Gələn il üçün şok proqnozlar

// "Saxo Bank" sensasion ehtimallarını açıqladı

 Gələn il üçün şok proqnozlar
  03 Dekabr 2021    Oxunub:1799
Danimarkanın hər il sensasion proqnozlar açıqlayan məşhur “Saxo Bank”ı bu dəfə yeni soyuq müharibənin, ABŞ-da böhranın və insan ömrünün uzadılması sahəsində irəliləyişin olacağını bildirib. Bankın ekspertləri dünyada sistem böhranı yaradacaq gərginliyin artdığını iddia edirlər. Bu isə o deməkdir ki, inqilab nəinki qaçılmaz, hətta zəruridir. Sadəcə, sual onun harada və nə vaxt baş verəcəyindədir.
"İnqilab" dedikdə qurumun analitikləri bu və ya digər ölkədə hakimiyyətin devrilməsini yox, bütün dünyada dəyişiklikləri, əvvəlki paradiqmaların inkarını, düşüncədə və davranışda dəyişikliklərə səbəb olan məqamları nəzərdə tuturlar.

AzVision.az xəbər verir ki, “Saxo Bank”ın ekspertləri yeni soyuq müharibəni və ABŞ-la Çinin əsas rəqiblər rolunu oynayacağı hipersəs sürətli silahların istehsalı yarışını gələn ilin ən vacib şok yaradacaq hadisələri kimi qiymətləndirirlər. Bu silahlanma yarışına isə qabaqcıl texnologiyalara malik digər ölkələr – Rusiya, Hindistan, İsrail və Avropa İttifaqı da qoşulacaqlar.

Bundan başqa, “Saxo Bank”ın proqnozuna görə, ABŞ-da hətta “demokratiyanın dayandırılmasını” şərtləndirəcək konstitusiya böhranının, iqtisadiyyatda isə 15%-dən də çox inflyasiyanın qeydə alınması mümkündür. Ekspertlərin fikrincə, ABŞ-ın Federal ehtiyatlar sistemi (FES) 1960-cı ilin sonlarında etdiyi səhvi 2022-ci ildə də təkrarlaya bilər. O vaxt amerika maliyyə bazarının tənzimləyicisinin addımalrı 1975-ci ilin fevralına qədər ölkədə istehlak mallarına qiymətlərin yüksəliş indeksini təxminən 12%-ə çatdırdı.

Bununla belə, bankın analitikləri insanların ömrünün uzadılması və həyatının keyfiyyətinin yaksəldilməsi yönündə gələn il alimlərin böyük uğura imza atacaqlarını iddia edirlər. Eyni zamanda qadın-treyderlər “ordusu”nun gender bərabərliyini pozan şirkətlərə təzyiqinin artacağı proqnozlaşdırılır.

“Saxo Bank”da düşünürlər ki, hökumətlər neft və qazdan imtina etmək siyasətini 10-15 il təxirə salacaqlar. "Xam neftin və təbii qazın hasilatına qoyulan yeni investisiyalara ekoloji məhdudiyyətlərin müvəqqəti zəiflədilməsi müstəvisində siyasətçilər 2022-ci ildə gözlənilməz və ziddiyyətli addım atacaqlar",- proqnozda vurğulanır.

Qurumun digər şok doğuran proqnozları da çox maraqlıdır:
- Gənclərin “Facebook”dan və “Meta”nın digər layihələrindən axınının sürətlənəcək və 40 yaşdan cavan istifadəçilər yeni platformalara yönələcəklər;
- Müdafiə məsələlərini və digər sahələri maliyyələşdirmək üçün Avropa İttifaqı 3 trilyon dollar həcmində superfond yaradacaq;
- Hindistan səsvermə hüququ olmayan üzv kimi İran körfəzinin ərəb ölkələrinin əməkdaşlıq Şurasına daxil olacaq;
- Musiqiçilərin və rəqəmsal kontent istehlakçılarının yönümlərinin NFT platformalara (təkrarlanmayan və surətinin çıxarılması mümkün olmayan incəsənət əsərləri) dəyişməsi nəticəsində ənənəvi striminq (virtual aləmdə onlayn-yayım axını) servislərin gəlirləri düşəcək.

Amma şok-proqnozların müəllifləri qeyd edirlər ki, onların “peyğəmbəliyi” özlüyündə rəsmi bazar proqnozları deyil və ilk növbədə çox az ehtimal olunan hədisələrdir. Hərçənd, onları çox ucuz qiymətləndirmək də düzgün deyil. "Çünki ən dağıdıcı hadisələr həmişə ən az gözlənilən və ehtimal edilən hadisələr olurlar",- “Saxo Bank”ın ekspertlərinin icmalında bildirilr.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saxobank   şokproqnozlar  





Xəbər lenti