“Rusiya özününküləri döyür ki, özgələr qorxsunlar ” - Aleksandr Jukovski (Müsahibə)

“Rusiya özününküləri döyür ki, özgələr qorxsunlar   ” -     Aleksandr Jukovski (Müsahibə)
  27 Noyabr 2021    Oxunub:7406
Vaşinqton və onun Avropadakı müttəfiqləri Rusiya silahlı qüvvələrinin Ukrayna ilə sərhəddəki fəallığından narahatdırlar. Yaxın keçmişi nəzərə alan ABŞ-ın dövlət katibi Blinken isə bunun Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlığı ola biləcəyini də istisna etməyib. “New York Times” qəzetinin məlumatına görə, Amerikanın kəşfiyyat orqanları NATO üzrə müttəfiqlərini xəbərdar ediblər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısının alınması üçün çox az vaxtları var.
- Rusiyada qərarların qəbul edilməsi sistemi maksimum dərəcədə aşkarlıqdan uzaqlaşır və daha çox Rusiya prezidentinin və onun həmfikirlərinin məhdud dairəsinin subyektiv qiymətləndirmələrindən asılıdır, - rusiyalı politoloq Aleksandr Jukov AzVision.az -a müsahibəsində deyib. Şəxsiyyətin rolu açıq-aşkar böyüdülüb. Belə qərarlar qeyri-sabit, qısamüddətli ola, tezliklə hətta tam əks mahiyyətli qərarlarla dəyişdirilə də bilər. ABŞ-da isə əksinə, qərarların qəbulu təcrübəsi daha çox kollegial xarakter daşıyır və əsasən aşkar reaksiyalardan asılı olur. Şəxsiyyətin rolu da böyük deyil. Yanaşmalardakı və verilən reaksiyalardakı müxtəliflik qeyri-müəyyənlik, ixtilaf yaradır. Görünən odur ki, ABŞ-ın mövqeyi daha çox təhdidin profilaktikasına, Rusiyanınkı isə onun artırılmasına istiqamətlənib. Rusiya tərəfinin cari motivlərini daxili problemlər ən yaxşı şəkildə nümayiş etdirir. Hakimiyyətin reytinqinin ardıcıl şəkildə enməsi elitanı xarici problemlərdən daha çox narahat edir. Son vaxtlar ölkənin inqilab potensialını tam sərf etdiyi, dinc şəraitdə yaşayıb-işləməli olduğu barədə Rusiya KİV-lərində artıq bir neçə dəfə konseptual bəyanatlar səsləndirilib. Neqativ xarici şərait dinc daxili münasibətlərin mövcudluğu zərurətini vurğulayan faktordur. Belə halda təhdid nümayişindən həqiqi toqquşmalara keçid aktual görünmür. Yığılıb qalmış daxili ziddiyyətlər şəraitində real hərbi toqquşmalara təhrik etmə 2 cəbhədə müharibə aparmaq demək olacaq. Rusiya hakimiyyətinin özünə neqativ daxili əhval-ruhiyyəni aradan qaldırmaq üçün nəfəsini dərmək, daxili yenidənbaşlama, administrativ islahatlar lazımdır.

- Sizcə, Rusiya-Ukrayna sərhədlərində hadisələr hansı ssenari üzrə inkişaf edəcək?

- Rusiya-Ukrayna “münasibətləri” artıq hamını bezdirib. Rusiya və Ukrayna əhalisinin bir-birinə aqressiya potensialı artmır. Hər iki tərəfdən KİV-in aktiv şəkildə tirajladığı administrativ, bürokratik və hərbi ambisiyalar var. Gərginlik dövrü 7 ildir ki, nəticəsiz davam edir və yəqin, əhalinin maraqlarına yaxın olan daha rasional fazaya keçəcək.

- Bir sıra Amerika KİV-ləri Rusiyanın ABŞ-a qarşı kosmik müharibəyə başladığını bəyan ediblər. Belə bəyanatların əsasında Rusiyanın “S-550” mobil raket sisteminin ABŞ-ın nüvə başlığı daşımağa qadir olan çoxfunksiyalı X-37 pilotsuz kosmik uçuş aparatını vura bilməsi barədə məlumat dayanır. Məsələ həqiqətənmi Amerika KİV-lərinin təqdim etdiyi kimidir?

- Bu aksiyanın nəticələri Rusiyanın özünün kosmosdakı maraqları üçün yaxşı olmadı. Peykin qalıqlarının səpələnməsi Rusiyanın böyük resurslar xərclədiyi və xərcləməkdə davam etdiyi “Mir” beynəlxalq stansiyasına təhdid yaratdı. Bu onu göstərir ki, qərar kortəbii şəkildə, uzunmüddətli planlar olmadan, “özününküləri döy ki, özgələr qorxsunlar” situativ informasiya fürsəti kimi qəbul edilib. Əlbəttə ki, amerikalı müşahidəçilər hadisəni daha ciddi təfsir ediblər və ABŞ-ın həyəcanlı profilkatik tədbirləri də məhz bununla bağlıdır. Yəqin ki, aksiyanın sonuncu məqamının məqsədi elə ABŞ və Rusiya liderlərinin yüksək səviyyəli mümkün görüşünün aktuallığını vurğulamaq olub.

