“Ərdoğana sui-qəsd həm də Azərbaycana qarşı yönəlib" - Ünal Atabay

 “Ərdoğana sui-qəsd həm də Azərbaycana qarşı yönəlib" -  Ünal Atabay
  07 Dekabr 2021    Oxunub:2743
Prezident Ərdoğanın Siirtdə keçirdiyi toplantının təhlükəsizliyini təmin etmək üçün cəlb edilmiş polis maşınının altında bomba aşkarlanması xeyli suallar doğurdu. Ehtimal olunur ki, bombanı PKK terror təşkilatı yerləşdirib.
Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahının sabiq idarə rəisi, polkovnik Ünal Atabay AzVision.az-a deyib ki, son vaxtlar PKK həm ölkədə, həm də İraqın şimalında sıxışdırılıb. Xüsusilə lider səviyyəsində olan terrorçular bir-bir zərərsizləşdirilir və ya ələ keçirilir. Bu səbəbdən terror təşkilatı daxilində böyük çaxnaşma yaşanır. Terror təşkilatı bu vəziyyətdən xilas olmaq, üzvlərini ruhlandırmaq və güclü olduqlarını göstərmək üçün belə bir sui-qəsd planlaşdırıb.

- Prezident Ərdoğanın görüş və mitinqləri çox yaxşı qorunduğu üçün onların belə bir yerdə hərəkətə keçmək istəkləri tərəfdarlarına, eləcə də dünyaya hələ də güclü olduqları haqda mesaj verəcəkdi,- polkovnik deyir,- Onların yaxın günlərdə bu kimi əməllərə yenidən əl atacaqları da hesab edilir. Bu sui-qəsdin tək hədəfi Türkiyə deyil, o cümlədən, qardaş ölkələr, xüsusilə də Azərbaycandır. Çünki bu cür hücumlarla xaos, qeyri-sabitlik, cəmiyyətdə qorxu və panika yaradaraq, Türkiyəni özünə qapatmaq istəyirlər. Qısaca desək, bu, qlobal güclərin planıdır.

Ünal Atabayın sözlərinə görə, Türkiyədə yaranacaq böhran Azərbaycana da, bütövlükdə türk dünyasına da təsir edər: "Sirr deyil ki PKK kimlərinsə əlində maşa funksiyasını yerinə yetirir. Bu sui-qəsdin ən gözəl cavabı isə antiterror əməliyyatları ilə verilir, veriləcək. Ölkə daxilində terrorçuların sayı 200 nəfərdən azdır. Onlar xaricdə, əsasən İraqın şimalındadırlar. Orada da çoxu zərərsizləşdirilib. Bu sui-qəsdi planlayanlar isə ehtimal edirəm ki, yaxın zamanlarda ortaya çıxacaq və ya yaxalanacaqlar. Türkiyə hər şeyi yaxşı görür, araşdırır. Suriyanın şimalındakı təşkilat da PKK-nin bir qoludur. Orada da o qlobal güclərin hər gün cavabını veririk. Təzəlikcə Tunceli bölgəsində 7 terrorçu mağarada zərədsizləşdirilib. Hər gün daha da zəifləyirlər".

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Sui-qəsd  





Xəbər lenti