AQTA virusla bağlı sahibkarlara müraciət edib

AQTA virusla bağlı sahibkarlara müraciət edib
  04 Dekabr 2021    Oxunub:502
Son dövrlərdə Avropa və Aralıq dənizi regionu ölkələrində tərəvəz bitkiləri üçün təhlükəli pomidor meyvələrinin qonur qırışıqlıq virusu və pepino mozaika virusunun yayılması nəzərə alınaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.
AQTA-dan AzVision.az -a verilən məlumata görə, bu istiqamətdə tərəvəz toxumu idxal edilən ölkələrə bu virus xəstəliklərinə görə laborator müayinələrin aparılması tələbi qoyulub, idxal olunan toxum materiallarına nəzarət gücləndirilib.

Eyni zamanda şitilçilik təsərrüfatlarında və əkin aparılan bütün istixanalarda istifadə edilən əkin materialları virusoloji müayinələrə cəlb edilib. Bütövlükdə payız mövsümü ərzində 129 pomidor istehsalı müəssisəsində 651 monitorinq həyata keçirilib və bu dövrdə hər hansı virusa yoluxma halı aşkar edilməyib. Ancaq noyabr ayının ortalarından etibarən bəzi təsərrüfatlarda virusla sirayətlənmə halları aşkarlanıb.

Belə ki, 2021-ci ilin 16 noyabr tarixində bir təsərrüfatdan ixracı nəzərdə tutulan pomidor məhsulunun laborator müayinəsi zamanı pepino mozaika virusu aşkar edilib, həmin təsərrüfatdan 23 noyabr tarixində götürülmüş nümunədə də virusun mövcudluğu öz təsdiqini tapıb. Bununla yanaşı, 29-30 noyabr tarixlərində keçirilmiş monitorinqlər zamanı götürülmüş nümunələrin müayinəsi nəticəsində daha iki təsərrüfatda pomidorun bürünclük virusu, üç təsərrüfatlarda isə pepino mozaika virusu aşkar edilib.

Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəəlik keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir, pomidor istehsalında 40-80%-ə qədər məhsul və keyfiyyət itkisinə səbəb olur. Eyni zamanda məhsul ixracını mümkünsüz edir.

Sözügedən virus xəstəliklərinin əsas yayılma yollarından biri onların mexaniki yolla (fiziki təmas) və trips kimi bəzi sorucu ağız aparatına malik həşəratlar vasitəsilə bir bitkidən digərinə ötürülməsidir. Bu amil nəzərə alınaraq, son günlərdə müşahidə edilən sirayətlənmə sayındakı artım bütün təsərrüfatların virus xəstəliklərinin bioloji xüsusiyyətləri və onlara qarşı görülməli olan tədbirlər barədə dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, hələ də sanitar-gigiyena və təhlükəsizlik tədbirlərinə tam əməl etməmələrini göstərir.

AQTA təsərrüfat sahiblərinə müraciət edərək virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması üçün istehsal sahələrində sanitar-gigiyena və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Mövcud tələblərə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlər görüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti