“EU4Lankaran” layihəsinin rəsmi açılışı olub - FOTOLAR

“EU4Lankaran” layihəsinin rəsmi açılışı olub -    FOTOLAR
  30 Noyabr 2021    Oxunub:657
Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə Lənkəran şəhərində təşkil etdiyi “EU4Lankaran” layihəsinin rəsmi açılış mərasimi olub.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov layihənin rayon üçün mühüm əhəmiyyəti olduğunu deyib. Onun sözlərinə görə, bu, iqtisadiyyatın şaxələndirilməsində vacib rol oynayacaq.

"EU4Lankaran" proqramı Lənkəran-Astara iqtisadi regionuna və yerli icmalara bütün regionda meyvə-tərəvəz sektorunun səmərəli və davamlı, ekoloji təmiz və iqlim dəyişikliyinə davamlı həlli yollarında Avropa İttifaqının hərtərəfli dəstəyini təmin edir.

Proqramın əsas məqsədi regional ərazi planlaşdırma sisteminin yaxşılaşdırılması, yerli iqtisadi və ictimai əməkdaşlıq mərkəzlərinin yaradılması və müasirləşdirilməsi, meyvə və tərəvəz sektoru üzrə Lənkəran-Astara iqtisadi rayonunda sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılmasıdır.



Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Lənkəran-Astara iqtisadi rayonunda inkişafın ölkə iqtisadiyyatdakı vacibliyini vurğulayıb: “Mən belə bir proqramın icra edildiyinə çox şadam, çünki Aİ regional inkişaf proqramlarında iqlim dəyişikliyinə və yaşıl iqtisadiyyata davamlılığı baxımından Azərbaycanla ən yaxşı təcrübələrini bölüşür”.

Səfir deyib ki, bu layihə Aİ ilə Azərbaycanı daha da yaxınlaşdıracaq: "Lənkəranın inkişafı üçün bir sıra imkanlar var, Aİ də bu imkanların reallaşmasına dəstək göstərməyə hazırdır. Çalışacağıq kənd təsərrüfatını, məhsuldarlığı inkişaf etdirib, beynəlxalq bazarlara çıxışı təmin edək. Qeyri-neft sektoru, kiçik və orta sahibkarlığın inkişafı bizim üçün prioritetdir və hər zaman Azərbaycana bu sahədə kömək etməyə çalışmışıq. Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir".



İqtisadiyyat nazirinin müavini Elnur Əliyev layihənin əhəmiyyətini vurğulayıb, Azərbaycanla Aİ arasında geniş əməkdaşlıq potensialının olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin “Lənkəran-Astara iqtisadi rayonuna Aİ dəstəyi” adlı texniki yardım layihəsinin, “Azərbaycanda sanitariya və fitosanitariya (SFS) tədbirlərinin gücləndirilməsi” adlı tvinninq layihəsinin, “Lənkəran-Astara iqtisadi regionda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyətinin əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı qrant layihənin təqdimatı keçirilib.

Lənkəran-Astara iqtisadi zonasını əhatə edən layihənin ümumi dəyəri 27 milyon manatdır və 2024-cü ilin sonuna kimi davam edəcək.





Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti