Ərdoğan niyə prezident olmaq istəyir?

Ərdoğan niyə prezident olmaq istəyir?
  01 Aprel 2014    Oxunub:1466
Türkiyədə martın 30-də baş tutan bələdiyyə seçkiləri təkcə ölkə gündəmində yox, dünya mətbuatının diqqət mərkəzində idi. Avropa ölkələri və Amerikanın bir çox aparıcı mətbuat orqanları Türkiyədəki seçkiləri tirajlayaraq Ərdoğanın qələbəsini demək olar ki, eyni cür şərh etdilər.

Dünya mediasının da yazdığı kimi seçkidən əvvəl baş verənlərə görə Ərdoğanın daha az səs yığacağı gözlənilsə də tam əksi oldu. Bu da Ərdoğanın avqustda baş tutacaq prezident seçkilərində namizəd olacağı barədə proqnozlar verməyə əsas verdi. Siyasi təhlilçilər AKP-nin bu qələbəsinin Ərdoğana prezidentliyə gedən yolda “yaşıl işıq” yandırdığını düşünürlər.

Türkiyədə baş verən prosesləri AzVision.az-a şərh edən politoloq Elman Nəsirov hesab edir ki, Qərb mətbuatının belə informasiya yayması təsadüfi deyil. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan özü də bu seçkilərə partiyasının qəbələsi kimi deyil, həm də özü ilə bağlı referendum kimi qiymət verir.

“Məlum hadisələr, yəni 17 dekabr qaçaqmalçılıq və rüşvət qalmaqalı, kaset ifşası və digər hadisələr fonunda Ərdoğanın qalib gəlməsi məsələsinə müşkül baxanlar da var idi. O da qeyd etmişdi ki, partiyası bu seçkidə məğlub olarsa, siyasətdən gedəcək. Ərdoğan qalib gəlib və bu gün Türkiyə mətbuatında da, eyni zamanda AKP-dən olan simaların dilindən də eşitmişik ki, Ərdoğan avqust ayında prezident seçkilərində iştirak edəcək. Türkiyədə bələdiyyə seçkilərində qalib gələn siyasi qüvvənin prezident və parlament seçkilərində qalib gəlməyi labüd görünür. Hesab edirəm ki, bu reallığı nəzərdən qaçırmaq olmaz. Bu məntiqlə Ərdoğanın bir neçə ay sonra prezidentliyə namizdəliyini verib zəfər qazanmağı təsadüfi görünməyə bilər”.

Türkiyə parlamentli respublika olduğundan baş nazirin səlahiyyətləri prezidentlə müqayisədə daha çoxdur. Ərdoğanın preizdentliyə niyə can atmasını politoloq belə şərh edib: “Türkiyədə siyasi islahatlar fonunda ilk dəfə prezident seçkiləri ümumxalq seçkiləri olacaq. Yəni onu parlament deyil, xalq seçəcək. Bu da prezidentli respublikanın əlamətləridir. Bu dəfəki prezident seçkilərində prezidentin geniş səlahiyyətlərinin olacağı bəlli məsələdir. Ona görə də Ərdoğanın prezident seçkilərinə getməyi məntiqi addımdır”.

Məlumat üçün bildirək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 30-da baş tutdu və hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilkin məlumatlara görə 45% səs yığaraq qalib oldu. Bu, partiyanın 2009-cu ildə göstyərdiyi nəticələri də üstələdi. Həmin il AKP 38% səs yığmışdı.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti