Qərb, yoxsa türk birliyi: Rusiya üçün çətin seçim – TƏHLİL

// Moskva ikinci istiqamətdə çox incə siyasət yürütməli olacaq

      Qərb, yoxsa türk birliyi:    Rusiya üçün çətin seçim –    TƏHLİL
  25 Noyabr 2021    Oxunub:3580
Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin əməkdaşları qarşısındakı çıxışında ölkəsinin yaxın gələcək üçün xarici siyasətinin əsas prioritetlərini açıqlamışdı. Həmin prioritetlər arasında digər məsələlərlə yanaşı, post-sovet məkanı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. Çıxışın təhlilindən belə qənaətə gəlmək olar ki, Moskvanın xarici siyasəti uzunmüddətli strateji xarakter daşımaqdan daha çox, geosiyasi müstəvidə ortaya çıxan və Rusiyanın özü üçün təhlükə hesab etdiyi yeni tendensiyalarla mübarizəyə həsr olunub.
Ümumi götürsək, Rusiyanın xarici siyasətinin əsas mahiyyəti Qərblə mübarizəyə həsr olunub və siyasi-diplomatik gedişləri birbaşa, yaxud dolayı yolla Qərbdən gələn təhlükələrin dəf edilməsinə hesablanıb. Putin Qərbin Rusiya sərhədinin 20 km.-də hərbi manevlər etməsindən narahat olduğunu açıq şəkildə dilə gətirib və bu manevrlərin onun ölkəsinə təhlükə yartmayacağına dair zəmanət istəyib.
- Açıq şəkildə məsələ qoyulmalıdır ki, bu istiqamətdə bizim təhlükəsizliyimizə uzunmüddətli ciddi zəmanət verilsin. Çünki Rusiya daimi olaraq orada nələrinsə baş verəcəyi barədə düşünərək, mövcudluğunu davam etdirə bilməz,- Putin bildirib.

Belə aydın olur ki, Rusiyanın Avropa və Amerika ilə münasibətləri yaxın gələcək üçün daha da kəskinləşəcək və bu ziddiyyətin mərkəzində təbii ki, Ukrayna məsələsi dayanır. Rusiyanın Ukraynaya müdaxiləsi Qərbin Rusiyanın sərhədi boyunca hərbi gərginlik yaratmasına legitimlik qazandırır.

Beləliklə, Rusiya Qərblə əməkdaşlığın bərpa ediləcəyinə ümidini kəsməsə də, bu istiqamətdə inteqrasiya siyasətindən tamamilə üz döndərərək, Şərq və Cənuba yönəlmək qərarına gəlib. Putinin çıxışından aydın olur ki, şərq və cənub-şərq istiqamətində əsasən Çin və Hindistanda münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, Rusiyanın cənubundakı post-sovet Orta Asiya və Qafqaz respublikalarının inteqrasiyası Kremlin xarici siyasi xəttinin əsas istiqaməti olacaq.

Belə çıxır ki, Rusiyanın qərbdəki post-sovet respublikalarını öz orbitinə qaytarmaq siyasəti iflasa uğradı. Halbuki, həmin respublikaların əksəriyyəti ruslarla eyni etnik köklərə mənsub olmaqla yanaşı, eyni dini baxışlara da sahibdirlər. Rusiyanın illərdir yeritməyə çalışdığı “rus dünyası”, “rus sivilizasiyası”, “rus ruhu”, “slavyan qardaşlığı”, “provoslav birliyi” kimi ideoloji inteqrativ təbliğat mexanizmləri heç bir nəticə vermədi. Rusiya eynik etnik və dini kökləri olan Ukrayna ilə müharibə şəraitində, həmçinin, provoslav xalqlar olan Moldova, Gürcüstan və Polşa ilə də münasibətləri gərgin vəziyyətdədir. Bircə Belarus Rusiya ilə ittifaq dövlətində birləşməyə razı olub ki, bunun da əsas səbəbi Lukaşenkonun öz ölkəsinin Ukraynanın taleyini yaşamaması istəyilə bağlıdır.

Rusiya Orta Asiya və Qafqazı özünə inteqrasiya etmək üçün əsas vasitə kimi Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını görür. Moskva hər iki təşkilata üzv olan ölkələrə bir tərəfdən iqtisadi imkanlar, digər tərəfdən suverenliyin təminatını vəd etməklə, bu respublikaları öz çətiri altında saxlamağa çalışır. Təbii ki, qeyd olunan təşkilatlara üzvlük iqtisadi və hərbi üstünlükdən daha çox həmin respublikaların Rusiyadan asılılığı hesabına baş tutur. Hətta qonşu respublikalara bu təşkilatlar çərçivəsində həqiqətən iqtisadi və hərbi üstünlüklər qazandırsa belə, müstəqil dövlətlərin Rusiyanın ətrafında inteqrasiyaları üçün əsas element sayılan ideoloji bazanın mövcud olmaması birliyin baş tutacağını sual altında qoyur.

