata əsasən, müqəddəs Ceyms Qardaşlığının (Sts. James Brotherhood) 12 erməni üzvü Nurxan Manukyanı imzasını etibarsız saymağa və "14-cü əsrdən erməni icmasına məxsus" ərazini 7 ulduzlu “Goveroun Bardez” otelinin tikintisi üçün 99 illik icarəyə verməkdən imtina etməyə çağırıb. Onlar vurğulayıblar ki, “qardaşlığ”ın konstitusiya qaydalarına əsasən, müqəddəs torpaqlardakı daşınmaz əmlak müqavilələri yalnız ümumi qərarla bağlana bilər.

Portal yazır ki, Nurxan Manukyan və onun daşınmaz əmlak dələduzluğu sxemlərində iştirak edən "biznes tərəfdaşı", müqəddəs ata Baret Yeretsyana qarşı çıxan 12 din xadiminin erməni diasporunun dəstəyinə ehtiyacı var.



Artıq imzalanan müqavilənin qüvvədən düşməsi üçün müəlliflər İordaniya kralı və Fələstin muxtariyyatının prezidenti Mahmud Abbasa müraciət etməyi məsləhət görürlər. Güman edilir ki, məsələ şişirdilib ictimailəşdirilsə Erməni Apostol Kilsəsinin Qüdsdəki patriarxı, ABŞ vətəndaşı olan Nurxan Manukyan və onun yardımçısı Baret Yeretsyan ölkəni tərk etməlidirlər.

Hiyləgər Manukyan işini elə incə düzüb-qoşub ki, Müqəddəs Sinodun bütün öncəki qaydalarını pozaraq müqaviləni daha iki məsul şəxsə imzalatmaqla "İnəklər bağı" adlanan yerdə yeni otelin tikintisinə rəsmi imkan yaradıb. Bu isə o anlama gəlir ki, Qüdsdəki erməni məhəlləsinin təxminən 10/1 hissəsi ən azı 99 il yəhudi milyarderinə məxsus olacaq...

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Erməni-kilsəsi   Qüds  





Xəbər lenti