İƏT-in faktaraşdırıcı missiyasının Qarabağla bağlı hesabatı qəbul edilib
Sözügedən hesabat İƏT MDİHK-nın Ciddədə keçirilən 18-ci sessiyası çərçivəsində müzakirə olunub. Hesabatda Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində törədilən müharibə cinayətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin, o cümlədən məscidlərin məhv edilməsi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilib.
İƏT MDİHK-nın hazırladığı hesabatın yekununda Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu insan hüquq pozuntularının araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidası altında Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş azərbaycanlıların tapılması, onların ailə üzvlərinə psixoloji yardımın göstərilməsi məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması, İƏT, Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını dəstəkləyən layihələrin maliyyələşdirilməsi kimi tövsiyələr də verilib.
Hesabat Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edilərək, 2022-ci ilin mart ayında İslamabadda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilib.
AzVision.az