Digər tərəfdən, regionda “rus birliyi”nə alternativ olaraq “türk birliyi” yaranır ki, bu birlik çərçivəsində iqtisadi perspektivlər və hərbi təhlükəsizlik daha aydın görünməklə yanaşı, xalqlararası birləşdirici mühüm faktor hesab edilən etnik bərabərlik mövcuddur. Bu baxımdan, Rusiyanın müsəlman-türk respublikalarını öz orbitində qeyri-müəyyən iqtisadi perspektiv vədlərlə saxlaması inandırıcı görünmür.


Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi və “Türk birliyinə qlobal baxış 2040” adlı rəsmi doktrinanın qəbul edilməsi təbii ki, Moskvanı narahat etməyə bilməz. Maraqlıdır ki, Türk birliyinin qlobal strategiyasında heç də dərin ideoloji əsaslandırma, patürkizmdən irəli gələn “dünya türklərinin bir dövlətdə birləşməsini öngörən ideoloji çalarlar” yer almır. Sadəcə olaraq, sənədin əvvəlində əməkdaşılığın “türkdilli dövlətlərin ümumi tarix, dil, mədəniyyət və dəyərlər” üzərində qurulduğu qeyd olunur. Budan sonra isə sənəddə üzv ölkələrin 2040-cı ilə kimi konkret hansı sahələr üzrə inteqrasiya həyata keçirəcəkləri qeyd olunur.

Burada diqqət çəkən əsas məqam Türk birliyinin sırf etnik köklərə dayanması və dini fərqliliklərin ümumiyyətlə, nəzərə alınmamasıdır. Bu mənada, üzv ölkələr olan müsəlman Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yanaşı xristian Macarıstanın təşkilatda müşahidəçi qismində yer alması diqqətdən yayınmamalıdır. Eyni zamanda, dövlətlərdəki fərqli məzhəblər də inteqrasiya elementi hesab olunmur.

Məsələnin bu tip qoyuluşu Rusiyanı ciddi çağırışlarla üzləşdirir. Belə ki, Ukrayna da, Rusiya tərəfindən ilhaq olunmuş Krımda yaşayan etnik türklər olan tatarların özünün tamhüquqlu vətəndaşı kimi qəbul etdiyinə görə Türk Birliyinə müşühidəçi qismində qoşulmaq istəyir. Ukraynanın türk birliyinə qoşulması avtomatik olaraq Türk Dövlətləri Təşkilatına anti-Rusiya çaları verəcək və belə vəziyyət Moskvanı ciddi dilemma qarşısında qoyur.

Bir tərəfdən tərkibində çoxlu sayda türk xalqları olan Rusiya bu reallıqları əsas gətirərək, Türk Dövlətləri Təşkilatına qoşula və bu yolla Ukraynanın birliyi ona qarşı qoymaq cəhdlərini önləyə bilər. Devlet Bahçelinin prezident Ərdoğana Rusiyanın da ərazisinin yer aldığı Türk dünyası xəritəsini hədiyyə etməsinə münasibət bildirərkən prezident Putinin sözçüsü Peskovun türklüyün mərkəzinin Altayda, yəni Rusiya ərazisində yerləşdiyini xatırlatması güman ki, bu reallıqdan irəli gəlirdi. Lakin, Kremlin Türk Dövlətləri Təşkilatına qoşulması üçün Rusiyanın tərkibindəki türk xalqlarının etnik mənsubiyyətlərini qabartması və bundan irəli gələn öhdəlikləri yerinə yetirməsi lazımdır ki, bu hal türk xalqlarının get-gedə suverenliyə can atmasına səbəb ola bilər. Digər tərəfdən, Moskvanın türk dövlətlərinin birliyinə qarşı ziddiyyətli mövqedə dayanması da cənub sərhədlərində sabitlik baxımından ağıllı mövqe deyil. Demək, Rusiya türk birliyi ilə çox incə, ölçülüb-biçilmiş siyasət yeritməyə məcburdur.

Tofiq Əsgərov
AzVision.az



Teqlər: Rusiya   Türk-birliyi  





Xəbər lenti