Texnologiyada inqilab: Mask "Neuralink"i təqdim etdi (VİDEO)

 Texnologiyada inqilab:  Mask "Neuralink"i təqdim etdi (VİDEO)
  29 Noyabr 2021    Oxunub:4025
Amerikalı milyarder İlon Mask “Neuralink” cihazını təqdim edib. O bildirib ki, əsas məqsədi investisiya əldə etmək və ya vəsait toplamaq yox, birlikdə işləmək üçün elm adamları tapmaqdır: “Biz pul toplamağa və ya başqa bir şey etməyə çalışmırıq, əsas məqsəd böyük insanları "Neuralink"də çalışmağa cəlb etmək və ideyanı həyata keçirməkdir. "Neuralink"i sərfəli və etibarlı məhsula çevirmək istəyirik ki, hər kəs ona sahib ola bilsin".
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Maskın sözlərinə görə, nevroloji problemləri olan insanlar "Neuralink"-dən faydalana biləcəklər.

"Neuralink"in detalları

Mask ilk olaraq keçən il təqdim edilən qurğunun dizaynının dəyişdiyini açıqlayıb. O, kəllə sümüyünə yerləşdirildikdən sonra tamamilə saçın altında gizlədilə biləcək qədər kiçikdir.



Mask məhsulun dizaynını izah etdikdən sonra izləyicilərə təcrübələrdə istifadə edilən 3 donuzdan danışıb. Onun sözlərinə görə, donuzlardan birincisinin (Coys) nevroloji pozğunluğu var, lakin "Neuralink"dən istifadə etməyib. Tədbirdə "Neuralink" cihazından istifadə edən ikinci donuz Gethrudenin neyron fəaliyyəti ekranda əks olunub. Gethrude yemək axtararkən və yemək üçün hərəkət edərkən izləyicilər donuzun neyron fəaliyyətini izləyə biliblər. Gethrude 2 aydır "Neuralink"dən istifadə edir.
Doroti adlı üçüncü donuz "Neuralink"dən istifadə etsə də, sonradan implant çıxarılıb. Bu nöqtədə Mask bildirib ki, istəyənlər "Neuralink" silə və ya cihazları daha müasir versiya ilə əvəz edə bilərlər.

O, eyni zamanda birdən çox "Neuralink" istifadə edən donuzların sağlam həyat sürdüyünü söyləyib. Araşdırmalarda donuzların beyin fəaliyyətləri oxunur və bu beynin oynaqlarla əlaqəsi təxmin edilməyə çalışılır. Neyronların fəaliyyətini oxuyaraq, tədqiqatçılar oynaqlardakı hərəkətləri proqnozlaşdırmağa çalışıblar. Simsiz implant donuzun bədəninin bütün üzvlərinin hərəkətlərini yüksək dəqiqliklə proqnozlaşdıra bilib.

Cihaz mobil telefona qoşulacaq

Mask deyib ki, təxminən 1024 kanalı olan cihaz hər bir kanalda oxumaq/yazmaq qabiliyyətinə malikdir, doldurulmuş cihazın batareyası bir gün işləyir. Cihazın kifayət qədər geniş diapazonu var: "Bu, vacib məqamdır, çünki bu şəkildə cihaz telefonunuza qoşulacaq. Beləliklə, proqram telefonunuzda olacaq və Bluetooth vasitəsilə başınızdakı cihazla əlaqə quracaq".


FDA-nın "Breakthrough Devices" Proqramından müsbət nəticə əldə etdiklərini deyən Mask, lazımi təsdiqləri aldıqdan və təhlükəsizlik testlərini etdikdən sonra tezliklə insanlara implant yerləşdirə biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, hələlik donuzlarda gördüyümüz cihazların yalnız oxuma qabiliyyəti var. "Neuralink"in oxumaqla yanaşı, yazmaq qabiliyyətinə sahib olması planlaşdırılır. Belə ki, cihaz insanların yaşadıqları sağlamlıq problemlərini həll edə biləcək.

"Neuralink"in min dollara satışa çıxarılması nəzərdə tutulur. İnsanlar üzərində ilk sınaqlara gəlincə, bunu onurğa beyninin iflici və ya qol, ayaq, bədən iflici olan az sayda insan üzərində həyata keçiriləcək.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: İlon-Mask  





Xəbər lenti