Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir

   Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir
  03 Dekabr 2021    Oxunub:849
"Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir. Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanmış və bu problemin birlikdə həll olunması ilə bağlı çağırışlar edilib".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, bütün bu kimi müraciətlərə və haqlı tələblərə rəğmən, hələ də Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir:

"Oxçuçayın çirklənməsinin qarşısının alınması məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq reabilitasiya proqramının hazırlanması məqsədilə tədqiqat qrupu yaradılır. Burada beynəlxalq elmi-tədqiqat təcrübəsinə böyük ehtiyacımız var".

Nazir qeyd edib ki, bu gün sudan səmərəli istifadə, itkilərin azaldılması, istifadə olunmuş sulardan təkrar istifadə son dərəcədə vacibdir: "Müasir dövrümüzdə su ehtiyatlarından daha qənaətlə istifadənin təmin edilməsində innovativ həll yolları, rəqəmsal texnologiyalar həlledici rol oynayacaq. Burada məhz belə yanaşmaların tətbiqi nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az



Teqlər: Oxçuçay  





Xəbər lenti