- Amma, bununla belə, pozitiv xəbərlər də daxil olur. Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova hesab edir ki, ABŞ və Rusiyanın münasibətlərində çətinliklərdən başqa, yaxşılığa doğru da dəyişikliklər yaranmağa başlayıb. Hansı sahələrdə inkişaf nəzərə çarpır?

- Prezidentin və Rusiya elitasının xarici aləmlə həqiqətən də dialoqda maraqlı olduğu görünür. Doğrudan da orada Rusiyaya zəruri olan texnologiyalar, Rusiya resurslarının istehlakçıları, özəl və dövlət maliyyə ehtiyatları var. Rusiya KİV-ləri uzun müddətdir ki, Putinlə Baydenin mümkün ola biləcək görüşünün anonsunu verirlər. Cari ilin yayında Rusiya və Çin liderlərinin görüşü keçirildi. Bir qədər əvvəl isə Co Bayden Çinin lideri Si Cinpunlə bir araya gəlmişdi. Bu görüş ABŞ prezidenti ilə ən azı belə bir görüşün keçirilməsi naminə Rusiya tərəfindən diplomatik və bütün digər müstəvidə fəallıq üçün katalizatora çevrildi. Belə razılaşmalar yarandı və bu həm “qələbə”, həm də bütün aktual problemlərin həlli üçün Rusiya diplomatiyasının ümidi oldu.

- Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Avropa İttifaqının (Aİ) sərhədindəki miqrant böhranı vəziyyətilə bağlı Rusiyanın Belarusa təzyiq göstərəcəyinə ümidlidir. Buna qədər Aİ də belə mövqedən çıxış edib. Niyə Brüssel danışıqları birbaşa prezident Lukaşenko ilə aparmaq istəmir, amma kömək üçün Rusiya prezidenti Putinə müraciət edir?

- Aİ qeyri-legitim prezident kimi (Belarusda prezident seçkilərinin nəticələrini Avropa tanımayıb) Lukaşenkoya gərgin və hətta toksik münasibət sərgiləyir. Rusiya-Belarus münasibətləri isə əksinə, zirvə nöqtəsindədir. Bəzi avropalı liderlərin fikrincə, Putinin münaqişədə iştirakı problemi yumşaldar və hətta aradan qaldıra da bilər. Amma Rusiyanın lideri münaqişəyə qarışmadı və heç qarışmağa da hazırlaşmırdı.
Demokratik və avtoritar ölkələrdə insan kapitalına yanaşmada mövcud olan müxtəliflik bu gün miqrantlara münasibətdə özünü göstərir. Rusiya və Belarus liderləri üçün kütlələr kobud şəkildə idarə olunan və hətta istifadə edilən materialdır. Avropanın demokratik dəyərləri isə insan haqlarına qarşı nümayşkarənə və sinik aksiyalar keçirməyə icazə vermir. Lukaşenkonun Aİ ilə razılaşdırmadan miqrantların Avropaya tranziti üzrə “təşəbbüsü” əlbəttə ki, bu məsələ ilə bağlı gərginlik yaratdı. Yanaşmalardakı bu ziddiyyət öz həllini tez tapmaycaq və səngiməyəcək. Bu problem “qığılcımlar saçacaq”, prosesin iştirakçaılarının iradəsini və sağlam düşüncəsini sınağa çəkəcək.

- Qarabağ münaqişəsindən sonrakı dövrdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?

- Geosiyasi mövzular Rusiya üçün diqqət mərkəzində olub və qalmaqdadır. Lokal sərhəd münasibətləri, əsasən, “etimad və ümidlər” kimi tarixi ətalət müstəvisində “işləyir”, aydın, dayanıqlı və uzunmüddətli planlara malik deyil. Daha çox kortəbii, qısamüddətli, konyuktur reaksiya var. Məsələn, Ermənistanın KTMT-dən çıxmaq təhdidi Rusiyanı müəyyən dərəcədə fəallaşdırdı (Moskva öz hərbi iştirakını gücləndirdi), lakin postsovet ərazilərinin uzaqlaşması – bəzilərinin Qərbə, digərlərinin isə azad şəkildə üzməsi - prosesi obyektiv şəkildə davam edir.
Rusiya liderləri onilliklər boyu Qarabağ ətrafında baş verənlərə göz yumublar, ona görə də fakt deyil ki, bu ərazinin cari problemləri Rusiyada öz rasional həllini tapacaq.

Samir Vəliyev
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti