İƏT də "dəhliz" dedi - TƏHLİL

// KTMT-nin 3 üzvünün təmsil olunduğu qurum mövqeyini ortaya qoydu

 İƏT də "dəhliz" dedi -  TƏHLİL
  29 Noyabr 2021    Oxunub:1795
Hər bir dövlət belə müttəfiqlərinin sıralarının genişlənməsində və onların dəstəyini almaqda maraqlıdır. Bu mənada müxtəlif regional və beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycanın həmin qurumlarda haqq işinə verilən dəstək rəsmi Bakının xarici siyasətinin məntiqi nəticəsidir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.

Təşkilatın əsas məqsədləri İƏT-in əhatə etdiyi coğrafiyada ticari məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə almaqla regiondaxili və regionlararası ticarəti genişləndirməkdir. Ticarətdə qeyri-tarif maneələrinin ləğvi və tariflərin azaldılması, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İƏT-in Ticarət Sazişinə əsasən üzv dövlətlər arasında ticarətin liberallaşdırılması istiqamətində indiyədək müəyyən işlər görülüb ki, bunda da Azərbaycanın özünəməxsus payı var. Bu amili izah edən əsas səbəblərdən biri də Azərbaycanın ənənəvi qaydada təmsil olunduğu təşkilatlarda üzv ölkələrlə münasibətlərdə qarşılıqlı etimad atmosferi yaratmasıdır. Bu kontekstdə, Azərbaycanın İƏT dölətlərilə birgə təmsil olunduğu digər beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq qurması və böyük nüfuz qazanması xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizin 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsiplərinin, regional münasibətlərin prioritetlərinin, istiqamətlərinin öz əksini tapması Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa verdiyi önəmin və təşkilatın səmərəli fəaliyyət göstərməsinə marağının göstəricisidir. Məhz Azərbaycanın təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsisatına dair qurumun Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərarın qəbul edilməsi də bunu sübuta yetirir.

Bütün hallarda olduğu kimi, Azərbaycanın İƏT-in də fəaliyyətinə verdiyi töhfə, habelə təşkilatın üzvləri arasında qazandığı nüfuz xalqımızın haqq işini dəstəkləyənlərin sıralarını daha da genişləndirib.

İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına cavab verən müddəalar öz əksini tapması məhz belə yanaşmanı sərgiləyir.

Sənəddə ilk diqqət çəkən məqam xalqımızın və siyasi rəhbərliyimizin işğal altındakı ərazilərin azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə təbriki faktıdır. Digər vacib məqam üzv ölkələrin azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə sərmayələrin qoyulmasına çağırılmasıdır.

Təşkilat çərçivəsində qəbul olunan hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin işlədilməsi Zəngəzur dəhlizi reallığının İƏT coğrafiyasında dəstəkləndiyindən xəbər verir. Bu isə Azərbaycan, Türkiyə və Rusiyanın təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.

Təsadüfi deyil ki, Soçi görüşündəki uğutdan sonra İƏT-in Aşqabad sammitində Azərbaycan Prezidenti reallığa çevrilmiş Zəngəzur dəhlizinin yeni nəqliyyat infrastrukturu kimi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyini bəyan etdi. Çünki son zamanlar faktiki olaraq Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın Zəngəzur dəhlizini gerçəkləşdirməsi bölgənin nəqliyyat sektorunun inkişafında daha sərfəli imkanlar üçün yaşıl işıq yandıracaq.

Aşqabad Zirvə Görüşündə daha bir vacib məqam isə Azərbaycan xalqını və hökumətini böyük qələbə münasibətilə təbrik edən 3 İƏT üzvünün həm də KTMT çərçivəsində Ermənistanın “müttəfiqi” olmasıdır. Onu da xatırlatmaq yerinə düşür ki, həmin ölkələr artıq tarixin arxivinə verilmiş “Dağlıq Qarabağ münaqişəsi”nin həlli məsələsində bütün mərhələlərdə məhz Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. Onların bu mövqeyini şərtləndirən əsas amillərdən biri işğal dövründə bizim ərazilərdə bütün şəhər və kəndlərin, mədəni-dini irsi abidələrin yerlə-yeksan edilməsi, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlərin və qəbiristanlıqların dağıdılması faktlarıdır.
Ermənistanın insanlığa qarşı törətdiyi bütün cinayətlərə rəğmən, Azərbaycanın qalib ölkə kimi suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında təcavüzkar siyasəti fəlakətli şəkildə iflasa uğrayan İrəvanı sülh sazişi üzərində işə başlamağa dəvət etməsi, rəsmi Bakının daim beynəlxalq hüquqa hörmətlə yanaşdığını sübuta yetirir. Bu baxımdan, Soçi görüşünün nəticələrindən sonra Ermənistan tərəfindən bu çağırışa artıq müsbət reaksiyalarının müşahidə edilməsi bölgədə yeni bir eranın – Azərbaycanın təşəbbüsü ilə yaradılan sülh, təhlükəsizlik, inkişaf və yaradıcılıq erasının başlandığından xəbər verir.

Bu reallığın təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin təntənəsi və onun İƏT də daxil olmaqla bütün regional və beynəlxalq təşkilatlarda qurucu lider kimi tanınması reallığı dayanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İlhamƏliyev   İƏT  





Xəbər lenti