Saakaşvilinin “pencək işi” üzrə məhkəməsi başlayıb

   Saakaşvilinin “pencək işi” üzrə məhkəməsi başlayıb
  02 Dekabr 2021    Oxunub:637
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin “Pencək işi” üzrə məhkəməsi başlayıb.
AzVision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, eks-prezident məhkəmə zalına gətirilib.

Eyni vaxtda bir neçə yüz adam məhkəmə binası qarşısında toplaşaraq Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər. Polis hadisə yerində səfərbər olunub.

Saakaşvili prezidentliyi dövründə dəbdəbəli əşyalara 8,8 milyon lari dəyərində büdcə vəsaitini məqsədyönlü şəkildə xərcləməkdə ittiham olunur. Xərclər siyahısına Londondan 49,5 min lari dəyərində alınan gödəkçələr və kaşmir palto, eləcə də digər bahalı geyimlər, bahalı otel nömrələri, spa salonları üçün hesablar və s. daxildir.

Gürcüstanın üçüncü prezidenti bir qrup şəxslə qabaqcadan əlbir olaraq və öz qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə ittiham edilir. Günahı sübut olunarsa, Saakaşvilini 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

Lakin bu, Saakaşviliyə qarşı ilk ittiham deyil, o, artıq iki cinayət işi üzrə - 2007-ci il noyabrın 7-də keçirilən mitinqin dağıdılması və Gürcüstan parlamentinin keçmiş deputatı Valeri Gelaşvilinin döyülməsi ilə bağlı məhkəmə qarşısına çıxarılıb.

Saakaşvili bu il oktyabrın 1-də həbs edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mixeil-Saakaşvili   Məhkəmə  





Xəbər lenti