Yeni ştamm gəlir: "Omikron"u təhlükəli edən nədir?

// Dünya ölkələri Afrika ilə gediş-gəlişi məhdudlaşdırırlar

 Yeni ştamm gəlir:  "Omikron"u təhlükəli edən nədir?
  27 Noyabr 2021    Oxunub:1714
Koronavirusun yeni və daha təhlükəli hesab edilən variantının (B.1.1.529) ortaya çıxması elm adamları, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir sıra ölkələr tərəfindən böyük narahatlıqla qarşılanıb. Yeni ştamma ilk yoluxma halı Cənubi Afrikanda qeydə alınsa da, ardınca bir çox dövlətlərdə bu varianta yoluxma halı aşkarlanıb.
AzVision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə iclasında Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (O) adını verib. Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur. “Omikron” ştammı yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır. Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib.

Mütəxəssislər yeni variantın tezliklə bütün dünyada yayılmasından ehtiyat edirlər. Son məlumatlara görə, B.1.1.529 varinatına Cənubi Afrikada 77, Botsvanada 4, Honq Konqda 2, İsrail, Almaniya və Belçikanın isə hərəsində 1 yoluxma qeydə alınıb. Honq Konqda yoluxma Cənubi Afrikadan gələn şəxsdə müəyyən edilib.

Cənubi Afrika alimləri öz araşdırmalarına əsaslanaraq, yeni variantın artıq ölkənin bütün ərazisində mövcud olduğunu güman edirlər.

Bəs yeni ştamm haqqında nə məlumdur? “Omikron”un daha təhlükəli olduğunu sübut edən hansı faktlar var?

Mütəxəssislərin fikrincə, intensiv mutasiya insanlar üçün mütləq təhlükəli olmasa da, hazırda Uhanda ortaya çıxan və pandemiyaya səbəb olan virusdan köklü şəkildə fərqli bir infeksiya ilə qarşılaşdığımızı başa düşməliyik. Xüsusilə də bəzi mutasiyalar insan orqanizmindəki antitellərin virusu əvvəlki kimi asanlıqla tanımasını qeyri-mümkün edir. Elm adamları virusun daha geniş yayılma imkanlarından ehtiyat edirlər. Çünki Cənubi Afrika təcrübəsi “Omikron”un sələflərindən daha sürətli yayıldığını göstərir. Yeni variantın digər ştamlardan sağalmış insanlara təsir göstərə biləcəyi də istisna edilmir.


Cənubi Afrikanın Epidemioloji Reaksiya Mərkəzinin rəhbəri, professor Tulio de Oliveyr bildirib ki, yeni variant onları təəccübləndirib: “Bu ştamm böyük təkamül sıçrayışı etdi və təxminən 50 mutasiyadan keçdi". Onun sözlərinə görə, B.1.1.529 virusu mutasiyalardan sonra orqanizmdə zülal tərkibinə təsir edə bilər ki, buna qarşı vaksinlər o qədər effektiv olmaya bilər.

ABŞ-ın Kaliforniya Universitetinin epidemiologiya üzrə professoru Corc Rezerford isə hesab edir ki, mövcud peyvəndlər müxtəlif növ koronavirusa qarşı təsirli olub və Afrikadan gələn yeni ştammın istisna olacağını düşünmək üçün heç bir əsas yoxdur.

Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasının professoru Aleksey Aqranovski bir qədər fərqli düşünür. Onun fikrində, mutasiyaya uğramış COVID-19-un xüsusiyyətləri barədə danışmaq üçün hələ tezdir, ilk növbədə ətraflı araşdırma aparmaq lazımdır: "B.1.1.529 qəbul edilmiş təsnifata görə “narahatlıq doğuran” virus qrupuna daxil edilib. Belə bir standart termin var. Bu, o deməkdir ki, ona diqqət yetirmək lazımdır. Lakin heç də o demək deyil ki, dəhşətli nəsə baş verib və bu, “Delta”dan daha da yoluxucu ola bilər. Qeyd edilənlər hələ təsdiqini tapmayıb”.

Aqranovski əlavə edib ki, vəziyyəti tam olaraq başa düşmək üçün bütövlükdə Afrikada koronavirusun yayılması ilə bağlı kifayət qədər məlumat yoxdur. Mütəxəssis onu da vurğulayıb ki, B.1.1.529-un müzakirəsi üçün ÜST tərəfindən çağırılan iclas adi prosedurdur və hələlik yeni ştamın ifrat təhlükəsini göstərmir.

London İmperial Kollecinin tədqiqatçısı Tom Pikokun sözlərinə görə, B.1.1.529 ştamının sünbül zülalında 30-dan çox mutasiya aşkar edilib və onlardan bir neçəsi antitellərin patogeni aşkarlamasını çətinləşdirir.

London Universitet Kollecinin Genetika İnstitutunun direktoru, professor Fransua Ballot isə vurğulayıb ki, immun sistemi zəif olan insan (ehtimal ki, lazımi müalicə almayan İİV/QİÇS xəstəsi) yeni ştamma yoluxa bilər. İmmunitet sisteminin öhdəsindən gələ bilmədiyi koronavirus infeksiyasının xroniki gedişi xəstənin orqanizmində bir anda çox sayda mutasiyaların uzun müddət toplanmasına şərait yarada bilər.

