"Demokratiya sammiti parçalanmaya təhrik edir" - Çin XİN

   "Demokratiya sammiti parçalanmaya təhrik edir" -    Çin XİN
  01 Dekabr 2021    Oxunub:293
"ABŞ-ın təşkil etdiyi "Demokratiya uğrunda sammit" dünyada parçalanma və qarşıdurmaya təhrik edir, ölkələr arasında birliyə və əməkdaşlığa ciddi zərər vurur. Ona görə də bir çox dövlətlərin buna qarşı çıxması təbiidir”.
AzVision.az xəbər verir ki, bu barədə brifinqdə Çinin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Van Venbin deyib.

“Mən Rusiyanın və bir çox digər ölkələrin bu yaxınlarda ABŞ-ın təşkil etdiyi qondarma demokratiya sammitinə qarşı çıxdıqlarına və öz narazılıqlarını ifadə etdiklərinə diqqət yetirdim. ABŞ öz standartlarına uyğun xətlər yürüdür, dünya ölkələrinin və regionlarının yarısını Amerika demokratiyası düşərgəsinə daxil etməyə çalışır, digər yarısını isə qeyri-demokratik dövlətlər kateqoriyasına aid edir. Bu cür açıq-aşkar parçalanmaya yönəlmiş təxribat və qarşıdurmaya təhrik etmək ölkələr arasında birlik və əməkdaşlığa ciddi ziyan vurmaqla yanaşı, beynəlxalq sülh və sabitliyə də təhlükə yaradır. Təbii ki, beynəlxalq ictimaiyyət buna qəti şəkildə etiraz edir", - Venbin söyləyib.

Onun sözlərinə görə, ABŞ uzun müddət demokratiya şüarı altında suveren ölkələrin işlərinə qarışıb, iqtisadi sanksiyalar tətbiq edib, iğtişaşlar yaradıb, təcavüzkar müharibələrə start verib, dövlətlərə və beynəlxalq ictimaiyyət ciddi fəlakətlər gətirib.

“Qondarma “demokratiya sammiti” Vaşinqtonu demokratiyanın zirvəsinə çevirməyəcək, ancaq dünyaya Amerika manipulyatorlarının və demokratiyanı məhv edənlərin əsl simasını daha aydın göstərəcək”, - o vurğulayıb.

Demokratiya sammitinin dekabrın 9-10-da keçirilməsi planlaşdırılır. ABŞ sammitə 110 ölkəni dəvət edib. Eyni zamanda, rəsmi olaraq Çinin bir hissəsi hesab edilən Tayvan da dəvətlilər siyahısında var.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Çin   ABŞ  







Xəbər lenti