Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb
  07 Dekabr 2021    Oxunub:636
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.
AzVision.az - a ölkəmizin İrandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın İran üçün yaxın dost və qonşu ölkə olduğunu bildirən Əli Əkbər Mehrabian, iki ölkə arasında sıx tarixi bağların və dəyərlərin olduğunu diqqətə çatdırıb.

Nazir, Azərbaycanla energetika sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını və bu müstəvidə icra olunan layihələrin tezliklə başa çatdırılması, yeni müştərək layihələrin nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb. Rəhbərlik etdiyi nazirliyin Azərbaycanın aidiyyəti qurumarı ilə əməkdaşlığının daha da möhkəmlənməsində səylərin artırılmasının önəmini qeyd edən Əli Əkbər Mehrabian iki ölkə arasındakı münasibətlərin inkişafı naminə səmərəli xidməti fəaliyyətində səfir Əli Əlizadəyə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının İranla çoxşaxəli əlaqələrinin inkişafında energetika sahəsinin də aparıcı rolunun olduğunu qeyd edən səfir icra olunan layihələrin bunu bir daha təsdiq etdiyini bildirib. İranla sərhəddə 132 km Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasının yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını vurğulayan səfir Əli Əlizadə, həyata keçirilən önəmli layihələridən biri olan Xudafərin/Qız qalası layihələrinin bunun təzahürü olduğunu vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında həyata keçirilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər, eləcə də elektrik enerjisi dəhlizi layihəsi və digər müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, fəaliyyət göstərən Birgə Texniki Komissiyanın iclaslarının keçirilməsinin davam etdirilməsi, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   İran  





Xəbər lenti