Bakıda İtaliya mətbəxi təqdim olunub - FOTO

Bakıda İtaliya mətbəxi təqdim olunub -  FOTO
  03 Dekabr 2021    Oxunub:1854
İtaliyanın Azərbaycandakı səfirliyi, İCE-İtaliya Ticarət Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə əməkdaşlığı ilə dünyada “VI Beynəlxalq İtaliya mətbəxi həftəsi” çərçivəsində Bakıda aşpazlar tərəfindən hazırlanan yeməklərin təqdimatı və dequstasiyası keçirilib.
AzVision.az xəbər verir ki, açılış mərasimində çıxış edən italiyalı aşpaz Heinz Beck ilk dəfədir Azərbaycana gəldiyini deyib.

“İtaliya mətbəxini Azərbaycanda təmsil etməkdən çox məmnunam. Təqdim etdiyim menyu özündə İtaliya dadı, ənənələri və müasirliyini cəmləşdirir. Dünən Azərbaycanın ilk kulinariya mərkəzi olan CASA mərkəzində masterklass keçirdim və bu mənim üçün çox xoş oldu. Bu gün də başqa bir yerdə masterklasda çıxış edəcəyəm”, - o bildirib.

Əlavə edib ki, İtaliya “Tiramisu”, “Pannakkota” və digər desertlərlə məşhurdur: "İtaliya mətbəxi ona görə dünyada sevilir ki, özündə müxtəlif dadları birləşdirir. Biz yeməyi böyük səbrlə hazırlayırıq. Hazırladığımız yeməklər sağlamlıq üçün faydalıdır. Aralıq dənizi mətbəxi insanları cavanlaşdırır və sağlam saxlayır”.

Aşpaz Beck söyləyib ki, kimsə ondan ən məşhur italyan yeməyini soruşsa, cavab verə bilməz. Çünki İtaliya mətbəxi çoxçeşidlidir, ölkənin Şimal və Cənub bölgələrində fərqli təamlar hazırlanır: “Yalnız bir məşhur İtalyan yeməyindən danışmaq olmaz. Çünki İtaliya ərazisi uzun olduğundan Şimal və Cənub bölgəsində fərqli yemək növləri hazırlanır. Məsələn, Şimalda və mərkəzdə daha çox ət məhsulları, Cənub regionunda, dənizə yaxın ərazilərdə isə dəniz məhsullarından geniş istifadə olunur. Buna görə də İtaliyan yeməklərinin müxtəlifliyi daha çox önə çıxır və yalnız hansısa bir məşhur yeməyi vurğulamaq olmaz”.

İtalyan mətbəxinin yalnız makaron və pizzadan ibarət olmadığını deyən aşpaz bildirib ki, ölkənin qədim ənənəsi var və zəngin qida məhsullarına malikdir və bunlardan da fərqli və gözəl təamlar hazırlamaq olar: “Siz sobada turşənglə dadlı balıq və ya gözəl quzu əti hazırlaya və ya çingiali edə bilərsiniz, bunlar həqiqətən çox gözəl yeməklərdir. Həm də ölkə tərəvəzlərlə zəngindir, müxtəlif meyvə növləri var ki, bu məhsullardan həm müasir, həm də ənənəvi yollarla yeməklər hazırlaya bilərik”.
İtaliya mətbəxində şorba növlərini xatırlayan Heinz Beck “minestra”, “bulyonda balıq”, “pasta outsilla”, “balıq bulyonunda bişmiş makaron”u misal çəkib.

İtaliyalı aşpaz deyib ki, özünün ən çox sevdiyi yemək Siciliya yeməkləridir. O, Siciliya üsulunda hazırlanmış kus-kus yeməyini çox sevdiyini etiraf edib.
Onun sözlərinə görə, əslində şirniyyatlar əladır, dadlıdır, ancaq orqanizm və həzm prosesi üçün çox da münasib deyil.

Təqdimat zamanı çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bildirib ki, mətbəx italiyalılar üçün yalnız qida və içkidən ibarət deyil. “Bizim üçün mətbəx mədəniyyətdir, keyfiyyətdir və geniş məfhumda başa düşülür. Heinz Beck gələcək nəsillərə ötürüləcək və idealları olan texnikalardan istifadə edir. Gördüyünüz kimi, bu mətbəx bir qədər yeni və xüsusidir, lakin kökü keçmişə gedir. Ümid edirəm ki, Bakıda növbəti tədbirimiz olacaq və sizlər bizim yüksək səviyyəli mətbəximizi daha yaxından görəcəksiniz. Qeyd etdiyim kimi, mətbəx yalnız hazırlanan yeməklərdən ibarət deyil, mətbəx həyat tərzidir. Hazırda gördüyünüz şirniyyat fərqli üsulla hazırlanıb və əvvəl gördüklərinizdən daha fərqlidir. Amma şirniyyatın üzərini bəzəmək üçün istifadə ediləcək nar Azərbaycan məhsuludur. Ümidvaram ki, bu gündən zövq alır və təşəbbüsümüzü yüksək qiymətləndirirsiniz”, - səfir Taffuri deyib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, aşpaz Mirmövsüm Dadaşov bildirib ki, tədbir çərçivəsində aşpazlar üçün ustad dərsləri təşkil olunub. Təlim zamanı “Qarabağ plovu”, “Heyva dolması” və “Badımcan döymə salatı” hazırlayıb. Azərbaycan mətbəxi 381 çeşid dolmaları ilə bütün dünyada məşhurdur. Qeyd edib ki, bu yaxınlarda “İrəvan xanlığının bölgə mətbəxi” kitabı işıq üzü görüb. Mənfur işğalçı qonşularımız tarix boyu Azərbaycan mətbəxini və yeməklərini də özününküləşdirərək “erməni yeməkləri” kimi təqdim edir. Azərbaycan Milli Kulinariya Mərkəzinin erməni saxtakarlıqlarının ifşa edilməsi, habelə milli mətbəximizin dünyada tanıdılması istiqamətində atdığı addımlar olduqca təqdirəlayiqdir.

Daha sonra mətbəxdə şirniyyat və bir sıra maraqlı yeməklərin hazırlanması prosesi başlayıb. İtalyan mətbəxi ilə yanaşı Azərbaycan plovu da təqdim olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İtaliya   Mətbəx  





Xəbər lenti