Artıq ABŞ-ın “Moderna” şirkəti koronavirusun “Omikron” ştammına qarşı peyvənd üzərində işlədiyini elan edib. Şirkətin məlumatına görə, tez bir zamanda hazırlanması nəzərdə tutulan yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha yaxşı qoruya biləcək.

Dövlətlər hansı ehtiyat tədbirləri görürlər?

Bir sıra dövlətlər yeni ştammla əlaqədar olaraq məhdudlaşdırıcı tədbirlərə başlayıblar. Belə ki, Böyük Britaniya artıq altı Afrika ölkəsi - Cənubi Afrika, Botsvana, Namibiya, Lesoto, Zimbabve və Esvatini ilə uçuşları ləğv edib. İsrailin baş naziri Naftali Bennet də Afrikanın əksər ölkələrindən uçuşların qadağan edildiyini açıqlayıb.

ABŞ noyabrın 29-dan etibarən Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq. Prezident Co Bayden bildirib ki, ehtiyat tədbiri olaraq, daha çox məlumat əldə edənə qədər Cənubi Afrikadan və digər yeddi ölkədən hava nəqliyyatı ilə ölkəyə gələnlərə məhdudiyyətlər qoymağa göstəriş verib. Noyabrın 29-da qüvvəyə minəcək yeni məhdudiyyətlər Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir.

Avropa İttifaqı (Aİ) ölkələri ümumi qərarı gözləmədən Cənubi Afrikadan reyslərə qadağa qoymağa başlayıb, ilk sıralarda Avstriya və Niderland var. Almaniya noyabrın 27-dən etibarən Cənubi Afrika ilə hava nəqliyyatını müvəqqəti məhdudlaşdırıb. Aviaşirkətlərə yalnız Cənubi Afrikada olan Almaniya vətəndaşları üçün ölkədən çıxmaq üçün uçuşlar həyata keçirməyə icazə veriləcək. Şənbə günündən etibarən Çexiya son 14 gündə 12 saatdan çox Cənubi Afrika, Namibiya, Lesoto, Svazilend, Zimbabve, Botsvana, Mozambik və Zambiyada olmuş üçüncü ölkə vətəndaşlarının girişini qadağan edir. Fransa da Afrikanın cənub ölkələri ilə uçuşları dayandırmaq qərarına gəlib.

Avropa Komissiyası isə bütün ittifaq üçün oxşar tövsiyə hazırlayır. Qurum yeni ştammın aşkarlandığı ölkələrdən gələnlərin ciddi karantinə alınmasını tövsiyə edir.

Türkiyə 5 ölkədən girişi qadağan edib. Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yeni ştammın yayılması səbəbilə Botsvana, CAR, Mozambik, Namibiya və Zimbabvedən ölkəyə quru, hava, dəniz və dəmir yolu vasitəsilə səyahət qadağan edilir.

Koronavirusun yeni variantının peyvənd faizinin yüksək olduğu ölkələrdə necə davranacağı hələlik bəlli deyil. Yeni varianta yoluxmanın “Delta” ilə müqayisədə nə dərəcədə asan və ya ağır şəkildə keçəcəyi də aydın deyil. Qeyd etmək lazımdır ki, dünyada koronavirusa qarşı peyvəndlərin paylanması ilə bağlı problem hələ də qalmaqdadır, daha əvvəl ÜST-nin baş direktoru Tedros Adan Qebreyesus qlobal paylanmanı "şokedici balanssızlıq" adlandırıb.Ümumilikdə dünyada 7,3 milyard dozadan çox peyvənd istifadə olunub, lakin bunun təxminən 70 faizi yalnız 10 ölkəyə çatıb.



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı epidemoloji vəziyyətin nəzarət altında olduğunu bildirib. O qeyd edib ki, mutasiyalar viruslara xas xüsusiyyətdir:

"Yeni ştamların meydana çıxması gözlənilən prosesdir. Azərbaycan da dünyadan təcrid olunmayıb. Bütün dünya ölkələri ilə inteqrasiya olunan dövlətik. Bu səbəbdən yeni mutasiyaların Azərbaycana gəlməsi və yayılması mümkün olan haldır".

Y.Qarayeva qeyd edib ki, ölkədə yeni mutasiyaların təyin olunması üçün bütün imkanlar mövcuddur:

"Azərbaycanda yeni ştam aşkarlandığı təqdirdə bununla bağlı məlumat dərhal ictimaiyyətə təqdim olunur. Virusla mübarizə aparmaq üçün qorunma üsullarında heç bir dəyişiklik yoxdur. Mutasiya baş verdiyi halda bu nə xəstəliyin profiliaktikasına, nə də müalicəsinə təsir etmir. Xəstəlikdən qorunmaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, mümkün qədər kütləvi yerlərdən uzaq durmalı, fiziki məsafə qorunmalı, tez-tez əllər yuyulmalı və dezinfeksiya edilməlidir.

Ən önəmlisi isə əhalinin kütləvi vaksinasiya prosesində iştirak etməsidir. Bununla bağlı çağırışlarımızı və tövsiyələrimizi vermişik. Qış mövsümünə hazırlıq olaraq vaxtı çatan və tövsiyə olunan qruplarda üçüncü doza vaksinin vurulması mütləq tövsiyə olunur”.

Pərvanə Sultanova
Aytən Zəhra

AzVision.az

Teqlər: Virus   Omikron   CAR   Yeni-ştamm  







Xəbər lenti